Öcalan kürdləri tərksilaha çağırdı... - YENİLƏNİB

Dünya mətbuatı Ocalının çağırışına dərhal reaksiya verdi

PKK-ya edilən qurultay çağırışı dünya mətbuatında da yer alıb.

Bu tarixi hadisə haqqında ilk olaraq “Reuters” xəbər agentliyi yazıb.  Agentlik “Abdullah Öcalan tərəfdarlarını bahar ərəfəsində “tərksilah” qurultyına çağırdı” - ifadələrinə yer verib və hadisəni mühüm addım kimi dəyərləndirib.

"Associated Press" isə xəbəri “Həbsdəki kürd lider PKK-ya tərksilah olmaq üçün çağırış etdi” - başlığı ilə verib. Xəbərdə bu ifadələr yer alıb:  “Kürdyönümlü millət vəkili Sırrı Sürəyya Öndər bildirdi ki, Öcalan PKK-nı fövqaladə qurultay keçirməyə dəvət edib və təşkilatın silahlı mübarizəsində tarixi bir qərar verməyə çağırıb”.

***

Türkiyə hökuməti ilə PKK arasında gedən “Həll prosesi”ndə fəal iştirak edən HDP heyəti Baş nazirlik binasında dövlət rəsmiləri ilə görüş keçirib.

Görüşdən sonra hökumət rəsmisi və HDP heyəti ortaq açıqlama verib. Açıqlamada PKK lideri Abdullah Öcalanın növbədənkənar qurultay çağırışı etdiyi bildirilib. Qurultayda PKK-nın silahları yerə qoymasının müzakirə olunacağı gözlənilir. Hökumət rəsmiləri ilə HDP-nin ortaq açıqlaması Türkiyə tarixində ilk dəfədir ki, baş tutur.

Hökumət adından baş nazirin müavini, HDP adından isə Sirri Süreyya çıxış edib. Baş nazirin müavini Yalçın Akdoğan bildirib ki, silahların yerə qoyulması prosesinin sürətlənməsi və küçə aksiyalarına son verilməsi üçün bu açıqlama çox vacibdir.

Çox keçmədən Türkiyə hökuməti ilə HDP-nin ortaq açıqlamasına MHP-dən reaksiya gəlib.

MHP başqanının katibi Oqtay Vural bunu vətənə xəyanət adlandırıb. Oqtay Vural bildirib ki, bu çağırış silahları yerə qoymaq üçün deyil, vətəni, milləti PKK-ya qurban verməkdir: “Tərksilah olmaq yox, bu PKK-ya təslim olmaq müqaviləsidir. Bu xəyanətin sənədidir. PKK-nın silahla edə bilmədiyini AKP “tərksilah” adı ilə eləyir. Bu razılaşma kiminlə imzalanıb? İmzalayan Ərdoğanla Öcalandırmı?”(musavat.com)