Onlara həssas davranmalıyıq – Millət vəkili

Baxış sayı:
4741

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və şagirdlərlə görüşüb. Muxalifet.az xəbər verir ki, millət vəkili gimnaziyada yüksək səviyyədə aparılan təmir-bərpa işləri, yaradılmış şərait, yeni tikilimiş əlavə bina, gimnaziyada şagirdlər üçün yaradılan yaxşı şəraitlə tanış olub. O, gimnaziyanın əvvəlki ağır vəziyyətinə toxunub, ölkə başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın uşaq evlərinə, internat məktblərinə, fiziki imkanları məhdud uşaqlara böyük diqqət və qayğısını xüsusi vurğulayıb: “Hamımızın müraciətini nəzərə alaraq, gimnaziyada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması, təchizatın yaxşılaşdırılması, gimnaziyada təhsil alan uşaqlar və tədris edən müəllimlər üçün ən yaxşı şərtlərin yaradılması istiqamətində tovuzluların xahişini nəzərə alaraq bu işlərin görülməsinə dəstək olan cənab Prezident başda olmaqla bütün qurumlara təşəkkür edirik. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır. Uşaqlarımız oxumağa, öyrənməyə, peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və özəlliklə fiziki imkanları məhdud uşaqlarımızın oxumasına, təhsil almasına daha çox dəstək olmalıyıq”. Millət vəkili gimnaziyada təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarla ayrıca söhbət edib, onlara hədiyyələr təqdim edib. Q.Paşayeva Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimlərinə müraciət edərək gimnaziyada təhsil alan uşaqlara təhsil verməklə yanaşı, onlara həssas davranmağın önəmini qeyd edib. Millət vəkili gimnaziyada təhsil alan aztəminatlı ailələrdən olan uşaqlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb, hədiyyələr təqdim edib. Q. Paşayeva müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə edib və onları maraqlandıran sualları cavablandırıb.