Ölkəni kilosu 3-4 manata satılan "kərə yağları" bürüyüb - TƏHLÜKƏ SİQNALI

Baxış sayı:
538

Azərbaycanda marketləri kərə yağı adı altında satılan ucuz yağlar bürüyüb. Mağazaların vitrinlərində kilosu 3-4 manata olan, markası rusca yazılmış yağların sayı-hesabı yoxdur.

Onların Bakıdakı sexlərdə istehsal olunduğu,  yoxsa Dağıstandan və ya  Gürcüstandan gətirildiyi məlum deyil.

Sadəcə, sovet insanının təfəkküründə qalan “sliviçniy yağ”, yəni təmiz yağ anlayışından sui-istifadə edən bəzi iş adamları adı rus dilində etiketlər, markalarla bazara ucuz, guya kərə yağı olan məhsullar çıxarırlar. Halbuki onların palma yağı, onkoloji xəstəliklərə yol açan qidalar olduğu barədə ekspertlər, həkimlər tez-tez həyəcan təbili çalırlar.

Ancaq həmin məhsulların tərkibi, keyfiyyəti ilə bağlı əsaslı yoxlamalar aparılmır, laboratoriyalarda ekspertiza edilmir.

Bu gün əhalini də narahat edən, hər birimizi maraqlandıran məhz ailələrimizə, uşaqlarımıza yedirdiyimiz yağların keyfiyyəti problemidir.

Muxalifet.az “Yeni Müsavat”a istinad'n həftəsonu marketlərdəki araşdırmanı təqdim edir. 

Ucuz kərə yağları ilə yanaşı satılan Yeni Zelandiyadan idxal edilmiş məhsulların kilosu 16-18 manat civarında olduğu halda, haqlı sual doğur - bəs, bu yağların kilosu niyə 3-4 manatdır?  

“Kalinka”, “Tulçinskaya ekstra”, “Kərəm” və...

Məsələn, “Kulinarka” adlı yağın kilosu 3 manat 29 qəpikdir. “Kalinka” isə  4 manatdır. Halbuki məşhur “Doyaruşka” yağının 250-300 qramı elə 3 manat 60 qəpikdir. O zaman mağazalarda satılan “Zolatava” adlı yağın kilosu niyə 4 manat 20 qəpikdir? Araşdırma zamanı onun da şahidi olduq ki, “Buryonkin Luq”adlı bir yağ satılır. Kilosu cəmi 4 manat 46 qəpikdir. Satıcılar da etiraf edirlər ki, adını çəkdiyimiz bu yağlardan istifadə məsləhət deyil.

İnsafən, onların alıcıları da azdır. Çünki istehlakçılar bu yağların tərkibinin keyfiyyətli olmasına inanmırlar.

Baş çəkdiyimiz marketlərin vitrinlərinə qoyulmuş “Voloqodskiy” 4 manat 31 qəpik, “Tulçinskaya ekstra” 4 manat 30 qəpik, “Krestyanskoye” 4 manat 6 qəpikdir. Bu adlar adama heç nə demir. Habelə, “Kərəm” adlı yağın kilosu 2 manat 68 qəpik,"Xoman Lyuks" 6 manat 74 qəpik, “Maslo Dabroye” 5 manat 54 qəpik, “Alpen” -  6 manat 25 qəpikdir.

Marqarin, palma, iç yağı, piylər...

Ümumiyyətlə, ayrı-ayrı marketlərdə onlarla belə yağlara rast gəlmək, siyahını uzatmaq olar. Sadəcə, Zelandiya yağı ilə qiymət fərqi  o səviyyədədir ki, imkansız adamlar ucuz məhsullara tərəf qaçırlar.

Eyni zamanda, şirniyyat sexləri, tort bişirilən müəssisələrin əksəriyyətinin sözügedən ucuz yağlardan istifadə etdiyi bildirilir. Təəssüf ki, aztəminatlı ailələr məcburiyyət qarşısında mağazalardan həmin yağların kilosunu 4-5 manatdan alırlar, gündəlik qida rasionunda istifadə edirlər.

