"O MƏNİ VURACAQDI, MƏN VURDUM"- "Yaşa Bakinski"ni öldürən şəxsin məhkəməsi

Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Ağayrv Elxan Şıxbala oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən E.Ağayev ibtidai istintaq dövründə cinayət işinin düzgün aparılmadığını deyib.
O, hadisəni törətdiyini etiraf edib: "Mənim evimə gəlmişdi, əlində də bıçaq. O məni vurmaq istəyirdi, mən vurdum. Hadisədən sonra polisə özüm məlumat verdim".
Məhkəmədə mərhumun qızı Aytən Baləhmədova da ifadə verib.
O bildirib ki, E.Ağayev onların evlərinə gələrək atasını qətlə yetirib: "Mən atamı görəndə artıq ölmüşdü".
Qeyd edək ki, hadisə bu il martın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.
Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Bolis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.
E.Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb./musavat.com/