"Onun dələduzluğu..." - Baş Prokurorluqdan Rüfət Aslanlı ilə bağlı AÇIQLAMA

Baxış sayı:
11983

“Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının türkiyəli iş adamına qarşı dələduzluq etməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətin daxil olması ilə bağlı hər hansı fikir bildirə bilmərəm. Çünki indi deyəcəyim söz sonradan verilmiş qərara təsir kimi düşünülə bilər”.
 
Muxalifet.az xəbər verir ki, bu barədə idarənin rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
 
O əlavə edib ki, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürov barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir və hazırda həmin idarədə Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır: “İstintaqın gedişində maliyyə yoxlamalarının aparılmasına zərurət yarandı və Maliyyə Nazirliyi tərəfindən hazırda həmin idarədə yoxlamalar həyata keçirilir. Həmçinin həmin cinayət işi ilə bağlı digər ölkələrlə yanaşı bu məsələ ilə bağlı istintaq hərəkətləri davam etdirilir”.
 
Mediada yayılan bütün məlumatları izlədiklərini və araşdırdıqlarını deyən Kamran Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin həbs edilməsi ilə bağlı cinayət işinin istintaqı da davam etdirilir: “Həmin işlə bağlı komitənin iki vəzifəli şəxsi həbs edilib. İstintaq hərəkətləri davam etdirilir, bu və ya digər formada cinayətdə iştirakı olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək”./publika.az/