ORTA DOĞUDA "HƏRBİ DEMOKRATİYA" OYUNU - Suriyada "Azad Kürdüstan" hərəkatının başında Ermənistan vətəndaşı Vladimir Simonyan durur

Baxış sayı:
8581

2017-ci ildə İraqın quzeyində süni şəkildə yaradılmaqda olan "İraq Kürdüstanı" adına hətta referandum keçirildi. Olayın ardından dərhal mərkəzi İraq hökuməti etiraqzlarını bildirərək bu prosesin qarşısını ala bildi. Beləliklə də 1950-ci illərdən başlayaraq, Quzey İraq Kürdüstanı ideyasını idarə edən Molla Mustafa Bərzani və sonradan bu prosesə rəhbərlik edən "bərzanilər ailəsi" də iflasa uğradılar. Ancaq, bununla yanaşı İraq, Suriya, İran və Türkiyəyə qarşı kürdlərdən ibarət yeni düsturlar ortaya atılıb: "Demokratiya pərdəsi"nə bürünərək strateji hədəflərə nail olmaq. Bu yöndə hələ ki, kürdlərə dəstək verən İran molla rejimi və Suriya diktatoru Bəşər Əsəddir. "Hərbi demokratiya" pərdəsi ilə bu prosesdə indiki məqamda görünən bu faktdır.

Suriya və İranın ortaq hədəfləri

İran molla rejiminin Bəşər Əsəd rejimini müdafiə etməsinin əsas səbəbi, bu diktatorun inanc baxımından "cəfəri" ailəsinə mənsub olmasıdır. Ötən yüzilin 60-cı illərində qızıl Moskvanın dəstəyi ilə hakimiyyətə gətirilən diktator Hafiz Əsəd öz mənafeyini gizli saxlamaq üçün BƏƏS, yəni Ərəöb Milliyyətçi Sosialist Partiyası adı altında yöntəmlər verirdi. Sonradan onun oğlu Bəşər Əsəd bu estafeti davam etdirməkdə israrlı olduğunu bildirdi. Hal-hazırda 18 milyonluq Suriya əhalisinin 15 faizi "cəfəri", 70 faizi sünnü, 10 faizi xristian və 5 faizi isə yezidi dininin məzhəblərinə xidmət edirlər. Xristian əhalisinin əksəriyyəti ermənilər olduğu üçün onlar diktator Bəşər Əsədin yanında yer alıblar. Bununla yanaşı, başda Hələb şəhəri olmaqla burada məskunlaşan və İrana bağlı 120 min nəfərlik "Hezbollah Ordsu" ilə birlikdə ermənilərin 15 min nəfərlik silahlı birlikləri də Tehran rejiminə dəstək verirlər. İranın son bir ildə PKK terror təşkilatını himayəyə alması da Orta Doğudakı proseslərin şəklini dəyişmişdir. Belə ki, öncələr Orta Doğuda terrora ən çox dəstək verən "Əl Qaidə", "İxvan ül əl Müslimin", "Taliban" və digər təşkilatlar öndə gedirdilərsə, bu gün onları "İran terrorizmi" ideyası əvəz edib. "Suriyanın ərazi bütövlüyü" bəhanəsi ilə Tehran rejimi Əfqanıstan, Pakistan, İraq, Yəmən, Oman, Livan, Fələstin, Bəhreyn, Küveyt, Sudan və digər ölkələrdə bəslədiyi şəbəkələri də prosesə cəlb edibdir. Ona görə də, İran ordusunun generalları təşəxxüslə elan edirlər ki: "Bu gün Suriyada 120 minlik ordumuz var". Bundan əlavə, kürdlərə məxsus PKK, YPG, KDP və digər silahlı birəşmələrin ümumi sayı 70 min nəfərə yaxınlaşır. Toplam 250 minə yaxın silahlı birliklər Suriyada İran molla rejiminin mənafeyi uğrunda döyüşürlər. Belə bir hərbi gücün potensialını nəzərə alaraq, İran molla rejimi sadəcə Orta Doğunu deyil, həm də bütün bəşəriyyəti təhdid edir. Təbii olaraq, durumun belə bir həddə çatmasından ən çox yarar görən digər diktator Bəşər Əsəddir. "Suriya böhranı" bataqlığının sirri də bundadır.

