Optik linzalar kor edir – Həkim məsləhəti

Görməni yaxşılaşdırmaq üçün istifadə olunan optik linzalar korluğa səbəb olur.
Avstraliya Elmi Mərkəzinin yaydığı açıqlamada linzalarla bağlı təhlükənin olduğu bildirilib. Mütəxəssislərin fikrincə, optik linzalardan istifadə gözdə fəsadlara səbəb olur və zamanla korluq yaradır.
Muxalifet.az xəbər verir ki, bununla bağlı axar.az-a açıqlama verən Bioloji Təbabət Klinikasının oftamoloqu Günel Xalıqverdiyeva bildirib ki, Azərbaycanda da optik linzalardan istifadə edənlərin sayı həddən artıq çoxdur və son zamanlar buna maraq daha da artıb:
“Adətən heç bir göz həkimi xəstələrinə optik linzaları məsləhət görmür. Eynəkdən istifadə etmək daha məsləhətlidir. Biz də dəfələrlə çağırış etmişik ki, optik linzaların xeyrindən çox ziyanları var. Optik linza birbaşa gözün buynuz qişasına təmas etdiyi üçün ora oksigenin keşməsinin qarşısını alır. Bu şəkildə göz oksigensiz vəziyyətdə olur. Bu da insanda daimi olaraq göz qırpma hərəkətləri etməsinə səbəb olur. Həmçinin optik linzalar gözün üzərində sürüşdüyü üçün gözə mikro-travmalar da yetirir. Bu da buynuz qişada, gözün ön təbəqəsində bulanılıq yaradır. Optik linza gözün ön hissəsini qurudur. Göz yaşı pərdəsi var və linza onun tamlığını pozur, göz quruluğuna səbəb olur. Göz quruluğu olduğu zaman da gözdə qızartı, tez-tez göz qırpma, bu səbəbdən yaranmış göz suyunun axması kimi hallar yaranır. Quru göz sindromu deyilir buna. Son günlər bu problemlə bağlı həkimə müraciət edənlərin sayında hədsiz artım var”.
Oftamoloq qeyd edib ki, Azərbaycanda xüsusilə gənc xanımlar optik linzalardan istifadəyə üstünlük verir:
“Oftamoloqların məsləhət görməməsinə baxmayaraq, Azərbaycanda optik linzadan istifadə edənlərin sayı həddən artıq çoxdur. Xüsusilə buna qadınlar daha çox üstünlük verir. Ölkədə optik linzalardan istifadəyə heç bir qadağa yoxdur. Lakin həkimlər bunu məsləhət görmür və qəti şəkildə istifadə etməməyi tövsiyyə edir”.
Həkim bildirib ki, parazit kontaktlar linzaların saxlandığı xüsusi məhlulda da çox olur. Bu da görmə qabiliyyətini daha da azaldır. Əgər vaxtında infeksiyaya qarşı terapiya aparılmasa, görmə getdikcə itir.