​Orxan Nadirov: “Hansısa polis idarəsinə gedib, sadəcə, salam verəndə…”

Baxış sayı:
5815

“Mənim polis, prokurorluq orqanlarında çox dostum, tanışım var”

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun 3 gün öncə həbs edilməsi və bu gün azadlığa buraxılması çoxları üçün müəmma, sual olaraq qalmaqdadır. Yayılan məlumatlara görə, O.Nadirov 2015-ci ildə Əliyev Səbuhi Bayram oğlunu azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 95 min manat pul alıb.
Amma S.Əliyevin yaxınları həmin ilin dekabrın 28-də verilmiş əfv fərmanında onun adına rast gəlmədiyindən  O.Nadirovdan pullarını geri qaytarmasını tələb ediblər. Pullarının geri qaytarılmayacağını anladıqda isə hüquq mühafizə orqanlarına üz tutublar. Bundan sonra  fakt üzrə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb. İş üzrə Orxan Nadirov dindirilib.
Musavat.com-a daxil olan məlumata görə, o, qarşı tərəfə müəyyən qisim pul ödədikdən sonra azadlığa buraxılıb. Lakin DİN-dən axar.az-a verilən məlumata görə, O.Nadirov sərbəst buraxılsa da, onunla bağlı istintaq tədbirləri davam edir.
Orxan Nadirov həbs edilməsi və azadlığa buraxılması haqda musavat.com-a danışıb. Hüquq müdafiəçiləri şahid kimi dindirilmək üçün məcburi qaydada gətirilən şəxsin heç vaxt 48 saat müddətində saxlanılmadığını bildirsələr də, O.Nadirov israrla məsuliyyətsizliyi ucbatından həbs olunduğunu deyib: “Əgər günahım olsaydı, məni sərbəst buraxmazdılar. Hər halda ölkədə qanun-qayda var. Bir istintaqla bağlı üzləşdirilmə prosesi keçirilməli idi. Yəni şahid qismində dindirilməli idim. Lakin işə məsuliyyətsiz yanaşaraq, başısoyuqluq edib getmədim, müstəntiqin çağırışlarından yayındım. Məsuliyyətsizliyimə görə 48 saat azadlığım məhdudlaşdırıldı. Lakin şahid qismində dindirildikdən sonra sərbəst buraxıldım. 
Hamı qanun qarşısında cavab verməlidir. Təbii ki, əgər nə vaxtsa, mənim təqsirim olacaqsa, qanun qarşısında cavab verəcəm. Yəni törətdiyim hansısa cinayət əməlim sübut yetiriləcəksə, bəli, mən qanun qarşısında cavab verəcəm. Bu gün bir çoxları haqqımda danışır, yazıb-pozur. Amma onlar bir şeyi unutmasınlar ki, bu gün bizim qapıda varsa, sabah onların da qapısında ola bilər. Yəni heç kəs heç nəyə sevinməsin”.
Xatırladaq ki, ötən ay mətbuatda azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın yaxtadakı ölüm işi ilə bağlı Orxan Nadirovun da adı hallanmışdı. Bildirilirdi ki, model qız suya düşərkən yaxtadakı şəxslərin arasında O.Nadirov da olub.
Orxan Nadirov bu ittihamlara da cavab verib: “Nədənsə son vaxtlar mənim haqqımda ağlasığmaz şayiələr uydururlar. Nə mən o yaxtada olmuşam, ondan xəbərim var, nə də ki, kiçik də olsa, o məsələyə aidiyyatım yoxdur. Bu məsələ elə bir şeydir ki, bu ittihamı deyən adam bilməlidir ki, ölkədə qanun-qayda var. Əgər qanun olmasaydı, istintaqdan yayındığım üçün 2 günlük azadlığımı məhdudlaşdırmazdılar. Xırda bir məsuliyyətsizliyə görə 2 günlük saxlayırlarsa, bu məsələ üçün ən azı 2 ay saxlanılmalı idim. 
Həmin hadisə iyun ayında baş verib. Mən bu haqda  mətbuatdan oxumuşam. Mən avqust ayına qədər Mərdəkan ərazisində olmamışam. Bu il ilk dəfə olaraq çimərliyə avqustun sonlarında, yəni yay mövsümü çıxana yaxın getmişəm. Əgər mən də o yaxtada olsaydım, ən azı heç olmasa bir dəfə məni istintaqa çağırardılar. Mən də ki, Allaha şükür, hansı polis qapısından içəri girib, sadəcə, salam verəndə, məlumat bütün internet saytlarına gedir. Mənim polis, prokurorluq orqanların işləyən çox dostum tanışım var. Bu, hamıda belədir də…” /Musavat.com/