O hansı işdir ki, yüz min manat maya qoyub 160 min götürmək olar?! - ÖZÜ DƏ CƏMİ 3 AYA...

Baxış sayı:
286

Azərbaycanda kənd təsərrüfatına yatırım qoymaq istəyən iş adamları, fermerlər üçün qısa müddətə yaxşı gəlir götürmək imkanı verən çiyələk əkini genişlənir.

Virtualaz.org araşdırıb ki, çiyələk becərən fermerlər son bir ildə bu sahədən yaxşı gəlir götürə bilirlər. Amma bir məsələ var ki, bazarlara çıxarılan çiyələklər də bu il həddən artıq iriləşib. Bu ilki mövsümdə Bakı bazarlarının piştaxtalarını nəhəng ölçülü çiyələklər bəzəyir. Üstəlik bu giləmeyvəni alanlar onun dadsızlığından və ənənəvi çiyələk ətrinin “yoxa çıxmasından” gileylənirlər.

Lakin fermerlə deyirlər ki,  nəhəng və dadsız olsalar da bu çiyələklərə xarici bazarlarda yaxşı tələbat var. Yəni onlar məhsulu ixrac edib qazanırlar.

Builki mövsümdə Rusiyanın meyvə-tərəvəz bazarında Azərbaycan çiyələyinə təlabat artıb. Mayın 10-dan Rusiyaya gündə təxminən 50-80 ton çiyələk ixrac olunur. Yaxın günlərdə isə ərəb ölkələrinə çiyələk ixrac edəcək. Bəlli olub ki, tez xarab olan məhsul kimi çiyələk ixracındakı əvvəlki illərdən qalan problemlər də prezident İlham Əliyevin tapşırığı ilə həllini tapıb.

Niyə Cəlilabad, Şəmkir və Xaçmaz çiyələyi?

Son 1 həftədə çiyələk 25-30 faiz ucuzlaşıb və iyunun əvvəlindən qiymətlər bir qədər də aşağı düşəcək. Bakının “Vosmoy bazar” kimi tanınan,  Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz məhsullarının topdansatış bazarında çiyələyin kiloqramı 1 manat 20 qəpik-4 manata təklif edilir. Satıcılar deyirlər ki, daha çox Cəlilabad, Şəmkir  və Xaçmazdan gətirilən məhsullara üstünlük verilir.

“İqliminə görə bu rayonlarda yetişdirilən çiyələklər dadlı olur. Hətta istixana şəraitində yetişdirilmiş çiyələklərdə də fərq hiss edilir”,-satıcılardan biri izah edir. Digəri isə deyir ki, bir neçə gündən sonra açıq havada yetişdirilmiş çiyələk satışda olacaq, dadlı çiyələk istəyənlər 10-15 gün gözləsinlər.

Marketlərdə də satıcılar satışdakı çiyələyin yerli istehsal olduğuna and-aman edirlər. Deyirlər ki, yerli çiyələklərin GMO sortlar olmadığına əmindirlər.

Ənənəvi yerli sortlar sıradan çıxır

İqtisadçı ekspert Akif  Nəsirli deyir ki, yerli sortlar məhsuldar olmadığından fermerlər xarici sortlara üstünlük verirlər. Bir neçə ildir Azərbaycana GMO tərkibli məhsulların, eləcə də toxumların gətirilməsi qadağan edilib, bununla da yerli bazar belə məhsullardan təmizlənir.

Nəsirlinin sözlərinə görə,  hələ də satışa çıxarılan çiyələyin GMO tərkibli olması ehtimalları səsləndirilir, amma bunu  yalnız laborator analizləri ilə aşkarlamaq mümkündür. Çünki meyvənin görünüşü və ya dadı ilə tərkibi haqda rəy bildirmək olmaz: “GMO tərkibli məhsulların gətirilməsinin qadağan edilməsi doğru addımdır, çünki geni dəyişdirilmiş məhsullar dərhal zəhərləmədiyindən şübhə yaratmır. Belə məhsullarla qidalandıqda  orqanizmə tədricən zərər vurur. Məsələn, geni dəyişdirilmiş məhsullarla qidalanma xərçəng xəstəliyinin yaranma səbəblərindən biri kimi göstərilir”.

80-100 min sərmayə qoyur, nə qədər qazanır...

