“Ölkəmiz 2015-ci il səviyyəsinə 30 ildən sonra çata bilər” - Qubad İBADOĞLU

Baxış sayı:
1401

“Milli iqtisadiyyat ötən ili 0,1 faiz artımla başa vurub və beləliklə də tsiklər üzrə durğunluq fazasına qədəm qoyub. Bu fazada iqtisadiyyat irəliləyə də, olduğu vəziyyətdə qala da və ya geriyə də gedə bilər”.
Muxaifet.az
xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu şərh edib.
 
“ÜDM-in 0,1 faizlik artımını tarixi qələbə kimi təbliğ edirlər”
 
Q. İbadoğlunun fikrincə, iqtisadi artım bu sürətlə davam edərsə, ölkəmiz 2015-ci il səviyyəsinə 30 ildən sonra çata bilər: “Bu sürəti o halda artırmaq və davamlı etmək mümkün olur ki, iqtisadi artım üçün dayanıqlı mənbələr yaranır, iqtisadiyyat bir resursdan asılı olmur. Belə olmasaydı birvaxtlar neft hasilatının çoxalması və onun dünya bazar qiymətinin bahalaşması hesabına “köpüklənərək” 34,5 faiz artım nümayiş etdirən milli iqtisadiyyat 10 ildən sonra əks səbəbdən yerində saymazdı. Əgər ötən 10 ildə iqtisadi və siyasi sahədə islahatlar aparılsa, azad sahibkarların təşəbbüsləri, ağıllı adamların ideyaları gerçəkləşsə, şəffaf və xalqa hesabatlı idarəetmə təşkil olunsa, mükəmməl qanunlar qəbul edilsə, bazar iqtisadi sisteminin institutları bərqərar olsa, müstəqil məhkəmə və hüquq sistemi qurulsa, haqsız deyil, sağlam rəqabət dəstəklənsə, şah qanun yox, qanun şah olsa idi, hazırda Azərbaycan iqtisadiyyatı canlanma dövrünü yaşayar, ölkədə xammal ağırlıqlı deyil, bilgi və texnoloji tutumlu modern iqtisadi sistem fəaliyyət göstərərdi. Hazırkı və gələcək nəsillər naminə bu imkanları itirib, yalnız özü və ətrafı üçün kapital formalaşdıran hazırkı hakimiyyət görün nə günə qalıb ki, neft qiymətlərinin müvəqqəti bahalaşması sayəsində ötən il əldə edilən 0,1 faizlik iqtisadi artımı böyük uğur və inkişaf nümunəsi kimi təqdim edir. Amma nədənsə rəsmilərdən və onların alovlu tərəfdarlarından heç kim iqtisadiyyatın bel sütunun olan sənayedə ötən il 3,4 faizlik enişdən, qan-damar sistemi sayılan bank sisteminin çökməsində danışmır, onların hamısı ÜDM-in 0,1 faizlik artımını tarixi qələbə kimi təbliğ edirlər”.

“İnsan kapitalına əsaslanan inkişaf yolunu seçmək lazımdır”
 
“Cənablar, inkişaf 0,1 faizlik mexaniki artımla deyil, ölkənin iqtisadi qüdrətinin güclənməsi, sənaye potensialının genişlənməsi, sahibkarların və istehlakçıların texniki tərəqqinin nəticələrinə, ətraf mühitin qorunmasına çıxış səviyyəsinin yüksəlməsi, əhalinin sosial rifahının yaxşılaşması, vətəndaşların azadlıqlarının təminatı ilə ölçülür. Bütün bunlara nail olmaq üçün ən azından iqtisadiyyatın kursunu düzgün müəyyənləşdirmək, bir resursdan və xarici faktorlardan asılı olmayan insan kapitalına əsaslanan dayanıqlı, inovativ və inkluziv inkişaf yolunu seçmək lazımdır”,-deyə iqtisadçı vurğulayıb.
 
Cavid, Muxalifet.az