Ötən həftə mətbuatda ən çox tənqid olunan İCRA BAŞÇISI – MAHİR QULİYEV

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

25 sentyabr - 01 oktyabr tarixində icra başçıları içərisində mətbuatda ən çox adı hallanan “İcra başçısının fəhlə kimi işlətdiyi tibb işçiləri” adlı məqalənin yayılması ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev olmuşdur. 9 saytda yayılan məqalədə qeyd olunur ki, 19 sentyabrda Biləsuvar rayon Nəsimi kənd ərazisində pambıq sahəsində işləməyə göndərilmiş tibb işçilərinin avtobusunun kanala düşməsi nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri alıb. Bu isə, təbii olaraq mətbuatın diqqətini çəkib.
 
2-ci haqqında ən çox məlumat yayılan “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova qarşı şok ittihamlar irəli sürməsi barədə gedən yazıların 8 elektron KİV-də işıqlandırılması ilə Zakir Fərəcov olmuşdur.
 
Mətbuatda 3-cü ən çox adı çəkilən isə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev olmuşdur. Onun barəsində dövlət büdcəsinin talanması və piyadalar üçün səki salmaq məqsədilə ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi haqqında məlumat 6 elektron KİV-də işıqlandırılmışdır. 

Muxalifet.az