"Nəzarət bərpa olundu, loyallar arxayın edildi, sistem özünü təsdiqlədi" - AZƏRBAYCANDA NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR

Baxış sayı:
4141

Hakim Yeni Azərbaycan Partiyası dekabr ayının 2-də gözlənilməz addım ataraq Milli Məclisin özünü buraxması üçün təşəbbüs göstərdi.

Rəsmi səbəb belə idi ki, Milli Məclisin fəaliyyəti prezidentin bəyan etdiyi islahatlar xəttinə uyğun deyil. Bundan iki gün sonra Azərbaycan Konstitusiya Məhkəməsi bu qərarın ölkə Konstitusiyasına uyğunluğunu təsdiq etdi.

Prezident növbədənkənar seçkini fevralın 9-na təyin etdi - Seçkinin Parlamentin buraxılmasından cəmi iki ay sonraya təyin edilməsi müxalifətə hazırlaşmaq üçün yetərli zaman vermədi.

Bəzilərinin böyük gözləntiləri...

Əsasən kadr yerdəyişmələri ilə məhdudlaşdırılsa da, sosial müavinətlərin bir qədər artması, Prezident Administrasiyasında bir sıra şöbələrin və nazirliklərin birləşməsi və ya ləğv edilməsi kimi dəyişiklərlə əlamətdar olmuş il [2019-cu il - red.] islahatların gedişi ilə bağlı müəyyən gözləntilər yaratdı.

Bəzi xarici və yerli ekspertlər bu prosesi təhlil edərək, Azərbaycanda "avtoritar modernləşmə"-nin getdiyini və prezidentin obyektiv reallıqla üzləşərək idarəetmənin texnokratik transformasiyasını həyata keçirməyə hazır olduğunu iddia edirdilər.

Bu, həmçinin prezidentin rəsmi bəyanatlarına əsaslanan bir fərziyyə də doğurdu ki, parlament gənc texnokratları sıralarına qatması hesabına bir institut kimi öz effektivliyini artıra bilər.

Təhlilçilər köhnə qvardiyanın xaricdə təhsil almış gənc ekspertlərlə əvəzlənməsinə "elitaların təzələnməsi" adını verdi.

...və digərlərinin skeptisizmi

Digərləri üçün ötən il prezident tərəfindən edilən dəyişiklər sadəcə dekorasiya və daha bir imitasiya aktı idi. Onlar hesab edirdilər ki, islahatların əsas məqsədi və hədəfi sistem daxilindəki insanları, sadəcə, bir-biriylə əvəz etmək yox, idarəetmənin özünün qaydalarının və məğzinin dəyişdirilməsi olmalıdır.

Onlar israrla deyirdilər ki, qismən də olsa siyasi liberallaşma olmadan heç bir islahat aparmaq mümkün deyil. Onlar bir sıra səbəblərə - qərarların qəbulunda şəffaflığın təmin edilməsi, effektiv nəzarət və balans institutları, biznes və siyasi maraq kəsişmələrin tənzimlənməsi, siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyin dəyişdirilməsi kimi əsas idarətmə problemlərinə toxunulmamasına görə baş verənləri ciddi qəbul etməməyə çağırdılar.

Bu nöqteyi-nəzərə görə, seçki qanunvericiliyinə və seçki prosesinin idarə edilməsinə əhəmiyyətli dəyişiklər olmadan və ifadə, toplaşma və təşkilatlanma kimi əsas azadlıqlar təmin edilmədən növbədənkənar seçkilərin keçirilməsi sadəcə "gözdən pərdə asmaq" kimi köhnə vərdişdən başqa bir şey deyil.

Müxalifət yenə parçalandı

Yuxarıda göstərilən iki yanaşma müxalifətin mövqeyinə də təsir göstərdi. Parçalanma seçkidə iştirak məsələsinə fərqli yanaşmaya dair debatlardan doğdu: seçkidə iştirak yalnız saxta seçkini legitimləşdirəcək, yoxsa, əksinə elektoratı səfərbər edib oyadacaq?

