​Orduxan Teymurxanın qardaşı azadlığa buraxıldı

Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın inzibati qaydada həbs edilən qardaşı Xanlar Bəbirov və bacısı oğlu Səbuhi Zeynalov azadlığa çıxıblar.
Bu haqda “Azadlıq” radiosuna onların vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bloqqerin yaxınlarının durumu normaldır.
Vəkil Hollandiyada yaşayan bloqqerin yaxınlarının saxlanmasını bilavasitə onun fəaliyyəti, tənqidi düşüncələri ilə izah edib.
“Orduxan Teymurxan hesab edir ki, baş verən bütün pozuntulara hüquqi qiymət verilənədək mübarizəsini davam etdirəcək”, vəkil bildirib.
Xatırladaq ki, bu il fevralın 18-dən başlayaraq, Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılmışdı. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilirdi.
Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.
Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.
Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.
Hollandiyada yaşayan bloqqer isə baş verənləri özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.
Digər saxlananlar isə elə onda buraxılmışdılar.