Amma əksəriyyəti marqarin, palma olan bu yağlardan uzaq durmaq lazımdır. İddialar var ki, yağların bir qismi heyvanların iç yağı, piylər və bitkilərdən hazırlanır, bəziləri isə kimyəvi tərkiblidir.  Onlara kərə yağının dadını və qoxusunu verən xüsusi qatqılar vurulur ki, bunlar da sağlamlığa təhlükə yaradır.

Hesablamalara görə, yüksək keyfiyyətli kərə yağının kiloqramının maya dəyəri heç olmasa 5 manata başa gələr. Bundan ucuz yağların isə tərkibindən şübhələnməyə dəyər. Bir sözlə, saxta kərə yağları istehsal edənlərin işi yağ kimi gedir.

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlamışdı. Qurum bazarda kərə yağı adı ilə satılan yağlar arasındakı qiymət fərqinin səbəblərini də açıqlamışdı.

AQTA-nın sektor müdiri Aynurə Rzayeva bildirmişdi ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur. Onun sözlərinə görə, əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə, deməli, o təmiz kərə yağı hesab olunmur:

“Bundan başqa kərə yağının bir hissəsini qaynar suya salaraq da yoxlamaq mümkündür. Əgər yağın həll olması bərabər gedirsə kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir”.

Bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda yağ bazarı kirlənmiş seqmentlərdən biridir.

Onun sözlərinə görə, xüsusən duru və kərə yağ sektorunda vəziyyət ürəkaçan deyil. İB sədri qeyd etdi ki, problem həmin yağların markalanmasındadır: “Burada istehlakçıların məlumatlılıq baxımdan aldadılmasına yol verilir.

“Məsələn, üzərində ”Naturalnaya masla" yazılıb. Amma arxasında qeyd olunur ki, tərkibində bitki yağları, müxtəlif qarışıq qatqılar var. Yəni istehsalçı təmiz kərə yağı satmadığını demək istəyir, bu yolla vəziyyətdən çıxır. Ancaq üzərində təmiz yağ adı ilə markalanır. Bu da istehlakçı hüquqlarının pozulmasıdır".

E.Hüseynov hesab edir ki, istehlakçıların aldadılması hallarına yol verilməməlidir: “Jurnalistlər mənə illər boyu yağ sahəsindəki vəziyyətlə bağlı suallar veriblər. Biz Yeni Zelandiyaya getmişdik, orada Azərbaycana yağ idxal edilən zavodda olduq, markalanmanı gördüm. Deməliyəm ki, son dərəcə ekoloji cəhətdən təmiz yağ Azərbaycana göndərilir. Ancaq bir çox firmalar Yeni Zelandiyadan yağlar gətirirlər. Hətta Zelandiya yağı adı altında Gürcüstandan ölkəmizə mal idxal edirlər. İstehlakçılara tövsiyəm budur ki, kərə yağ istəyəndə məhsulu əlində sıxsın və ya əritsin. Əgər parçalanmırsa, o halda təmizliyinə inanmaq olar. Həmçinin, qoxusu və dadından da müəyyən etmək olur ki, bu yağın tərkibi nədən ibarətdir”.

E.Hüseynov bununla belə Azərbaycan Dövlət Qida Agentliyinin araşdırmalar aparmalı olduğunu vurğuladı: “Sizin adını çəkdiyiniz ucuz yağlar təbii ki, insan orqanizmi üçün uyğun deyil. Amma Dövlət Qida Agentliyi yağların keyfiyyəti məsələsi yox, təhlükəsizliyi ilə bağlı yoxlamalar apara bilir”.

Ürək, qan-damar, infarkt, şəkər...

Həkim-dietoloqların sözlərinə görə, saxta yağlar ürək, qan-damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur. Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu gün ölkədə satılan yağların 80 faizini trans yağları təşkil edir. Həkimlər bildirirlər ki, bərk yağa bitki yağı əlavə edərək yeni yağ hazırlayıb satışa çıxarırlar. Bu da orqanizmə həddən artıq ziyandır. Doymuş və doymamış yağ turşularını bir-birinə qatışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil.

Bərk yağa bitki yağı əlavə edilir. Orijinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da var.

Ona görə nehrə, zeytun yağları, heç olmasa “Vest qold”, “Ankor” kimi yağlara nisbətən üstünlük verilməsi tövsiyə edilir. Yeri gəlmişkən, nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Amma  satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.