Birinci mövqedən Milli Şura və Xalq Cəbhəsi Partiyası kimi təcrübəli və necə deyərlər, "köhnə" müxalifət çıxış edib. Onlar, iddia etdikləri kimi, hakimiyyətin daha bir imitasiya və tamaşasında iştirak etməmək qərarına gəldilər.

Xaricdə təhsil almış gənc kadrların hökumətdə təyinatları və prezidentin yaşlı məmurlar barədə tənqidi çıxışlarını siyasi fürsət kimi qiymətləndirən digər qrup isə yaranmış vəziyyətdən yararlanmağa həvəsləndi. Nəticədə, Hərəkat koalisiyasında birləşən Müsavat, REAL, eləcə də digər hərəkatlar və müstəqillər seçkidə iştirak etmək qərarına gəldilər.

Parlamentin rolu və "razılıqlı demokratiya"

Seçkilərin təbiətini anlamaq üçün beynəlxalq reytinqlərə görə "avtokratiya" kimi təsnif edilən ölkədə parlamentin rolunu anlamaq lazımdır.

Nəzarət və balans institutlarının vacib elementi və ictimaiyyətin qərarvermə prosesində iştirakı və nümayəndəliyini təmin edən orqan kimi, parlamentin rolu demokratik cəmiyyətdəki rolundan fərqli olaraq, avtokratik cəmiyyətlərdə, sözün əsl mənasında, "qərarları möhürləmək" səviyyəsinədək enir və sadəcə icra hakimiyyətinin bir qoluna çevrilir.

Bir çox postsovet dövlətlərində siyasi hakimiyyət, bir qayda olaraq, siyasətçilərin sərvətini və onların şəxsi biznesini qorumaq vasitəsidir və parlament, öz növbəsində, hakim elita daxilində müəyyən əlaqələri əks etdirir.

Ədalətsiz seçkilərə görə parlament insanların və seçki dairələrinin seçimini yox, hökumətdə müxtəlif oliqarxların "komandalarından" (qruplaşmalar, klanlar) ibarət olan, lakin oyun qaydalarına əməl edən və ya parlamentin "möhür vurma" roluna loyal yanaşan insanların toplusunu təşkil edib.

Lakin hakimiyyət bu institutun təmsil edə biləcəyi təhlükəni dərk edir, çünki onun ölkədə hakimiyyət dəyişikliyinin kritik dövrlərində oynadığı rolu xatırlayır.

Məsələn, sosial şəbəkələrdə Müsavatın keçmiş lideri və 1989-cu ildə Xalq Hərəkatının liderlərindən olan İsa Qəmbərin Ali Sovetdə ictimaiyyətə ünvanladığı nitqinin böyük gücünü xatırladan çıxışı tez-tez paylaşılır. Bu, güc balansının dəyişdirildiyi parlament idi - ictimaiyyət məlumatlandırılırdı, onun səsləri eşidilirdi və müxalifətin - xalq hərəkatının - mövqeyi öz əksini tapırdı.

Bundan əlavə, neftlə zəngin dövlətlərin siyasi iqtisadiyyatına dair klassik ədəbiyyatın göstərdiyi kimi, enerji baxımından zəngin olan dövlətlərdə siyasi münasibətlər hökumət və müxalifət arasındakı "paktlarla" əvəz olunur. Və parlament də daxil olmaqla, rəsmi qurumlarda hakimiyyət balansını seçkilərin nəticəsi yox, məhz bu paktlar müəyyən edir.

Bu cür "paktların" göstəricisi müxalifətdən, seçkidə həqiqi toplanan səslərin sayından asılı olmayaraq, yalnız əvvəlcədən müəyyən olunmuş və məhdud sayda namizədin deputat siyahısına daxil edilməsidir.

Seçkilər: sistem (nəzarət olunan seçkilər) təsdiq olundu

Səsvermə günü sübut etdi ki, Əliyevlərin 27 illik hakimiyyəti dövründə nəzarət olunan seçki sistemi ciddi nöqsanlar olmadan işləyir. Amma gənc fəallar və ekspertlərin daha fəal iştirakı və həmçinin sosial şəbəkələr sayəsində baş verən nöqsanlar daha qabarıq gözə çarpdı.

