Odlar Yurdu Universitetinin rektoru “nurçu” damğasından xilas ola bilmir – ŞOK SƏBƏBLƏR

Baxış sayı:
11341

Əhməd Vəliyevin bütün cəhdlərinə rəğmən, universitetin tələbələri Türkiyədə təhsillərini davam etdirə bilmirlər

Azərbaycanda “nurçu”larla əlaqədə ittiham olunan və FƏTÖ lideri Fətullah Gülənin ölkəmizdəki ən sadiq adamlarından biri olduğu iddia edilən Ceyhun Osmanlının çalışdığı Odlar Yurdu Universitetinin prorektoru vəzifəsindən azad olunduğu haqda bir neçə ay əvvəl məlumat vermişdik.
Etibarlı mənbələrdən Muxalifet.az-a  daxil olan məlumatlar əsasında qeyd etmişdik ki, keçmiş deputat may ayında Odlar Yurdundakı işindən öz ərizəsi əsasında azad olunsa da, əslində, onun universitetin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsindən çıxarılmasının başqa səbəbləri var.
Məlumata əsasən, FƏTÖ örgütü ilə əlaqədə ittiham olunaraq “vurulan” sabiq deputatın sonradan Odlar Yurduna prorektor vəzifəsinə gətirilməsi universitetin fəaliyyətində ciddi problemlər yaradıb. Belə ki, həmin tarixdən etibarən Odlar Yurdunu bitirmiş tələbələrin Türkiyənin ali təhsil ocaqlarında təhsilini davam etdirməsinə süni əngəllər olub. Hətta bir çox tələbələrə qarşı Türkiyənin müxtəlif üniversitetlərində sərt mövqe nümayiş etdirilib.
Odlar Yurdu Universitetinin rəhbərliyi bütün bunların səbəblərini araşdırdıqda isə Azərbaycanda “nurçu”ların əsas simalarından biri kimi təqdim olunan C.Osmanlının bu universitetdə prorektor vəzifəsində çalışması faktı üzərində dayanılıb. Məlum olub ki, məhz bu məsələ ilə əlaqədar olaraq Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) Odlar Yurdu universitetini özünün “qara siyahı”sına salıb. Bu baxımdan da Odlar Yurdundan gedən tələbələrə münasibətdə Türkiyə ali təhsil ocaqları və YÖK çox ehtiyatlı davranış sərgiləyib. Yəni Ceyhun Osmanlının FƏTÖ ilə əlaqələri əsas gətirilərək, onun prorektoru olduğu universitetdən gələn tələbələrin də “nurçu”larla bağlantıda olması ehtimalı hər zaman önə çəkilib.
Muxalifet.az xəbər vermişdi ki, rektor Əhməd Vəliyev bu haqda məlumat əldə etdikdən sonra, öncə Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıqlar apararaq, problemi həll etməyə çalışıb. Lakin bu mümkün olmadıqda, elə həmin gün keçmiş həmkarı, Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Ceyhun Osmanlını rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırıb. Ə.Vəliyev bununla Odlar Yurdu Universitetinin FƏTÖ terror təşkilatı ilə heç bir bağlantısının olmadığını nümayiş etdirməyə çalışıb.

Maraqlıdır ki, C.Osmanlı artıq may ayından Odlar Yurdu Universitetindən uzaqlaşdırılsa da, universitet tələbələrinin məlum məsələ ilə bağlı problemləri bitməyib. Bu haqda məlumat verən mənbə deyir ki, sözügedən təhsil ocağı hələ də Türkiyə Yüksək Öyrətim Kurulunun “qara siyahı”sında olduğundan, universitetin məzunları öz təhsillərini qardaş ölkədə davam etdirmək imkanından məhrum ediliblər.
Bildirilir ki, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bu problemin həlli ilə bağlı çoxsaylı görüşlər keçirsə və bir çox vəzifəli şəxsin qapısını döyüb, Ceyhun Osmanlını universitetdən xaric etdiyini təkrar-təkrar onlara xatırlatsa da, aylardır problemin həllinə nail ola bilmir. Sözsüz ki, bu da universitetin nüfuzuna böyük zərbədir. Ona görə ki, təhsilini qardaş ölkədə davam etdirmək istəyən tələbələr artıq Odlar Yurdu Universitetini seçməkdən imtina edirlər.

Muxalifet.az
 
Redaksiyadan: Mövzu ilə bağlı Odlar Yurdu Universitetinin rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.