Orduya Dəstək Komitəsi son durumla bağlı AÇIQLAMA YAYDI

Baxış sayı:
1099

Orduya Dəstək Komitəsi cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı olduğu kimi təqdim edir:
“15 iyul 2020-ci il tarixdə Bütöv Azərbaycan Ocaqlarının təşkilatcılığı ilə keçirilən konfransda keçmiş hərəkatcıların, Qarabağ qazilərinin, hörmətli ziyalıların və tərəfsiz ictimai- siyasi xadimlərin iştifakı ilə “Orduya dəstək Komitəsi” yaradılması haqqında qərar qəbul olunmuşdur. Həmin Komitə son olaylarla bağlı Azərbaycan ictimaiyyəti, media quruluşları və ictimai-siyasi təşkilatlarına yönəlik müraciət qəbul etmişdir.
Bildiyimiz kimi, bu gün - 27 sentyabr 2020 il tarixində, səhər saat 06-00 radələrində erməni terror qruplaşmaları ordumuzun cəbhə xətti boyu yerləşən mövqelərini, eləcə də dinc əhalinin yaşadığı kəndlərimizi hər növ artileriya qurğularında atəşə tutaraq, Vətənimizin üzərinə hucuma keçmiş, yeni ərazilər işğal etməyə cəhd göstərmişlər. Hərbçilərimiz və dinc əhali arasında itkilərin və yaralıların olduğu, infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin dağıdılması barədə məlumatlar var. Azərbaycan ordusu düşmənin sözügedən həmlələrinə ağır, sarsıdıcı zərbələr endirərək, əkshücüm əməliyyatlarına başlamış, Vətənimizin işğaldan azad olunması istiqamətində tədbirlər görməyə başlamışdır. Bu bizim üçün Vətən Müharibəsidir!
Bu ağır günlərdə hər bir Azərbaycan vətəndaşının borcu Dövlətimizə və Milli Ordumuza tam dəstək vermək, düşmən üzərində qələbənin təmin olunması işində əlindən gələni etməkdir. Nəzərdən qaçırmamalıyıq ki, düşmən üzərimizə təkcə ordumuza və dinc əhalimizə qarşı hücumla gəlmir, hibrid müharibəsi qaydaları ilə hərəkət edir. Bu müharibənin əsas və ən təsirli elementlərindən biri də informasiya savaşından ibarətdir. Düşmənin məqsədi 90-cı illərin əvvəllərində olduğu kimi, Qarabağda döyüşən ordumuza qarşı arxa cəbhə açmaq, ölkədə xaos və çaşqınlıq, dövlətimizə inamsızlıq yaratmaqdan ibarətdir.
Bu həssas məqamda ordumuzun mənəvi cəhətdən sarsıdılmasına, millətimizin yüksək döyüş ruhunun zəiflədilməsinə və məğlubiyyət qorxusunun yaradılmasına yönəlik məlumatların yayılması millətimizə və dövlətimizə qarşı təxribat əməli olmaqla yanaşı, bağışlanması mümkün olmayan xəyanətdir.
Təəssüflə qeyd etmək istəyirik ki, bir sıra özünün müstəqil olduğunu iddia edən internet media resursları ordumuz hələ döyüş əməliyyatlarına başlamamış bu barədə məlumatlar yayaraq, müqəddəs davamızın Vətən Müharibəsi mahiyyətinə kölgə salmağa cəhd etmişlər. Vətən Müharibəsi şəraitində bu müstəqil jurnalistika və siyasət deyil, düşmənlə ittifaqdır.
Orduya Dəstək Komitəsi bu cür əməlləri dayandırmağa cağırır və bəyan edir ki, bu cür kanalların yayımladığı hər bir psixoloji hücüm elementləri ifşa ediləcək, millətimizin və tarixin mühakiməsinə təqdim ediləcəkdir!
Bu sərt, ağır olduğu qədər də şərəfli günlərdə bir millət olaraq tək bir amalımız, bir şuarımız olmalıdır: HƏR ŞEY VƏTƏN ÜÇÜN, ORDU ÜÇÜN, QƏLƏBƏ ÜÇÜN!”
Muxalifet.az