“Nəyə görə 50 milyonun köməyindən istifadə olunmur?” - DİASPOR SİYASƏTİ HAQDA

Baxış sayı:
3631

“Bizdə xaricdə yaşayan azərbaycanlı ölkənin daxilində baş verən bir hadisəyə münaisbət bildirəndə düşmən kimi qəbul edirlər”

“Miqrasiya haqqında” qanunda Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlıların əcnəbi sayılması həqiqətən ədalətsizlikdir. Çünki əcnəbi saydığımız Azərbaycan türkləri başqa ölkələrin vətəndaşları olsa da, Azərbaycan onlar üçün tarixi, milli dövlətləri kimi hər zaman müqəddəsdir. Buna baxmayaraq, soydaşlarımız Azərbaycan dövlətinə gələrkən əcnəbi ilə heç fərqli status daşımır. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə, ingilis, fransız və yaxud çinli kimi Azərbaycan türkləri də Azərbaycanda 10 gündən artıq qeydiyyata alınmadan qala bilməzlər.
Maraqlıdır ki, 2002-ci ildə soydaşlarımızın Azərbaycan dövləti ətrafında birləşməsi üçün “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılsa da və “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanun qəbul edilsə də, nə soydaşlarımızın Azərbaycan dövləti ətrafında birləşməsi üçün ciddi cəhdlər var, nə də ki, xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında ürəkdolusu danışmaq olar. Açığı, qonşu gürcülərlə və düşmən ermənilərin soydaşlarına münasibəti ilə bizim dövlətin xaricdə yaşayan azərbaycanlılara münasibəti arasında mənfi mənada çox böyük uçurum var. Çünki gürcülər və ermənilər harada yaşamalarından asılı olmayaraq soydaşlarına hər cür imtiyazdan yararlanmağa imkan verirlər. Məhz bunu nəticəsidir ki, bu gün ermənilərin diaspor təşkilatları və yaxud imkanlı şəxsləri Ermənistana həm maddi, həm də mənəvi dəstək verirlər. Yəni milli dövlətləri olan Ermənistan soydaşlarına necədirsə, soydaşları da o qarşılığı verir. Amma Azərbaycan hökumətinin soydaşlarımıza əcnəbi ilə fərq qoymamasının nəticəsi olaraq bir dəfə Azərbaycana gələn soydaşımız məcbur qalmadıqca ikinci dəfə gəlmək istəmir. Bu da nəticədə Azərbaycan türklərinin Azərbaycan dövləti ətrafında birləşməsi üçün ciddi maneədir. Ona görə də yalnız Diaspor Komitəsinin mövcud olması soydaşlarımızın Azərbaycan dövləti ətrafında birləşməsini həll edə blməz. Bunun üçün xaricdə yaşayan soydaşlarımıza münasibət dövlət səviyyəsində dəyişməli və soydaşlarımızı əcnəbilərdən fərqləndirən qanun normaları müəyyən olunmalıdır.

“Bu, kağız üzərində qalan bir Komitə olub”

