Onlar polisi cırmaqlayır, tüpürür, təpik atır... - Almaniyadan qovulan miqrantları 11 min 480 polis müşaiyət edib

Baxış sayı:
2745

Almaniyada miqrantların deportasiyasında iştirak edən polislərin sayı kəskin artıb.

Virtualaz.org xəbər verir ki, bu haqda  “Neue Osnabrücker Zeitung” qəzeti Bundestaqdakı Sol partiyanın fraksiyasının hökumətə ünvanladığı soruğunun cavabına əsasən yazır.

Hökumətin hesabatına görə, 2019-cu ilin yanvarından oktyabr ayına qədər Almaniyadan deportasiya olunan miqrantları 11 min 480 polis müşaiyət edib. Ötən il isə bu rəqəm 11 mini keçmirdi. Müqayisə üçün qeyd olunur ki, 2005-ci ildə miqrantların deportasiyasını cəmi 5800 polis müşaiyət etmişdi.

Almaniya Daxili İşlər Nazirliyindən izah ediblər ki, polislərin sayı avialaynerlərin göyərtəsində təhlükəsizliyi qarantiya altına almaq üçün artırılır. Hər deportasiya halında polis ekspertləri mümkün təhlükəsizlik risklərini araşdırır və nəticələrə uyğun olaraq müvafiq sayda polis ayrılır. 

Alman polisinin həmkarlar ittifaqlarının sədr müavini Yorq Radek deyib ki, deportasiya hüquq-mühafizə orqanları üçün kifayət qədər mürəkkəb, asan olmayan prosesdir. Çünki miqrantların çoxu deportasiya zamanı özlərini çox emosional aparır. “Onlar bütün mümkün üsullarla müqavimət göstərir, polisi cırmaqlayır, dişləyir, tüpürür, təpik atır. Bir çox polislər bu zaman xəsarət alır”,-Radek bildirib.

Statistikaya görə 2018-ci ildə Almaniyadan deportasiya olunan miqrantların haradasa yarısı Balkan ölkələrinə göndərilib. Çünki keçmiş sovet respublikalardan olan miqrantlar Almaniyaya mühacirət etmək üçün Baltik ölkələrindən platsdarm kimi istifadə edirlər. O cümlədən miqrantlardan 1500-dən çoxu Albaniyaya (onlar əsasən Afrika və ərəb ölkələrindən gedənlərdir) və Əfqanıstana deport edilib. Hesabata əsasən Almaniyadan deportasiya edilən Azərbaycan vətəndaşlarının da sayı artır, onların siyasi sığınacaq barədə müraciətlərinə rədd cavabları verilməsi halları çoxalır.

Xatırladaq ki, bundan əvvəl yayılan xəbərə görə son iki ayda Almaniyadan yüzlərlə Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar xüsusi reyslə Bakıya göndəriliblər.