Osman Gündüz naziri müavinini yalan danışmaqda İTTİHAM ETDİ

Baxış sayı:
5821

“Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır”

 “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (NRYTN) nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə fikirləri əsassız hesab edib və bununla bağlı mətbuata açıqlama verib. Adambaşına düşən orta internet sürətini açıqlayan beynəlxalq quruma müraciət edənlərin də ancaq aşağı sürətli internet istifadəçiləri olduğunu bildirib. Bu cür absurd və əsassız , məntiqsiz bir açıqlama gözləmirdim”. Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “ feysbuk” səhifəsində qeyd edib.

“Ən azı dövlət qulluqçusunun etik kodeksinin də tələblərini pozur”

 “Fikriləşirdim ki, yəqin bu cür biabırçı göstəriciləri infrastruktur və ya maliyyə problemləri ilə izah edəcəklər. Tam səmimi deyirəm dövlət məmuru bilərəkdən , qəsdən, güman ki “yuxarıları” aldatmaq üçün yalan danışır. Düşünürəm ki, bununla da ən azı dövlət qulluqçusunun etik kodeksinin də tələblərini pozur. Ümid edirəm bu sahə ilə əlaqəli qurumlar yalan məlumatlar verdiyinə görə məmur haqqında ölçü götürəcəklər”,-deyə O. Gündüz əlavə edib.

“Böyük əksəriyyət istifadəçilər keyfiyyətsiz və aşağı sürətli internetdən istifadə edirlər”

O. Gündüzün sözlərinə görə, görünən dağa bələdçi lazım deyil: “Heç Cable qurumu bunu ölçüb açıqlamasa da, bütün internet istifadəçiləri, biz və elə NRYTN özü də real sürətin neçə olduğunu dəqiq bilir. Bəzi özəl provayderlərin təklif etdiyi azsaylı fiberoptik istifadəçiləri çıxmaq şərtilə, böyük əksəriyyət istifadəçilər keyfiyyətsiz və aşağı sürətli internetdən istifadə edirlər. Ən azı ölkədə cəmi iki magistral provayder var, onların da ölkəyə gətirdikləri internet trafiklə bağlı hər şey aşkardır. Mobil operatorların da istifadəçilərə satmaq üçün istifadə etdikləri dəqiq bilinir. Odur ki, bu məlumatları götürüb, internet istifadəçilərin sayını nəzərə alıb, ortalama sürəti dəqiq olaraq əldə etmək çətinlik yaratmır”.

“Orta sürətlə bağlı olduqca gülünc bir rəqəm alınacaq”

O. Gündüz vurğulayıb ki, əgər nazirlik internet bazarının 65% -nə nəzarət edən, özünün iki dövlət provayderinin hər iki magistral provayderdən aldığı internetin sürətini və müştərilərinin sayını açıqlasa, orta sürətlə bağlı olduqca gülünc bir rəqəm alınacaq: “Digər tərəfdən uzağa getmək lazım deyil, elə NRYTN-nə tabe olan dövlət opetarorlarının rəsmi saytlarına baxanda görmək olar ki, hansı sürətlər təklif olunur. Həmin sürətlər artıq qonşu ölkələrin əksəriyyətində ümumiyyətlə yoxdur.

Təkar edirəm, hörmətli nazir müavini, sizin kütləvi olaraq təklif etdiyiniz 1 Mb/s, 2 Mb/s, 3 Mb/s sürətlər artıq 5-6 ildir ki bizə qonşu olan ölkələrdə yoxdur. Və sizin bu sürətlər üçün müəyyən etdiyiniz tariflərlə qonşu ölkələrdə 10 dəfə artıq sürət əldə etmək mümkündür. Regionlarımızda istifadəçilərin böyük əksəriyyəti də məhz bu sürətlərdən istifadə edir. Onu siz “çəkidə aldatmaqla ” verirsiniz. Cable-də bunları çox gözəl bilir”.

“Rəhbərliyə xoş gəlmək üçün verilən açıqlamalar real vəziyyəti əks etdirmir”

O. Gündüz qeyd edib ki, regionlarda ümumiyyətlə internet yoxdur demək daha doğru olar: “Sizin ADSL texnologiya ilə verdiyiniz sürətlər ibtidai səviyyədədir, bu texnologiyanın özü də da artıq qonşularımızda arxivə verilib. Özəl provayderlər də artıq məlum olduğu kimi NRYTN-nin AzTelekom qurumu tərəfindən regionlardan tam sıxışdırılıb çıxarılıb. Hörmətli nazir müavininə təklif etmək istərdim ki, ciddi, ağlabatan bir açıqlama üçün, birgə komissiya yaradaq və müxtəlif texnologiyalar ilə müxtəlif ərazilərdə internet sürətini ölçüb, cəmiyyətə açıqlama verək. Yoxsa havadan, rəhbərliyə xoş gəlmək üçün verilən açıqlamalar düşünürəm ki , real vəziyyəti əks etdirmir. Bir daha çox təəssüf edirəm ki yüksək vəzifə tutan məmurlar cəmiyyəti çaşdırmağa yönəlik açıqlamalar verirlər”.