Fermerlər əsasən Türkiyə, İtaliya və İspaniyadan gətirilən “Clery”, “Murano”,  “Viktoriya”, “Portala”, “Monterey”, “Albion”, “SanAndreas” və bu kimi sortlara üstünlük verirlər.    

Lənkəranlı fermer Şair Həsənov deyir ki, 3 hektar sahədə istixana şəraitində çiyələk yetişdirib, martın sonundan yığıma başlanılıb, noyabrın əvvəlinədək məhsul götürəcək: “Çiyələk digər meyvə -tərəvəzdən fərqli olaraq həssas, bir o qədər də əmək tələb edən sahədir. Mövsümboyu günaşırı, bəzən iki gündən bir 1 ton, ton yarım məhsul yığırıq”.

Ş.Həsənov da xarici sortlara üstünlük verilməsini məhsuldarlıqla əlaqələndirir.  Deyir ki, əkindən yığımadək bütün xərclər nəzərə alınmaqla 3 hektar sahəyə təxminən 80-100 min manat sərf olunur. Aqrotexniki qaydalara düzgün əməl etməklə məhsuldarlıq yüksək olur, sərmayəni çıxarır, qazanc da götürürlər-təxminən 50-60 faiz.

“Məhsulu həm yerli bazara, həm də Rusiya bazarına çıxarırıq. Əsas gəlir də Rusiya bazarından çıxır”,-fermer deyir. Əlavə edir ki, çiyələk istehsalı həm də kəndlərdə iş yeridir. 3 hektarlıq ərazidən il boyu  35-40 işçi evinə çörək pulu aparır.

Xaçmazlı fermerlərdən biri isə deyir ki, son zamanlar açıq sahələrdən daha çox istixana şəraitinə üstünlük verilməsinin səbəbləri var. “Sadəcə olaraq, istixana şəraitində yetişdirilən çiyələyin martın əvvəlindən yığımına başlanılır, bazarlara  yüksək qiymətə çıxarılır. İstixanalarda becərilən çiyələklər keyfiyyətinə və dadına görə açıq havada becərilənlərdən fərqlənmir, GMO tərkibli olmasından isə söhbət gedə bilməz”,-fermer əlavə edib. Müsahibimiz qeyd edir ki, çiyələk istehsalı zəhmət tələb etsə də, qazanclıdır.

Rusiya bazarlarında tələbat artıb, ərəb ölkələrinə də satılacaq

Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev isə bildirir ki, Rusiya bazarında təlabatın artması fermerlərin işinə yarayıb, satışla bağlı problem yoxdur. Yaxın 10-15 gündə isə ərəb ölkələrinə çiyələk ixrac edəcək. Ötən il Rusiyaya təxminən 1500-2000 ton məhsul ixrac edilibsə, builki mövsümdə ixracın həcmi ən azı 50 faiz artıq olaca.

“Digər meyvə, yaxud giləmeyvələrdən fərqli olaraq çiyələk əl əməyi, qulluq tələb edən sahədir. Həm istixanalarda, həm də açıq sahələrdə çalışanların 90 faizi qadınlardır. Ayda təxminən 350-500 manat əməkhaqqı verilir, bu isə kənd yerlərində böyük məbləğdir. Çiyələyin yığımı kartof yığımı ilə üst-üstə düşdüyündən kəndlərdə işçilərə ehtiyac yaranır. Məsələn, cənub bölgəsində çiyələk yığımı üçün kənar rayonlardan işçi dəvət edirlər”.

Seyfullayevin sözlərinə görə, ölkəyə gətirilən ştillər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılaraq qeydiyyatdan keçir. “Yerli sortlarda hektardan 15-20 ton məhsul götürülürdüsə, xarici sortlarda məhsuldarlıq 50-60 tondur. Xarici ölkələrdə biri 50-100 qram olan çiyələklər də var və ölçüsünə görə çiyələyin GMO tərkibli ola bilməsi iddiaları əsassızdır”, -Seyfullayev əlavə edib.

Qida Təhlükəsizlik Agentliyinin mətbuat xidmətindən isə virtualaz.org-un sorğusuna bildiriblər ki, çiyələklərlə bağlı şikayət yoxdur. Ümumiyyətlə, ölkəyə gətirilən bütün qida məhsulları risq əsaslı nəzarət tədbirlərinə cəlb olunur və qanunvericiliyə uyğun müvafiq qaydada yoxlanılır.