Ordu dövləti ideyası kimlərə sərf edir

Orta Doğuda mövcud problemləri həll etməyin tək yolunu silahlı mübarizədə görən Livan, Fələstin, İraq, Suriya və İran rejimləri məhz bu düsturla hərəkət edirlər. Ona görə də onilliklər boyu davam edən bu "idarəolunan proses" tükənmək bilmir. Kürdlərə bu gün istinad etmək Tehran rejiminin strateji hədəfində yer aldığı üçün, terrorizmə dəstək verən əksər silahlı qruplaşamlar Orta Doğu prosesində yaxından iştirak edirlər. Onları daha çox ilgiləndirən "əşirət demokratiyası"nın məhəlli üstünlüyüdür. Ticarətlə bağlı keçid yolları həm də onların yaşam mənbəyidir. Belə bir taktikadan vaxtilə farslara aid "ismaili hərəkatı", Həsən Sabbahın liderliyində "Ələmut Şeyxləri" hərəkatı yararlanmışdı. Keçidlər nə qədər çox təlütümlərlə zənginləşirsə, ən çox bundan faydalanan tərəf də elə farslar idilər. Bu ənənəni kürdlərə məxsus bölgələrə tətbiq etməklə, Tehyran molla rejimi faktiki olaraq həm də "vaxt" qazanır. Çünki, başda ABŞ olmaqla, bütün Batı gücləri elə buna görə İran molla rejiminə qarşı embarqo tətbiq ediblər. Kürdlər "İraq Kürdüstanı", "Suriya Kürdüstanı" və "Türkiyə Kürdüstanı" ideyasının çətiri altında bir araya gələrək bu prosesdə yaxından iştirak edirlər. "İran Kürdüstanı" ideyası isə bir qədər kölgədə saxlanılıbdır. Bunun da başlıca səbəbi, Tehran rejimi tərəfindən onlara məxsus bölgədə istənilən bir sıra hüquqların verilməsidir. Faktiki olaraq, bu gün kürdlərə məxsus Orta Doğu bölgələrindəki məkanlarda silahlı qruplaşmaların olmadığı bölgə yoxdur. Hər bir bölgə məhz "hərbi demokratiya" çətiri adı altında idarə olunur.