Bu seçkilərdə ümidləri artıran daha çox sayda gənc namizədin təşviqat kampaniyası aparması (bəzi gənc fəalların cinayət işlərinə xitam verildi ki, seçkidə iştirak edə bilsinlər) olsa da, nəticə çoxlarını şoka saldı - parlament səviyyəsində "elitaların yenilənməsi" baş vermədi.

Yeni məclisdə yaşı 70-dən yuxarı olanların sayı 11 faizdir, parlamentin tərkibi yenilənməyib. Turan agentliyinə görə, köhnə çağırış Məclisin tərkibinin 2/3-i qorunub saxlanılıb.

90-dan çox müxalifətçi və müstəqil namizədlərdən ən azı biri (Erkin Qədirli) yeni parlamentin deputatları siyahısında yer alıb.

Bu nəticə, hətta Milli Şuranın keçmiş lideri Cəmil Həsənlinin müxalifətdən iki nəfərin adı olduğu və seçkilərin saxtalaşdırılmış xarakterini ifşa etmək üçün dərc etdiyi deputat siyahısındakı nəticədən də pis olub.

Yerli və xarici müşahidəçilər seçkilərin qeydiyyat və seçkiqabağı kampaniya mərhələlərinin müəyyən qədər liberallaşdırıldığını qeyd etsələr də, onlar da səsvermə günü çoxsaylı pozuntuların olduğunu qeyd ediblər.

Seçkilərin Monitorinqi Mərkəzi digər pozuntular arasında bülletenlərin topa halında qutuya atılmasının daha geniş yayıldığını, müşahidəçilər və namizədlərə qarşı zorakılıq hallarının baş verdiyini qeyd ediblər.

Digərləri seçki məntəqələrində elektrik enerjisinin kəsilməsi halları, səsvermə üçün "karusel" və ya seçki məntəqələrində polisin varlığı barədə məlumat veriblər.

ATƏT/DTİHB, AŞPA və ATƏT Parlament Assambleyasının Beynəlxalq müşahidə missiyasının ilkin qiymətləndirilməsində bildirilir ki, "məhdudlaşdırıcı qanunvericilik və siyasi durum 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində namizədlərin sayının çox olmasına baxmayaraq, real rəqabətə mane olub".

Avropa İttifaqının mətbuat katibi "ATƏT/DTİHB və Avropa Şurasının Venesiya Komissiyasının uzun müddətli tövsiyələrinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini" bildirib.

Nəticə: status-kvonu (siyasi təhlükəsizliyi) itirmək qorxusu dəyişiklərə üstün gəlir

Obyektiv vəziyyətdəki dəyişiklər - iqtisadi və sosial təzyiqlər, neftin qiymətinin və neft hasilatının aşağı düşməsi, beynəlxalq mühit hökuməti hazırkı və gələcək reallıqları nəzərə alaraq, öz siyasətini tənzimləməyə məcbur edir. Lakin avtokratik hökumət qarşısında sınaq kimi duran vəzifə - hakimiyyəti qeyri-müəyyən müddətə qoruyub saxlayaraq tənzimləmək və ya islahat aparmaqdan ibarətdir.

Bir tərəfdən, nəzarəti davam etdirmək və ya hətta gücləndirmək zərurəti, rejimi daxili və xarici təhlükələrdən qorumaq, digər tərəfdən isə texnokratik islahatlar həyata keçirmək ehtiyacı arasında qalaraq status-kvonu itirmək qorxusu dəyişiklərə meyl üzərində üstünlük qazandı.

Hakimiyyət parlamentə insanların siyasi iştirakının və nümayəndəliyinin vacib və zəruri bir elementi kimi baxmasa da, ən azı formal da olsa onun mövcudiyyəti həm Qərbdə PR məqsədləri üçün, həm də Konstitusiyanın əsas tələblərinə uyğunlaşmaq üçün vacibdir.

