​Odre Azule vəzifəsinə təsdiqləndi

Fransanın sabiq mədəniyyət və kütləvi kommunikasiyalar naziri Odre Azule noyabrın 10-da BMT-nin təhsil, elm və mədəniyyət məsələləri təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə təsdiq edilib.
Muxalifet.az xəbər verir ki, YUNESKO-nun Baş konfransının sessiyasında iştirak edənlərin əksəriyyəti bu qərarı dəstəkləyib.
Fransanın 45 yaşlı təmsilçisi bu postda bolqarıstanlı diplomat və alim, təşkilata 2009-cu ildən başçılıq edən İrina Bokovanı əvəzləyəcək.
Odre Azule Paris-Dauphine universitetində, Parisin siyasi tədqiqatlar İnstitutunda, administrasiyanın Milli məktəbində, həmçinin Lancaster universitetində (Böyük Britaniya) təhsil alıb. 2000-ci ildə Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişafı idarəsində audiovizual sektor bölməsinin rəhbərinin müavini, sonra isə rəhbəri vəzifəsində çalışıb.
2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın mədəniyyət və kommunikasiyalar üzrə müşaviri olub. 2017-ci ilin mayınadək mədəniyyət və kütləvi kommunikasiyalar naziri vəzifəsini tutub. YUNESKO-nun baş direktoru postuna namizədliyini irəli sürən Azule seçkilərin son turunda 58 səsdən 30-nu qazanaraq rəqibi - qətərli diplomat, sabiq mədəniyyət naziri Hamad bin Əbduləziz əl-Kavarini 2 səslə qabaqlayıb.
Qeyd edək ki, YUNESKO dünya mədəni irsinin əsas müdafiəçisi rolunu oynayır. Onun proqramları təhsilin, humanitar və təbiət elmlərinin, mədəniyyətin, kommunikasiyaların inkişafına yönəlib. İngilis, fransız, rus, çin, ispan və ərəb dilləri təşkilatın işçi dilləridir.