​Onları ən sərt şəkildə cəzalandırmaq lazımdır – Politoloq

İraqda kürd separatçılarının və onları himayə edən güclərin “müstəqillik” layihəsinin fiaskoya uğraması, eyni zamanda, region dövlətlərinin xarici müdaxiləyə və separatizmə qarşı vahid mövqe sərgiləmələri indiki dönəmdə çox önəmli haldır.
Bu sözləri açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitikin sözlərinə görə, bu hal regionda mövcud olan latent münaqişələrin və gizli separatizm meyillərinin qarşısının alınmasında presedent rolunu oynaya bilər:
“Hesab edirəm ki, separatçıların və onları himayə edən qüvvələrin geri çəkilməsi region dövlətlərinin özünəinamının artmasına, qarşılıqlı əməkdaşlığın güclənməsinə müsbət təsir göstərə bilər. Təbii ki, əgər region dövlətləri baş verənlərin eyforiyasına qapılıb gözləmə mövqeyi tutmazlarsa. Zənnimcə, indiki halda ən doğru yol separatizmin bütün təzahürlərinin aradan qaldırılması və beşiyindəcə məhv edilməsidir. İraq ordusu hərbi əməliyyatları davam etdirməli, Mosul, Süleymaniyə, Ərbil və separatçıların nəzarətində olan digər əraziləri də azad etməlidir. Separatçıları ən sərt şəkildə cəzalandırmaq lazımdır ki, gözləmə mövqeyində dayanan, yaxud açıq və radikal separatçı davranışlar sərgiləyən qruplar da bundan dərs alsınlar”.
Qeyd edək ki, İraq Kürd Muxtariyyəti müstəqilliklə bağlı referendumun nəticələrinin dondurula biləcəyini rəsmən elan edib.