"OĞLUM POLİSLƏR TƏRƏFİNDƏN VƏHŞİCƏSİNƏ DÖYÜLÜB" – Şəhid xanımı: “O, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin zirzəmisində saxlanılır…”

Baxış sayı:
5239

Qubadlı rayonunda məcburi köçkün düşən və hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, mənzil 41-də yaşayan, şəhid xanımı Nəcəfquliyeva Fəxriyə Əmirulla qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri  cənab Vilayət Eyvazova, Ədliyyə naziri Fikrət Məmmədova, Baş naziri Əli Əsədova və Ombudsman Səbinə Əliyevaya müraciət edən şikayətçi yazır:
“Bildirirəm ki, mənim şikayətim Azərbayacan polisinin adına ləkə vuran Sumqayıt Şəhər Polis İdarəsinin bəzi əməkdaşlarındandır.
Oğlum, 04.12.1977-ci il doğumlu Quliyev Ceyhun Ələmqulu oğlu 04.02.2021-ci ildə sərxoş halda idarə etdiyi 114 №-li marşrut avtobusunda yol polisinin “saxla” əmrinə tabe olmayıb. Nəticədə, polislər tərəfindən məcburən dayandırılaraq, vəhşicəsinə döyülmüşdür.
II qrup əlil və şəkərli diabet xəstəsi olan oğlumun burnu, dişləri sındırılmış, üz nahiyəsi tanınmaz hala salınmışdır. Qalan gözlə görünməyən nahiyələrindən xəbərim yoxdur.
05.02.2021-ci ildə oğlum inzibati xəta maddəsi ilə məhkəməyə gətirildi. Şəhid ailəsi olduğu üçün məhkəmə işi geri qaytardı. Polislər barmaq izini götürüb, sonra buraxacaqlarını deyərək, oğlumu məhkəmədən apardılar. Sonradan oğlumun üzünə yalnaçı şahid tutaraq, AR CM-nin 313-cü maddəsi ilə onu ittiham etdilər.
Hazırda şəhər polis idarəsinin zirzəmisindəki həbsxanadadır. Həyatı təhlükədədir.
Oğlumu vəhşicəsinə döyən polis əməkdaşlarından biri Elnur Rəhimovdur.
Mən oğlumun törətdiyi əməli pisləyir, ona haqq qazandırmağa da çalışmıram. Amma polis əməkdaşları hansı ixtiyarla, hansı haqla mənim oğlumu bu hala salıb? Onlara bu ixtiyarı kim verib? Onlar bu qədər qoluzorlu və güclüdürlərsə, mənim şəhid olan həyat yoldaşım kimi, öz güclərini Qarabağ savaşında erməniyə göstərərdilər.
Bunu edənlər Azərbaycan dövlətinin, Azərbayacan polisinin adına ləkə gətirən xainllər ola bilər. Mən bu vəhşiliyi edən polislərin milli mənsubiyyətinə şübhə edirəm.
Polislər tərəfindən döyülən oğlumun oğlu hazırda hərbi xidmətdədir.
Sizdən xahiş edirəm, oğlumun həkim tibbi ekspert komissiyası tərəfindən yoxlanıb rəy verilməsi, habelə onu vəhşicəsinə döyüb, sifətini tanınmaz hala salan Sumqayıt Polis İdarəsi əməkdaşlarının istintaqa cəlb edilməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.
Öncədən Sizə minnətdaram”.


Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.