​Onun məsuliyyətsizliyi sərhəd tanımır - Xalq Partiyası

İspaniyanın Baş naziri Mariano Raxoy tərəfindən hakimiyyətdən kənarlaşdırılan Kataloniyanın regional hökuməti öz işini davam etməyə cəhd göstərəcək.
Muxalifet.az xəbər verir ki, Kataloniya hökuməti özünün hakimiyyətdən kənarlaşdırılmasını qəbul etmək niyyətində deyil. Bundan əlavə, Kataloniya parlamenti tərəfindən qəbul edilən müstəqillik haqqında bəyannamədə nəzərdə tutulan bəzi addımları reallaşdırmaq niyyətindədir.
Kataloniya hökumətinin hakimiyyətdən kənarlaşdırılmış sabiq başçısı Karles Puçdemon da Madridin onu istefaya göndərmək barədə sərəncamını tanımaqdan imtina edib və regionun müstəqilliyi uğrunda mübarizəsini davam etdirəcəyini bildirib.
Hakim partiya: “Puçdemonun məsuliyyətsizliyi sərhəd tanımır”
İspaniyanın hakim Xalq Partiyası Puçdemonun çıxışına, o cümlədən Kataloniyanın müstəqilliyinin müdafiəsi məsələsində “demokratik müqavimət” çağırışına reaksiya verib. “Bu, ağır vəziyyətdir. Puçdemonun məsuliyyətsizliyi sərhəd tanımır”, - partiyanın məlumatında belə deyilir.
Bundan əvvəl isə El Pais nəşri İspaniya hökumətindəki mənbəyə istinadla xəbər yaymışdı ki, “Puçdemonun bəyanatına indi məhkəmə qiymət verməlidir”.
Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Bunun ardınca İspaniya senatı Kataloniyaya qarşı ölkə konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq barədə qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini rəsmən vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.
Bu gün Mariano Raxoyun sərəncamına əsasən Kataloniya hökumətinə rəhbərlik etmək İspaniya Baş nazirinin birinci müavini Sorayya Seans de Santamariyaya həvalə edilib. Həmçinin bildirilir ki, Karles Puçdemon postunu tərk etməzsə, onun bu əməli hakimiyyətin qəsb olunması kimi qiymətləndiriləcək.