Eyni zamanda, azad və ədalətli seçkilərdə seçilmiş idarəolunmayan parlamentdən əmələ gələ biləcək və postsovet tarixində özünü göstərmiş bir təhlükə avtokratik hakimiyyəti məcbur edir ki, bu qurumu sərt nəzarətində saxlasın və onu hakimiyyətin daha bir sütununa çevirsin.

Ona görə də belə rejimlər üçün parlament kimi nümayəndəlik institutu üzərində nəzarəti saxlamaq son dərəcə vacibdir.

Beləliklə, növbədənkənar seçkilər bir neçə məqsədə xidmət edir.

Birincisi, gecikmə olacağı halda, bu hakimiyyətin əsasını təşkil edən neft gəlirlərinin azalması proqnozları ilə onun üzərində nəzarəti saxlamaq daha çətin olacaq.

Neft qiymətlərinin düşüb-qalxması və neft hasilatının azalması, inflyasiyanın artması kimi proqnozlar şəraitində sosial proqramlara və güc nazirliklərinə ayrılan pul həcmi azalacaq.

Hakimiyyət üçün təhlükə həm müxalifət və xalq etirazlarından, həm də hökumət daxilindəki müxtəlif rəqib qruplaşmalardan gələ bilər.

Beləliklə, parlamentin loyallığının təmin edilməsi hakimiyyətin möhkəmlənməsinin mühüm elementidir.

Digər tərəfdən, heç olmasa təşviqat mərhələsində müəyyən siyasi açıqlıq ilə müşayiət edilən seçkilər və hətta "qaliblər" siyahısında müxalifətin bir parlaq nümayəndəsinin olması beynəlxalq səviyyədə hökumətin "islahat yönümlü" PR imicinin formalaşmasına töhfə verə bilər.

Amma ən başlıcası, bu, nəzarət olunan seçki sisteminin nöqsansız işləməsini, bu institut üzərində nəzarətin bir daha təsdiqlənməsini, eləcə də faydasız və ya rəqib qruplara loyal insanlarla vidalaşmaq və qalanlarının birbaşa prezidentə və onun ailəsinə loyal olmasını təsdiq etmək üçün lazım idi. Sonuncu məsələ parlamentin əsasən fürsətçi tərkibi nəzərə alınarsa, heç də çətin iş kimi görünmür.

Elitaların yeniləməsinə gəlincə isə, seçkilər əks nəticə verdi. Bu təkcə seçki kampaniyasına qoşulan gənc nəslin ümid və etibarından məhrum etmədi, eyni zamanda elitaların yenilənməsinin və gələcək firavanlığının əsas dayağı olan təhsil siyasətinin cürük təsirini də açıqlamış oldu.

Seçkilərin saxtalaşdırılması mexanizmində müəllimlərdən geniş istifadə olunması ilə, müxalif siyasətçi Qubad İbadoğlunun dediyi kimi, "...Seçki zamanı ən böyük ziyan təhsil sektoruna vurulub. Son 2 ildə keçirilən 3 seçki zamanı müəllimlərin nüfuzuna ciddi ziyan dəyib".

Arzu edilən texnokratlar - islahatlar üçün insan resurslarından istifadə, müəllimlərin vəzifələrinə zidd olsa da, dəyərlərin aşınmasına töhfə verdiyi təhsil sisteminin keyfiyyətinin aşağı düşməsi ilə hasil ola bilməz.

... Beləliklə, növbədənkənar seçkilərin nəticələri "arzuolunmaz" fəsadlardan kənarda deyil... Qanunvericilik orqanının loyallığını bərpa etməyə nail olan hökumət xalqın əsl islahatlar kursuna olan etimadını sarsıtmış oldu və əhalinin gənc və istedadlı fəal kəsimini öz tərəfinə çəkə bilmədi, bununla da müxalifətin sayı və keyfiyyətinin artmasına şərait yaratdı.

Leyla Əliyeva
Oxford Universiteti, təhlilçi