"Oğurladıqlarını alıb, Qarabağın bərpasına sərf etmək lazımdır” - EKS-SPİKER

Baxış sayı:
451

Eks-spiker Rəsul Quliyev Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək xarakterli fikirlər bildirib və təkliflə çıxış edib.

Facebook səhifəsində Rəsul Quliyev bildirib ki, Azərbaycanda böyük vəzifədə olanların böyük korrupsioner olduğu məlum idi. Ancaq vəzifəlilərin bu şəkildə dəhşətli korrupsiya ilə məşğul olması adama fantaziya kimi görsənir. Bu insanların məhkum edilməsi, mənimsənilmiş pul və ya mülklərin əllərindən alınması, sərvətin sahibinə - xalqa qaytarılması çox vacibdir.

R.Quliyev qeyd edib ki, torpaqlar işğaldan azad edilib, bu proses tək ordunun mətinliyi, xalqın hakimiyyətin ətrafında birləşməsi ilə uğur qazana bilməzdi, bu şanlı qələbənin qazanılması üçün ölkə, həm də milyardlarla dollar pul xərcləyib. Azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün isə azı 10-15 milyard dollar pul tələb olunur. Bu vəsaitin, heç olmazsa 5 milyardı bu korrupsionerlərin əlindən alınıb büdcəyə qaytarılmalıdır: “Sovet ittifaqının dağılmasının axırıncı ilində, yəni 1987-1991-ci illərdə mən Azərbaycanda ən çox maaş alan şəxs idim. Orta əməkhaqqı ölkədə 200, mən işlədiyim zavodda 600 rubl olanda, mən, təxmini 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çoxsaylı ixtiralara görə. Azərbaycan müstəqillik alandan sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı.

Bu tipli “bandit”lərə o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım. Cəmiyyəti bu insanlardan təmizləmək lazımdır. Oğurladıqlarını öz xoşları ilə xalqa qaytarsınlar, sonra gedib, bacarırlarsa, yenidən qanun çərçivəsində bizneslə məşğul olsunlar".

Qeyd edək ki, korrupsiya ilə talan edilmiş dövlət vəsaitlərinin korrupsiya ilə məşğul olmuş şəxslərdən geri alınıb işğaldan azad edilən rayonların quruculuq işlərinə yönəldilməsi barədə digər tanınmış siyasilər və iqtisadçılardan da təkliflər olub.