Ölülərə açıq məktub

Bilirəm, absurd görünür sizə açıq məktub yazmaq. Bəlkə də sizin qəzetləriniz, jurnallarınız, internet portallarınız yoxdur. Amma bilirəm ki, oxuyacaqsınız. Heç kəs inanmasa da mən buna inanıram. Bircə yuxuma girin və deyin ki, “oxudum”!
Bu dünyadan getmək ölmək deyil ki...
Sizdən sonra dünyada heç nə dəyişməyib. Ağaclar, otlar, güllər, çiçəklər, daşlar, qayalar hamısı yerindədir. Düzdür, çoxlu göydələnlər ucaldılıb, bəzəkli parklar, hündür körpülər, geniş yollar salınıb, təzə müharibələr başlayıb, texnologiyada yeni uğurlar əldə edilib, amma bunlar da heçnədir.
Nədənsə hamı sizə həsəd aparır? Kimdən soruşsan ölmək istədiyini deyəcək. İnsanlar sizin harada, necə və nə cür olduğunuzu bilmədən, ya da buna tam əmin olmayıb müxtəlif fərziyyələr yürüdərək sizə qovuşmaq istəyirlər. Bəs bu qədər nigaran adamları niyə agah etmirsiz?
Ona əminəm ki, getdiyiniz yerdə sizə yaxşı baxmırlar. Elə görürəm ki, aclıqdan ipə-sapa dönmüsüz. Təkcə sümükləriniz qalıb! İstədiyiniz vaxt gəlib bizimlə yeyib-içə bilərsiz. Lap şəxsən mənim qonağım olun. Hamınızı dəvət edirəm yeyib-içməyə.
Bu dünyadan – Yer adlı planetdən ayrılıb hara getdiniz? Nə yeyirsiz, nə içirsiz, nə geyinirsiz, hansı dildə danışırsız? Gəlin, həm yeyib-içək, həm də bunları danışaq. Hamı rahatlaşsın. Minilliklərdir bütün insanlar bu müəmmaya cavab tapmaq istəyirlər. O qədər naçar qalırlar ki, güllü-çiçəkli, dağlı-meşəli cənnətlər, od-alovlu, heyvanlarla dolu cəhənnəmlər uydururlar. Bu varlığı məchul xoşbəxtliyinizə qovuşmaq üçün ömür boyu dualar edən, sədəqələr paylayan kim, cihad edən, qan tökən kim!? Sizin bu müəmmanız əsrlər boyunca insanların ağlına ən qorxunc fantaziyaları gətirib.
Əslində isə, siz ölülər bizimlə oyun oynayırsız.
Mən bilirəm, bir kənarda durub bütün cəfəngiyyatlara tum çırtlayaraq tamaşa edir, ən emosional səhnələrdə gurultu ilə alqışlayırsız!
Bizim sizinlə al-verimiz var. Burdan – Yer kürəsindən alıb apardığınız, amma dünyaya lazım olan, yaşaması təcili tibbi yardım kimi vacib adamlar var. Onları bizə geri verməlisiniz.
Bir də dünyada qalıb, əslində isə çoxdan yanınızda olması gərəkən, varlığı dünyada yaxşıya doğru bir şeyi dəyişməyib, əksinə, pisləşdirən adamlar var. Onları da aparmalısınız! Oyununuz ədalətli deyil, ölülər!
Bu məktubu göyərçinlərə verməyəcəyəm. Çaylara, dənizlərə, okeanlara da atmayacağam! Çünki siz nə göylərin ənginliyindəsiz, nə də suların dərinliyində! Elə bizimləsiz – bu miskin Yer kürəsində.
Həzin sükutunuzu, sərhədsiz azadlığınızı, ehtiyacsızlığınızı, şəkillərdə sevincinizi görüb adamın ölməyi gəlir! Burda sizin xoşbəxtliyinizə paxıllıq edənlər var. Bu qədər xoşbəxt olmayın, ölülər!
Orxan Bahadırsoy