“Ömər əl-Bəşir Beynəlxalq Tribunala verilməyəcək, onu özümüz cəzalandıracağıq...” - SUDAN ORDUSU

Baxış sayı:
8972

Ötən gün hərbi çevriliş edib hakimiyyəti ələ alan Sudan ordusu bəyan edib ki, devrilmiş diktator Ömər əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməyəcək.

Virtualaz.org xəbər verir ki, bunu hərbçilərin qurduğu Hərbi Şuranın siyasi komitəsinin rəhbəri, general Ömər Zeyn əl-Abidin paytaxt Xartumda keçirdiyi mətbuat konfransında bildirib.

“Ömər əl-Bəşir bizim əlimizdədir. Bizim şura onu mühakimə edib məsuliyyətə cəlb edəcək, amma Beynəlxalq Cinayət Məhkəməsinə verməyəcək. Nə əl-Bəşir, nə ölkənin hansısa başqa vətəndaşı xarici strukturlara verilməyəcək”-general deyib.

Əl-Abidin əlavə edib ki, Sudanda əl-Bəşir üzərində məhkəmə qurulacaq. Və ölkədə üç ay davam etmiş etirazların yatırılması zamanı insanların həlak olmasında günahkar olanların hamısı məhkəmə qarşısında dayanacaq, onlar məsuliyyətdən yayına bilməyəcək.

Beynəlxalq Cinayət Məhkəməsi 2009-cu ildə Haaqada əl-Bəşirin həbsi barədə order çıxarıb. Sudan diktatoru Darfurdakı soyqırımda ittiham olunurdu.  Ona beş maddə ilə ittiham irəli sürülüb-bunlardan ikisi insanlığa qarşı cinayətlərə, üçü hərbi cinayətlərə aid idi.

General əl-Abidin onu da deyib ki, Hərbi Şura hakimiyyəti nəzərdə tutulan 2 ildən daha tez müddətə də təhvil verib seçkilər keçirə bilər. Bu, ölkədəki vəziyyətin normallaşmasından asılı olacaq.