"Oqtay Gülalıyevdən həqiqəti yazması tələb olunub" - DİN mətbuat xidmətindən açıqlama

Baxış sayı:
7036

DİN Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi Oqtay Gülalıyev ilə bağlı açıqlama yayıb.

Musavat.com həmin açıqlamanı təqdim edir:

"AXCP və Milli Şura yetkililəri yenidən özlərinə əl qatıb iddia edirlər ki, Azərbaycan hakimiyyəti hüquq müdafiəçisi Oqtay Güləliyevi susdurmağa çalışır.

Özləri də yaxşı bilirlər ki, hakimiyyət həqiqəti deyən, konkret fakta söykənərək tənqid yazan bir kimsəni susdurmaq fikrində deyil və olmayıb da. Sadəcə bunlar gündəlikdə qalmaq üçün bilə-bilə yalan danışırlar, xalqı çaşdırmağa cəhd edirlər.

Bəli, Oqtay Güləliyev Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə dəvət olunub. Və nəzərinə çatdırılıb ki, sosial şəbəkələrdəki səhifələrində qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salan yazılar yazır, çıxışlar edir. Və O.Güləliyevdən tələb olunub ki, belə hərəkətlərinə son qoysun. Yazanda, çıxışlar edəndə həqiqəti yazsın, Gəncədə xidməti vəzifələrini yerinə yetirən dövlət məmurlarının qətlə yetirilməsi ilə nəticələnən terror aktını törədən terroristləri, cinayətkarları müdafiə etməsin. Əgər həqiqətən də hüquq müdafiəçisidirsə, qətlə yetirilən şəxslərin ailələrinin səsini eşitsin, onların hüquqlarını qorusun, insan qatilinin yox.

Bir daha bildirirəm ki, nə Baş Prokurorluğun, nə də Daxili İşlər Nazirliyinin O.Güləliyevisusdurmaq fikri, planı yoxdur. Sadəcə ondan həqiqəti yazmağı tələb olunur. Ümumiyyətlə hər bir kəs dediyi sözün, yazdığı yazının məsuliyyətini anlamaldır."