Oliqarxların xaricdəki biznesi ilə bağlı müəmma – Son siyahı

Baxış sayı:
17794

Son vaxtlar ayrı-ayrı məmurların, şirkət rəhbərlərinin xaricdə qurduqları böyük biznes imperiyaları haqqında məlumatlar yayılır. 
Muxalifet.az xəbər verir ki, Cebhe.info-nun yazdığına görə, bu məlumatı yayanlar tutarlı faktlar, sənədlər də təqdim edirlər. Bu isə məsələnin mahiyyətini kifayət qədər ciddiləşdirir. Bu günə kimi icra başçılarından tutmuş nazirlərə qədər onlarla məmur haqqında bu cür məlumatlar ictimailəşdirilib. Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli də bir çox məmurun sahib olduğu xarici biznes şəbəkələri haqqında sənədlər paylaşıb.
İddia olunub ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ukraynada özünə biznes imperiyası qurub. Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib.
Xaricdə biznes sahibi olanlar sırasında Nəqliyyat nazirinin sabiq müavini, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri Arif Əsgərovun da adı var. Onun da haqqında da bu qəbildən olan informasiyalar və bununla bağlı sənədlər yayılıb. Deyilənlərə görə Arif Əsgərov Slovakiyada şirkət sahibi olub, amma sonradan sözügedən şirkətlərin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına keçirildiyi haqqında da məlumat var.
Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin isə böyük biznes imperiyasına sahib olduğu artıq dəqiqləşmiş məlumatdır. Hətta o, haqqında yayılan məlumatlara münasibət bildirərək, Slovakiyada “Saffran” S.R.O adlı şirkətin rəhbəri olduğu, şirkətin hotel və mehmanxanaları tekstil, hamam aksesuarları ilə təmin etdiyini təsdiq edib. Qeyd edək ki, Q.Təhməzli həm də “Medeks” MMC-nin iki təsisçisindən biridir. Q.Təhməzli agentliyə sədr təyin edilməzdən əvvəl bu şirkətin direktoru işləyib. Qeyd edək ki, bir müddət əvvəl AQTA-nın “Medeks” MMC-dən 7 ay ərzində 336,8 min manat dəyərində mallar satın alması ilə bağlı xəbər yayıldı. Bu isə birmənalı qarşılanmadı və qurumun tender zamanı qanunsuzluğa yol verdiyini və nəticədə Qoşqar Təhməzlinin öz şirkətini qalib etməsi kimi təqdim edildi.
Nazirlər Kabinetində Komunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovunun da biznes sahibi olması ilə bağlı məlumatlar yayılıb. Belə ki, Moldovanın sabiq prezidenti Voroninin nəvəsi ilə ailə quran Musa Pənahovun oğlu Fuad Pənahov 9 ildən çoxdur ki, Avstriyada fəaliyyət göstərən “DanGas GMBH” ticarət şirkətinin sahibidir. Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Qeyd edək ki, həmin vaxt Musa Pənahov nəqliyyat nazirinin müavini olub və Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edib. Musa Pənahovun digər oğlu Kənan Pənahov isə əvvəllər Maliyyə Nazirliyində çalışıb və İngiltərə vətəndaşlığı alaraq Londona köçüb. PIMAGRO LLC-nin ortaqlarından biridir. Hazırda vəzifədə olan məmurlarla yanaşı, sabiqlərin də xaricdə böyük biznes şəbəkəsinin olduğuna dair məlumatlar paylaşılıb. Məsələn, sabiq vergilər naziri Fazil Məmmədov xarici ölkələrdə hotel, restoran və digər xidmət sahələrini özündə birləşdirən şirkət sahibidir. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə hələ vəzifədə olduğu zaman Azərbaycanda olan “Garant Holdinq”in (keçmiş adı “ZQAN Holdinq”-müəll.) bir hissəsini xaricə, daha dəqiq desək, Türkiyəyə köçürüb. Ziya Məmmədovun sahib olduğu holdinq özündə xidmət, maliyyə-bank, sığorta, enerji satışı sahələrini birləşdirir.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adı biznes sahibi olan məmurlar sırasında çəkilib. Onunla bağlı da kifayət qədər qalmaqallı məlumatlar yayılıb. Digər maraqlı məqam isə ondan ibarətdir ki, oliqarx məmurların biznes karyerası elə vəzifəyə gəldikləri zamana təsadüf edir. 
Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Gilan Holdinq”in də xaricdə fəaliyyət göstərdiyi haqqında məlumatlar mövcuddur. Qeyd edək ki, “Gilan Holdinq”in tərkibinə 300-dən çox şirkət daxildir və sözügedən biznes imperiyasına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarət etdiyi deyilir. Bunlardan əlavə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov, deputat Xanhüseyn Kazımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı da xarici ölkələrdə mülk və şirkət sahibidir. Bunlar bu günə qədər mətbuatda yayılan məlumatlardır.
Biznes imperiyasına sahib olan təkcə məmurlar deyil, seçkili qurum olan Milli Məclisin bəzi deputatları da oliqarx məmurlardan heç də geri qalmırlar. Hətta bəzi deputatların biznes imperiyasına daxil olan yerli və daxili şirkətlər oliqarx məmurların sahib olduqlarından qat-qat çoxdur. 
Məsələn mətbuatın “un kralı” adlandırdığı deputat Əsabil Qasımov Azərbaycana taxıl idxalı ilə məşğul olan əsas şirkətlər “Karat Holding” MMC, “Gəncə Dəyirman” MMC, “Karmen” MMC, “Aveta” MMC və “Fatoğlu” MMC-nin sahibidir. Bununla yanaşı, İmişlinin deputatı xaricdə də biznes sahibidir və o, “YUTAS (OOO "ÖTAS")” MMC, “PODOLSK UN FABRİKİ” MMC, “RUSAGRO” MMC, “STAV-AZ MMC” (OOO "STAV-AZ"), “AQROS” MMC, “EKSPO” MMC və digər bir çox şirkət və istirahət mərkəzlərinə rəhbərlik edir. Bununla yanaşı, paytaxta fəaliyyət göstərən və tərkibində 2 ədəd 18 mərtəbəli hoteli birləşdirən "MARINE PLAZA" MMC və “Karat MTK”, “İdeal” MMC, “Azİnvest kimi tikinti şirkətləri də deputata məxsusdur. Bakıda ümumilikdə Əsabil Qasımov və ailə üzvlərinə aid olduğu bilinən 29 şirkət fəaliyyət göstərir.
Milli Məclisin deputatları İqbal Məmmədov, Xanlar Fətiyev, Ağalar Vəliyev, Hadi Rəcəbli, Nəriman Əliyev, Malik Həsənov, Rüfət Quliyev və Ülvi Quliyevin də bizneslə məşğul olması haqqında kifayət qədər məlumatlar yayılıb. Qeyd edək ki, biznes sahibi olan deputatların hansı şirkətlərə sahib olduqları haqqında ətraflı məlumat “Cümhuriyət” qəzetinin 21 avqust sayında yayımlanıb.
Xatırladaq ki, ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı sahibkarlıq, komersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Deputatlar isə bu maddənin “təsir dairə”sindən sahib olduqları biznes imperiyasını yaxın adamlarının adına keçirməklə çıxa bilirlər. Amma qısa araşdırma kifayət edər ki, sözügedən bizneslərin kimə aid olduğu bəlli olsun. Maraqlıdır ki, yayılan məlumatlara və sənədlərə görə, hələlik hansısa araşdırma aparılmasına dair rəsmi məlumat verilməyib, kimsə məsuliyyətə cəlb olunmayıb və ya onlarla bağlı heç bir ölçü götürülməyib. Yuxarıda adı çəkilən məmur və deputatlarla bağlı biznesə sahib olduqlarını göstərən kifayət qədər sənəd yayılıb. Sənədlərin doğru olmaması da istisna deyil, amma o zaman da yayılan məlumat və sənədlərin araşdırılması labüddür. Çünki bütün hallarda tərəflərin (biznes sahibi olan məmur və deputatlar və ya sənədləri yayan mənbə-müəll.) biri mütləq qaydada məsuliyyət daşıyır. Amma hələ də məhz bu məsələ ilə bağlı hər hansı bir araşdırmanın getməsi haqqında məlumat yoxdur.