Ombudsman martda seçki gözləmir... - deputat isə konstitusion müddətin bitdiyini söyləyir

Baxış sayı:
10753

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcəyi gözlənilir. Muxalifet.az bildirir ki, bBu barədə “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, seçki martda keçiriləcək.
Uzun müddətdir ombudsman vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanovanın təqaüdə yola salınacağı xəbər verilir. Onun yerinə kimin namizəd irəli sürüləcəyi hələ müəyyən olunmayıb. Lakin bu dəfə kişi namizəd olacağı istisna edilmir.
Məlumatlara görə, bu posta gənc, enerjili, çevik bir kadrın seçiləcəyi ehtimalı var. Xüsusən də prezidentin son kadr islahatları, gəncləri yüksək postlara irəli çəkməsi siyasəti fonunda ombudsman vəzifəsinə də cavan, işləyən bir şəxs seçiləcək. 
2002 və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Lakin yeni ombudsman seçilmədiyindən fəaliyyətini davam etdirir.
Çünki qanunvericiliklə ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir. Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir.
Ombudsman vəzifəsinə seçkilər keçiriləcəyi barədə deyilənlərlə əlaqədar E.Süleymanovanın özünə zəng elədik.
Ombudsman “Yeni Müsavat”a qısa şəkildə bildirdi ki, belə bir gözlənti yoxdur: “Bu məlumatı haradan əldə eləmisiniz bilmirəm, amma mən belə bir şey eşitməmişəm”. O, növbəti sualımızı dinləmədən telefonu asdı.
Deputat Fazil Mustafa isə qeyd etdi ki, artıq ombudsman vəzifəsinin konstitusion müddəti tamam olur: “Bu baxımdan yeni ombudsman seçilməlidir. Elmira xanım kifayət qədər təcrübəli, işini bilən, vəzifəsini yerinə yetirən insandır. Amma konstitusion müddət bitir və yenisi seçilməlidir”.
Deputatın sözlərinə görə, ombudsman postunda yaş faktoru əsas əhəmiyyət daşımır: “Burada bilgi, təcrübə, hazırlıq, beynəlxaq praktika olmalıdır ki, müəyyən işlər görəsən”.