Nyu-Yorkda Tramp əleyhinə aksiya - "BU DƏHŞƏT BİTMƏLİDİR"

Bu dəhşət bitməlidir: Tramp və Pens rejimi getməlidir, - deyə şüarlarda yazılıb
 
ABŞ-ın Nyu-York şəhərində yüzlərlə insan prezident Donald Trampın yürütdüyü siyasətə etiraz əlaməti olaraq "Trump Tower" göydələninin yaxınlığında aksiya keçirərək dövlət başçısının qeyri-rəsmi iqamətgaha gəlişini gözləyir.
Muxalifet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Etirazçılar "Tramp" göydələninin qarşısında toplaşmağa başlayıblar. Polislər binanı qumla dolu yük maşını ilə qoruyublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səsucaldıcı ilə elan ediblər ki, yolu bağlamaq qadağandır. Onlar həmçinin mitinqçilərdən səkidə piyadaların gediş-gəlişi üçün yer saxlamağı tələb ediblər.
"Bu dəhşət bitməlidir: Tramp və Pens rejimi getməlidir", - deyə şüarlarda yazılıb.
Aksiyanın təşkilatçılarından biri olan "Refuse Racism" ("İrqçiliyi İnkar et") hesab edir ki, Tramp administrasiyasını faşist adlandırmaq olar. Çünki məhz onun hakimiyyəti vaxtı ultrasağlar Şarlottsvildə küçələrə mütəşəkkil çıxa biliblər. İkincisi, Tramp Koreya Xalq Demokratik Respublikasına "atəş, qəzəb və gücü" göstərməyə söz verdi. Hansı ki, dünya milyonlarla insanın həyatını hədələyən bu cür təhdidi əvvəllər görmədi.
Nyu-Yorkda etirazlar bazar günü başlayıb və Şarlottsvildə baş verənlərə, dövlət başçısının hadisələrə reaksiyasına cavab olub.
Ultrasağ təşkilatların tərəfdarları və onların rəqibləri ilə Şarlottsvildə baş vermiş toqquşmalarla əlaqədar olaraq Virciniya ştatında fövqəladə vəziyyət rejimi qüvvəyə minib. Şəhərdə baş vermiş hadisələr nəticəsində bir nəfər həlak olub, daha 34 nəfər xəsarət alıb.
Eyni zamanda təhlükəsizliyin təmin olunmasında iştirak etmiş vertolyotun qəzası zamanı iki polis əməkdaşı da həlak olub.