Oğru elə bağırdı ki...

Təxminən bir ay öncə, iyun ayının 25-də “Borçalı” Cəmiyyətinin növbədənkənar ümumi yığıncağından sonra qurumun keçmiş rəhbərlərinin məntiqsiz davranışını anlayıram. Yeddi il ərzində hüdudsuz “hökmranlıq”larına, xalqın hesabına özünüreklam imkanlarına, maddi və mənəvi təminatlarına bir andaca son verildi. Əslində gözlənilən idi, illərdi düz yolda olmadıqları, xalqın etimadından sui-istifadənin və insanlıq duyğusunu istismarının gec-tez pis sonuclanacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdi. Amma qulaq asmadılar. Özlərini ölkənin on siyasətçisindən biri hesab edənlər ziyalılarımızı “yoldanötən” adlandıranda artıq bu insanların ağıl xəstəliyinə tutulduqlarına inananların sayı getdikcə artmağa başladı. Bu artım isə, dediyim kimi, bir ay əvvəl partladı. Həm də pis partladı. "Borçalı" İctimai Cəmiyyəti təsisçilərinin təşəbbüsü ilə çağrılan növbədənkənar qurultaya dəvət olunsalar da xalqın önünə çıxıb hesabat verməyə üzü olmayanlar sahib olduqları “qabiliyyət” və “qanacaq” səviyyəsində qurumun yeni rəhbərliyinə və ümumilikdə üzvlərinə-borçalılara qarşı böhtan, təhqir və söyüş kampaniyasına başladılar.
İctimai-siyasi meyitə çevrilmək qorxusu kommunist təfəkkürlü bir qrup qaragürhçunu elə hərəkətə gətirib ki, qorxağın cəsarətə gəlməyinin gerçəkdən də təhlükəli olduğu tezisini isbatlamaq çün hansısa elmi-psixoloji araşdırmaya-filan ehtiyac qalmayıb. İndi bu aciz və qorxaqlar guya bizə qarşı piar kampaniyası aparırlar. Adama deyərlər, ə yekə kişisiz, danışın, fikirlərinizi yazın, təkliflərinizi yazın, iradlarınızı məntiqlə əsaslandırın... Təhqir və əxlaqdan kənar ifadələr nəyə lazım? Guya bu addımla sizi bu təhqirləri yazmağa vadar və ya məcbur edən şəxs və ya şəxslər haqqında müsbət rəy formalaşdırırsız? Əsla. Sizlərə zəhmətkeş məktubu yazdıranların həyata baxışları, təfəkkür və səviyyələri, mənəviyyatlatı bundan ibarətdir- təhqir, söyüş, çirkab. Hələ bununla da özünüzü ziyalı sayırsız? Bununla da Borçalılıqdan, Borçalı əxlaqından danışırsız. Ayıbdır vallah, güldürməyin camaatı özünüzə. Sizin yazdıqlarınızı oxuyan dost-tanış soruşur ki, ayə, söyüş-təhqirdimi Borçalı əxlaqı?
Bir bədbəxt bizi “münafiq” adlandırır. Zavallıdan soruşsan “münafiq” kəliməsinin anlamı nədir, gözlərini döyəcək. “Münafiq” sözünün mənası "ikiüzlü" deməkdir. Münafiq qəlbində, yəni daxilən haqqa inanmır, amma zahirdə, yəni üzdə özünü Uca Allaha inanan kimi göstərib ikiüzlülük edir. Adama deyərlər ki, ay bədbəxt, sən və ya səni qısqırdan, Allahın rəsuludur, ya elçisidir ki, bizi münafiq adlandırsın? Bu yazıqlar anlamırlar ki, kiminsə haqqında hökm verməklə, onları Allaha inanmamaqda suçlamaqla özləri nəinki münafiqlik edir, Allaha şərik qoşmaqla küfrə girirlər.
Biri bizi kiməsə işləməkdə ittiham edir. Ayıbdı vallah. Ən azı mən bizim aramızda nəyinsə xatirinə əllərinin arxasını yerə qoyaraq kiminsə qucağında oturmağa razılıq verən (!) birini tanımıram. Tanıdıqlarımın adını isə çəkmək istəmirəm və deyirəm ki, ayıbına kor olub otursun oturduğu yerdə.
“Borçalı” Cəmiyyətinin KEÇMİŞ sədri Zəlimxan Məmmədli belə bir status yazıb: "Qanunlara sayğlsızlıq nümunəsi göstərən məlum dəstə Prezidentin müşaviri Əli Həsənovun, Standartlaşdırma və Metrologiya Komitəsinin sədri Ramiz Həsənovun, eyni zamanda Nazim İbrahimovun adından saxta bəyanatlar verərək insanları aldatmaqdadırlar. Guya onlar Eyvaz borçalıya və kərəm məmmədova "Borçalı" Cəmiyyətini ələ keçirin əmrini verib və əmin ediblər ki, Ədliyyə Nazirliyinə tapşırmışıq ki, onları legitim tərəf kimi tanıyacaqlar".
Diqqətlə oxuyun. Onun adlarını çəkdikləri dövlət məmurlarını dolayısı ilə şantaş edib tərəf kimi göstərmək istəyi öz yerində. Ancaq diqqətçəkən başqa bir nüans var; Zəlimxan Məmmədli özü və əlaltıları bizlərə qarşı ən təhqiramiz, ən aşağılayıcı ifadələrdən istifadə edərək, əslində öz kimliklərini nümayiş etdirməkdədirlər. Zəlimxan Məmmədli statusunda Azərbaycan dilinin tələblərinə riayət edərək cümlələr qurub, şəxslərin, dövlət qurumlarının adlarını böyük hərflərlə yazıb. Lakin məhz Borçalı sözünü və Cəmiyyətin yeni sədri Kərəm müəllimin ad və soyadını kiçik hərflərlə yazıb. Məncə bu qədər təsadüf olmaz. Bu adam Eyvaz müəllimin Borçalı təxəllüsünü və Borçalı Cəmiyyətinin sədri Kərəm müəllimin adını və soyadını kiçik hərflərlə yazıb onları aşağılamaqla əslində Borçalı və Borçalılara olan gizli münasibətini özü də bilmədən ortaya qoyub. Baxın və düşünün. Bizi məsuliyyət hissini itirmiş, kimlərinsə oyunlarının aləti kimi ifadələrlə təhqir etdiyini düşünən bu adamın Borçalı və Borçalılara münasibətinin, içindəki insanlıq düşmanlığının, kin-küdurətin, nifrətin dərəcəsini özünüz dəyərləndirin.
Mən müzakirələrin, barışın, əl-ələ verib el-oba üçün çalışmağın tərəfdarıyam. Amma bunun üçün gərək bəziləri ayıblarına kor olub səslərini çıxarmasınlar. İmkan versinlər, bu camaat ortaq bir dil tapıb öz dərdinin hayına qalsın. Yoxsa tam səmimiyyətimlə deyirəm - sandıq açılıb pambıq ortalığa tökülsə, bəzi adamlar qapıdan belə başını çölə çıxara bilməyəcək. Hərçənd onlarda azacıq da olsa abır-həyanın qaldığına inamım yoxdu...

Sərkərdə Sərxanoğlu