Suriya üzərindən təhdid taktikası

Tehran molla rejimi Azərbaycan Respublikasına və Türkiyəyə qarşı kürdlər üzərindən bir sıra təhdidləri gündəmə gətirmək üçün yeni taktiki gedişlər aparmaqdadır. Belə ki, Dağlıq Qarabağ və işğal altında olan ətraf bölgələrin azad edilməsi uğrunda neçə illərdir Azərbaycan tərəfinin apardığı təşəbbüslərin səmərəsiz olmasının səbəblərindən biri də vaxtilə İrəvanda hakimiyyətdə olan hərbi xuntanın vasitəsilə bunu iradəyə çevirmişdi. Bu gün İrəvanda mülki hakimiyyətin yaranması və proseslərin sükunət xəttindən ayrılması ərəfəsində Tehran rejimi çəkinmədən klassik təhdid taktikasına üz tutub. Bu, Suriyada mövcud olan və İran ordusu tərəfindən bəslənilən "erməni silahlı könüllü dəstələri"dir. Təbii olaraq muzdlu qoşun timsalında bəslənilən kürd silahlı qruplaşmalarını da prosesə cəlb etməyə çalışılacaqdır. Ona görə də, Tehran rejimi çəkinmədən Dağlıq Qarabağda və Azərbaycan Respublikasının işğal altında olan bölgələrində bir sıra layihələrin həyata keçməsində Xankəndindəki hərbi xunta ilə birlikdə çalışır. Buna əyani misal kimi Araz çayının sahilində, Xudafərin Köprüsü üzərində tikilən su elektrik stansiyasının tikilməsi, su anbarının fəaliyyət göstərməsi, elektrik enerjisi və yanacaq qaz kəmərinin olması, ermənilər üçün qədim "Qafqaz Albaniyası" abidələrinin kilsə kimi təmir olunması və digər çoxsaylı faktlar mövcuddur. Digər yandan isə, Tehrandakı əksər universitetlərdə aparılan araşdırmalar nəticəsində 1930-cu illərdə türk düşmənçiliyi siyasətini rəsmi şəkildə aparan diktator İosif Stalininin "Dağlıq Qarabağ"la yanaşı, "Qırmızı Kürdüstan" elan etməklə Azərbaycanın param-parça olması ideyasının gündəmə gətirilməsidir. İran molla rejimi heç bir xəsislik etmədən "Qırmızı Kürdüstan" adı altında kitablar, broşürlər dərc edərək İraq, Suriya, Türkiyə və İran kürdləri arasında yaymaqda davam edir. İran molla rejimi onu da etiraf edir ki: "Qrabağ probleminin həlli teokratik rejimin sonudur". Daim əndişə içində olan Tehran rejimi Azərbaycan Respublikasının daxilində də bir sıra fitnə-fəsadlar törətməyə çalışır. Bu sırada "Qarabağ İslami Hərəkatı" və digər qurumları örnək kimi göstərmək olar. Hal-hazırda Suriyadakı erməni və kürd silahlı qruplaşmaları belə bir fikrə gəliblər ki, Dəməşqdəki rejim devrilərsə İraq, Misir, Əlcəzair və Tunisdə olduğu kimi mülki cəmiyyət siyasəti qələbə çalarsa, o zaman bunlara heç yerdə ehtiyac duyulmayacaq. Tehran rejiminuin bu terror qruplaşmalarını Dağlıq Qarabağa yönəltmək üçün təşviq edəcəyi başlıca variantlardan biri kimi görülür.

2.5 milyonluq toplumun bəlirsiz taleyi

Suriyada kürdlərə qarşı tarixin ən amansız siyasətini diktator Hafiz Əsəd rejimi tətbiq etmişdi. Kürdlər ali təhsil ala bilməzdilər. Dövlət vəzifəsinə və parlament seçkilərinə qatıla bilməzdilər. Kürd dilində kitab dərc etmək isə tamamilə yasaq idi. Suriyadakı 2.5 milyonluq əhaliyə malik olan kürdlər bu gün fərqli qruplaşmalar altında silahlanıblar. Onların çoxu Bəşər Əsəd rejimini qəbul etmirlər. Amma, kürd xalqının adından silahlı mübarizə aparan təşkilatlar da İranın təsiri altındadırlar. Beləliklə də dolayı yolla kürdlər Bəşər Əsəd rejiminin yanında yer alıblar. Bunun əsas səbəbi isə, kürdlərin, ərəblərin və İranın antitürk mövqedə olmalarıdır. Avropa Birliyi və digər beynəlxaql qurumların Orta Doğu və xüsuslə də Suriya böhranının həlli yönündə irəli sürdükləri təşəbbüslər hələ ki, səmərəli nəticəni vermir. Suriyanın ərəblər, kürdlər və türkmənlər yaşayan bölgələrdə yerli idarəetmə demokratiyası əsasında ölkənin bütünlüyünün qorunması siyasəti demək olar ki, Tehran molla rejimi tərəfindən iflasa uğradılması kimi strateji hədəflər ucbatından hələ ki, istənilən nəticəni vermir. Üç milyonluq türkmən əhalisi isə son illərdə Türkiyədəki əşirətçi-dinçi hakim siyasətin ucbatından pərakəndəlik durumundadırlar.
Bölgədəki türkmən, ərəb, kürd, erməni və digər toplumlar çoxmillətli konqlomerat şərtlər daxilində nestorian, yezidi, xristian və islam inanclarına görə də problemlər yaşamaq zorunda qalıblar. Faktiki olaraq, kürd əhalisi xristian, islam, yezidi və digər dinlərə etiqad etdikləri üçün vahid etnos statusu ilə çıxış edə bilmirlər. Hətta vahid kürd ideyasını irəli sürən "Hoybun" (Kimlik) hərəkatı 1930-cu ildən indiyə kimi uğur qazana bilməyib. Orta Doğuda "Cəzirə" siyasətini uzun illər yürüdən Fransanın təşəbbüsləri də baş tutmayıb. 1948-1960-cı illərdə Türkiyənin Suriya üzərindəki təsirini aradan qaldırmaq üçün atılan bir sıra addımlar da kürdləri vahid etnos kimi birləşdirə bilımədi. 2011-ci ildən indiyə kimi Suriyada yaşanılan vətəndaş savaşı ucbatından "kürd problemi" artıq arxa plandadır.

