Operativ qərargah Moskvada koronavirusa yoluxanlar üçün 500 yerlik xəstəxana tikir - ÇİN TƏCRÜBƏSİ ƏSASINDA / VİDEO

Baxış sayı:
3631

Moskvanın koronovirus üzrə Operativ qərargahı bu virusa yoluxanlar üçün xüsusi xəstəxananın tikintisinə başlayıb və tikintiyə dair videokadrları yayıb.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, mobil infeksion xəstəxana Kalujsk şossesində tikilir və tikinti gecə-gündüz davam edir. Qərargah bildirir ki, mobil xəstəxana Moskvadakı 1 saylı klinik infeksion xəstəxananın və Kommunarkadakı stasionarın əlavəsi kimi fəaliyyət göstərəcək, orada 500 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Qərargahın yaydığı videokadrlar tikintinin ikinci günündə çəkilib.

Xatırladaq ki, koronovirus pandemiyasının başladığı Çində hakimiyyət virusun episentri olan Uhan şəhəri ətrafında cəmi 9 günə hərəsi 2800 yerlik olmaqla iki xəstəxana tikmişdi.

Moskvanın “Stroykompleks” agentliyinin rəhbəri Andrey Boçkaryev deyib ki, xəstəxananın tikintisinə ən yaxşı şirkətlərin resursları cəlb olunub. Onun sözlərinə görə, tikinti işləri Moskva meri Sergey Sobyaninin tapşırığı ilə başlayıb. Layihələndiricilər bu sahədə cəmi 9 günə iki nəhəng xəstəxana tikib dünyanı təəcübləndirən çinlilərin təcrübəsini nəzərə alıblar.

 İnfeksion xəstəxana tez quraşdırılan konstruksiyalardan tikilir və qəbul şöbəsindən, reanimasiyadan və laboratoriyadan ibarət olacaq. Orada diaqnostika və müalicə blokları, habelə uşaq şöbəsi və əməliyyat bloku yaradılacaq. Habelə xəstəxananın ərazisində tibb personalı üçün ayrıca yataqxana da olacaq. Yeni xəstəxana daimi mühafizə altında saxlanılacaq. Boçkaryev deyib ki, o ən müasir və bütün zəruri avadanlıqlarla təchiz edilmiş, koronavirusa yoluxanlara ixtisaslı yardım göstərməyə imkan verən xəstəxana kimi fəaliyyət göstərəcək.

Xəstəxananın kanalizasiya suları Moskvanın ümumi kanalizasiya şəbəkəsinə qoşulmayacaq, dezinfeksiya olunduqdan sonra xüsusi rezervuara axıdılacaq. Hazırda binanın fundamenti qurulur və kommunikasiya xətləri çəkilir. Boçkaryev deyib ki, xəstəxananın əhali üçün təhlükəsi yoxdur, çünki yaşayış massivlərindən aralıda tikilir.