ÖLKƏ İNTERNETSİZ QALA BİLƏR

Osman Gündüzdən “Delta Telekom”a cavab: “Borca görə minlərlə istifadəçini qlobal şəbəkədən ayırmaq yolverilməzdir”
 “Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib. “Delta Telekom LTD” MMM-dən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə yerli provayder öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb:
 “Son vaxtlar ölkədə internetin sürəti və keyfiyyətinin aşağı səviyyədə olması, xüsusilə pik saatlarında dözülməz həddə çatması haqqında mətbuatda ciddi müzakirələr gedir. Bununla əlaqədar deyə bilərik ki, bu cür narazılıqların yaranmasına səbəb ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda texnologiyanı yeniləməməsi, ən əsası isə müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq aldığı internet yükünü artırmaması nəticəsində baş verir. Nəticədə müxtəlif statistik göstəricilərdə və beynəlxalq müzakirələrdə, eləcə də ölkəmizə gələn qonaqlarda Azərbaycanda internet sürətinin aşağı səviyyədə olması barədə rəylər səslənir. Əslində isə əsas provayder olaraq ”Delta Telekom LTD" MMM həmişə olduğu kimi, bu gün də ölkəni sürətli, keyfiyyətli və rezervli (sığortalanmış) internetlə təmin edir. Ölkədə internetə olan təlabat ikiqat artarsa müəssisənin texniki göstəriciləri imkan verir ki, bu artıqlanması ilə ödənilsin.
“Delta Telekom LTD” MMM-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yaxın günlərdə bir neçə provoyderlərə internet verilməsinin tamamilə dayandırılması gündəmdədir: “Müəssisəmiz tərəfindən göstərilən xidmətlərlə yanaşı problemlər də mövcuddur. Yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, müəssisəmizə olan borclarını ödəmir və maliyyə çətinlikləri yaranır. Uzun müddət bu hallara güzəştlə yanaşsaq da artıq problemin məhkəmə yolu ilə həll olunmasına çalışırıq. Hazırda ”Qlobal Netvorks" MMC, “CNC AZ” MMC, “Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi davam edir. Həmin provayderlərin toplam olaraq 3 milyon manatdan artıq borcları var. Bununla əlaqədar olaraq hər üç şirkətə göstərilən xidmətlərə məhdudiyyət tətbiq olunur ki, bundan da həmin provayderlərin müştəriləri əziyyət çəkir. Baxmayaraq ki, müştərilər pullarını əvvəlcədən ödəyiblər. Yaxın günlərdə bu provoyderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir".
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirdi ki, istənilən halda qarşılıqlı problemlər səbəbindən hansısa borclu provayderin internetini kəsərək minlərlə insanı qlobal şəbəkədən ayırmaq yolverilməzdir: “Bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər və bu, heç bir halda məqbul variant hesab oluna bilməz. Əmin olmaq istərdim ki, ”Delta Telekom" bunun məsuliyyətini bilməmiş deyil.  Əvvəllər də bir neçə dəfə bu tip borclar və digər problemlər olub, lakin bu addımı atmağa ehtiyac qalmayıb və biz əminik olmaq istərdik ki bu dəfə də “Delta Telekom” bu addımı atmayacaq".

Osman Gündüzün  fikrincə,  internetin keyfiyyəti ilə bağlı problemlə bağlı Delta-nın gətirdiyi səbəb əslində nəticədir: “Köklü səbəblərlə bağlı mən bu yaxınlarda geniş açıqlama verdiyimdən üzərində dayanmaq istəməzdim.  Dəfələrlə biz bildirmişik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  (NRYTN) ilə birgə maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, problemlərin köklü səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provaydrelər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır.
Ola bilər ki, nazirlik Strateji Yol Xəritəsində göstərilən 3-cü bəkbon (əsas)  provayderin internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözləyir. Fikrimcə bu, doğru yanaşma deyildir, elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir. Dövlət resurslarından istifadə imkanları və start vəziyyətlərinin qeyri bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var".
/musavat.com/