Tehrandan Suriyaya uzanan əllər

İran molla rejiminin analitiklərinin də etiraf etdiyi kimi, Suriya böhranının həlli həm də onların 40 illik hakimiyyətinin sonu deməkdir. Buna görə də Tehran rejimi mümkün olan qədər bu prosesin bataqlıqda ilişib qalması üçün çalışır. "İŞID" adlı terror örgütünün meydana gəlməsi daha çox İran molla rejiminin işinə yaradı. Çünki, bu başkəsən quldur dəstələri bütün bəşəriyyətin nifrətinə səbəb oldu. Tehran molla rejimi terrorla mücadilə adı altında qeyri rəsmi şəkildə olsa da, özünün ən yaxşı hərbi birliklərini bu ölkəyə yürütdü. Hələb şəhəri başda olmaqla indi "Hezbollah"a məxsus hərbi birləşmələr geri çəkilmək fikrində deyillər. Suriyanın Afrin, Kobani, Qamışlı, Cəzirə və digər bölgələrini Türkiyəyə məxsus hərbi kontingentin terror birləşmələrindən təmizləmək təşəbbüsü də mümkün qədər İrana məxsus hezbollahçı qüvvələr tərəfindən əngəllənməkdədir. Ona görə ki, Suriyada nə qədər terror təhlüksi davam edəcəksə, bu ancaq, Tehran molla rejiminin mənfəəti üçündür. Heç də sirr deyil ki, Suriyada "Azad Kürdüstan" hərəkatının başında Ermənistan vətəndaşı Vladimir Simonyan durur. O, 2014-cü ildə İraqa gedərək İran molla rejiminin dəstəyi ilə könüllü hərbi qruplaşmaların yaradılmasında iştirak edib. İranın Suriyada dəstək verdiyi "peşmərgə hərəkatı"nın hədəflərindən biri kürd problemi məsələsini bəıhanə edərək bölgədə sülhün əldə edilməsinə mane olmaqdır. Tehran molla rejiminin Suriyada dəstək verdiyi çevrələrdən biri də "Rojava Uğrunda Savaş"dır.
Bu, Suriyanın Türkiyə ilə sərhəd bölgələrini daim təhdid altında saxlamaq taktikasından ibarətdir. Konfederativ ideyaları belə, kürdlər arasında qəbul olunmayan şərtlərdən biri hesab olunur. Bunu incə şəkildə təqib edən Tehran rejimi mümkün qədər nəzarətdə saxlamaq üçün çaba göstərir. Əsas məsələ Orta Doğuda hərbi demokratik oyunları idarə etməkdir. Durumun nə zamana kimi davam edəcəyinin tək cavabı Cənubi Qafqaz, Türkiyə və ərəb ölkələrindəki demokratik proseslərə bağlıdır. Zaman öz axarı ilə məhz bu amala doğru gedir.

Ənvər BÖRÜSOY, Hurriyyet.org