Azərbaycanla Ermənsitanın soydaşlarına münasibətini müqayisə edən hüquqşünas Namizəd Səfərov bildirib ki, xaricdə yaşayan ermənilərlə bağlı siyasət Ermənistanda dövlət səviyyəsində aparılır: “Onlar Sovet dönəmindən belə xaricdə yaşayan soydaşlarına xüsusi bir statusla baxıblar. Buna görə də Ermənsitanın ictimai-siyasi və dövlət həyatında xaricdə yaşayan ermənilər mühüm rol oynayıblar. Onlar baş verən hadisələrə kənardan müşahidəçi kimi baxmırlar. Amma bu, bizim ölkədə tamamilə başqa cür qoyulub. Çox təəssüf ki, bu, Azərbaycanın dövlət siyasətinə çevrilib. Ona görə də xaricdə, o cümlədən Gürcütanda, İranda, Amerikada, Avropada yaşayan azərbaycanlılar bir soydaş, azərbayacanlı kimi Azərbayandan tamamilə ayrıdırlar. Baxmayaraq ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (Diasporla İş üzrə Dövlət Komitəsi – red.) var. Bu indiyə kimi tam kağız üzərində qalan bir Komitə olub. Biz bilirik ki, bu Komitə tarixən Gürcüstanda, İranda yaşayan, Avropaya köçüb getmiş azərbyacanlılarla bağlı heç bir iş aparmayıb, onların Azərbaycanın inkişafında, dövlətçiliyində iştiraklarını, Azərbaycanın sosial-hüquqi məsələlərində marağını təmin etməyib. Hətta əksinə, ayrı-ayrı qruplar arasında qəsdən ziddiyyətlər yaradıblar. Ümumiyyətlə, demək olar ki, xaricdə yaşayan azərbaycanlılarla iş aparılmayıb, onların Azərbaycandakı mövcud hüquqlarının təmin edilməsi istiqamətində də heç bir addım atılmayıb. Halbuki, Ermənistanla müharibə vəziyyətində olan bir ölkə üçün bu, çox vacibdir. Görün, xaricdə yaşayan ermənilərin Ermənistanın ictimai-siyasi həyatındakı rolu nə qədər yüksəkdir. Amma bizdə xaricdə yaşayan azərbaycanlı ölkənin daxilində baş verən bir hadisəyə fikrini bildirir, onu düşmən kimi qəbul edirlər, Milli Məclis də daxil olmaqla, bütün Azərbaycanın hüquq sistemini həmin şəxslərə qarşı yönəldirlər”.
 
“Ermənilərin hamısı ölkələrində baş verən proseslərə cəlb olunur”
 
Tanınmış hüquqşünasın fikrincə, Avropada yaşayan vətəndaşlarmız istəyirlər ki, Azərbaycanda nələrin baş verdiyini bilsinlər, siyasi hadisələrə bu və ya başqa formada müdaxilə edə bilsinlər: “Yəni yaxşı mənada iştirak etsinlər, lakin bunların qarşısı alınır. Soydaşlarımız barəsində qanunun və yaxud qanun normalarının qəbul edilməməsi də məhz bundan irəli gəlir. Yəni dövlət xaricdə yaşayan azərbaycanlıların Azərbaycanın hazırkı vəziyyətinə daxil olmasından narahatdır, onların Azərbaycanda baş vermiş hadisələrə müdaxilə etməsini istəmir. Yalnız seçkilər keçirilərkən Azərbaycan Respublikası vətəndaşlarının guya, hakimiyyətə səs verməsinin təmin ediməsi ilə vəzifələrini bitmiş hesab edirlər. Bütün dünyada yaşayan Azərbaycan vətəndaşı olmayan soydaşlarımızın da tarixi vətənləri kimi Azərbaycanda baş verən proseslərə maraq göstərmələri təmin edilməlidir. Azərbaycanlılar maraqlı olmalıdırlar ki, ölkələrində nə baş verir. Onlar bu vəziyyətdən kənarda qoyulmamalıdırlar. Axı, biz həmişə deyirik, bütün dünyada 50 milyondan çox azərbaycanlı var, cəmi 10 milyon Azərbaycanda yaşayır, qalanı isə dünyanın hər tərəfinə səpələnib, nəyə görə 50 milyonun köməyindən istifadə olunmaqla, Azərbaycanın dünya dövlətlərinin, xalqlarının sırasını çıxması təmin olumur? Heç indiyə kimi eşitmisiniz ki, bir azərbaycanlı milyoner və yaxud milyarder Azərbaycanın inkişafına bir humanitar yardım göstərsin?! Ancaq Ermənistana baxın, xaricdə yaşayan ermənilərin hamısı ölkələrində baş verən proseslərə cəlb olunur. Onlar həm maddi, həm mənəvi kömək göstərirlər. Bizdə isə bir nəfər də yoxdur və nəticədə də ölkəmiz bu gündədir”.
 
Şamo EMİN