​Oğru Əlibayramskinin qardaşı Bakıda hakim qarşısında - QƏRAR

Baxış sayı:
5587

Kriminal aləmdə Rafət Əlibayramski kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov, onunla birlikdə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Hakimlər cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediblər. Növbəti proses mayın 23-də davam edəcək. İttihama görə, Nəsimi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinə Rüfət adlı bir nəfərin odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 patron aşkar olunub. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiyadan aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. Rüfət Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri aparılıb. Məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışdadır. Daha sonra istintaq dövründə onunla cinayətdə iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov da saxlanılıblar. Qeyd edək ki, Rafət Əlibayramlinski və qardaşı Rüfət Əmirov kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun adamları kimi tanınır.