Nura Suridən ŞOK SÖZLƏR: “Hamının yanları iri, sinəsi yekə...” - MÜSAHİBƏ/FOTO

Baxış sayı:
1582

Bir neçə gün əvvəl “Sevgi romanı” adlı mahnısı ilə dillərə düşən müğənni Nura Suri Publika.az-a müsahibə verib.

Yeni işlərindən danışan sənətçi söhbət zamanı icazə verdi ki, onun mənəvi dünyasına kiçik səyahət edib ürəyindəkiləri oxuyaq.

Nura xanım, sirr deyil ki, bu gün istər dünya ulduzları, istərsə də, bir çox yerli ulduzlar layihələrinin səs-küy gətirməsi və izlənməsi üçün bədəninin gözəlliyini klipdə maksimum dərəcədə nümayiş etdirməyə çalışır. Sizin kliplərdə isə bütün bunlar müəyyən çərçivədən kənara çıxmır.

- Dünyada baş alıb gedən bu tendensiyanı birmənalı şəkildə tənqid edirəm. Baxırsan ki, dörd oktavalıq səsi olan da, səsi olmayan da seksual kliplər çəkdirir. Fərqi tapa bilmirsən. Belə qərara gəldim ki, bütün bunlar sevgini dəbdən salmaq üçün görülən işlərdir. Məşhurlar öz layihələrində sevgini yox, seksi reklam edir. Halbuki dünyanın xilası sevgidədir...

Sizcə, bu, yeni yetişən nəslin psixologiyasına təsir edir?

- Ümumiyyətlə, xarici kliplərin və filmlərin təsiri çox böyükdür. Bəlkə də bu, dünyadakı artımın qarşısını almaq üçün görülən tədbirlərdir. Sevgidən doğulan insanlar daha mükəmməl və daha ağıllı olur, həmişə seçilir. Ola bilsin dünyanı idarə edənlərə lazımdır ki, artımın qarşısı alınsın.

Dolayısı ilə müxtəlif cinsi oriyentasiyalar yaranır. Əgər əvvəllər seksual oriyentasiyalar az idisə, bu gün onların üzvlərinin sayı arta-arta gedir. Bu, nə üçün baş verir? Çünki belə adamların övladları olmur, nəticə etibarı ilə dünyada insan sayı azalmağa başlayır.

Hesab edirəm ki, insanlar bir-biri ilə canlı ünsiyyətə daha çox meyil etməlidir, virtual həyatdan uzaqlaşmalıyıq. Elə bir zəmanəyə çıxmışıq ki, sanki insanlarda zombiləşmə gedir, həyata və insanlara qarşı biganəlik hökm sürür. Hissiyyatsız, sevgisiz insanın zombidən nə fərqi qalır? Biz hər şeyi öz ehtirasımız üzərində və kefimizə uyğun şəkildə qura bilmərik. İnsanın qəlbimdə mərhəmət, qəm, vicdan hissi cəmləşməli və bu, balanslaşdırılmış reseptə uyğun tənzimlənməlidir.

Sizi idarə etmək istəyən və fikirlərinizi dəyişdirmək istəyən insan olubmu həyatınızda?

- Hamı kimi dünyaya göz açandan mən də idarə olunmuşam. Nə öyrədilibsə, onun daxilində düşünmüşəm. Məsələn, məktəbdə oxuyarkən bizə darvinizm nəzəriyyəsi tədris olunub. İnanmışam ki, meymundan əmələ gəlmişik. Çünki bu araşdırma məktəb dərsliklərində yazılmışdı. Böyüyəndən sonra insanın təkamül nəticəsində meymundan əmələ gəlməsi nəzəriyyəsi inkar edildi. Söhbət ondadır ki, istəsək də, istəməsək də beynimizə bu və ya digər şəkildə yeridilən fikirlərlə bu günə qədər yetərincə idarə olunmuşuq.

Bu gün özümdə güc toplayıb beynimə yeridilən fikrə tabe olmuramsa, deməli, xoşbəxtəm. Yaxşı ki, 40 yaşıma kimi bunları düşünməmişəm, indi anlayıram. Hər deyilən sözə aldanmaq lazım deyil. Təbliğatla idarə olunuruq, məsələn, sovet dövründə pəhriz sözü xəstəliklə assosiasiya olunurdusa, indi hamı pəhriz saxlamağa çalışır.

Müasir dövrün gözəllik standartları haqqında nə deyə bilərsiniz?

- Sadəcə təəssüf edirəm. Fikir versəniz, estetik əməliyyat etdirən qızların burnu, dodaqları və göz quruluşu bir-birinə çox oxşayır. Bir çox xanımlar anlamır ki, hamı bir ölçüdə ola bilməz, hamının yanları iri, beli incə və ya sinəsi böyük ola bilməz, yaxud da hamının üz cizgiləri eyni ola bilməz. Əslində bu, gözəllik sənayesinin daha çox qazanmaq üçün dəbə gətirdiyi yeni standartlardır. Gözəllik anlayışı dəb sənayesi bu gün sosial şəbəkələrin təsiri altında formalaşır. Lakin zahiri gözəlliyin təbliği yuxarıda dediyim kimi, daha mühüm bir məqamın - daxili gözəlliyin kölgədə qalmasına səbəb olur. Fikirlərimiz kimi bədən quruluşu və üz cizgiləri də müxtəlif olmalıdır. Bu, insanlara individuallıq verən göstəricilərdir. Nə yazıq ki, qızlar öz individuallağından könüllü sürətdə imtina edir.

Əksər həmkarlarınızın əlavə qazanc mənbələri var. Bəs siz bizneslə məşğul olmağı düşünürsünüz?

- Bu barədə danışıqlar və iş görüşləri gedir. Orqanik məhsulların satışını həyat keçirmək istəyirəm. Mağazadan un da almıram, unu dəyirmanda üyütdürüb gətirirəm. Artıq neçə illərdir ki, çörəyi evdə bişiririk. Bizim evdə konfet və hazır şirniyyat məmulatları görə bilməzsiniz. Tərkibi mənə məlum olmayan heç bir qidanı qəbul etmirəm və bunu övladlarıma da öyrədirəm. Balaca oğlum da o mağazada satılan hazır şirniyyat məhsullarını yemir. Şirniyyatı evdə özümüz və təbii məhsullardan hazırlayırıq. Sağlam həyat tərzini həm təbliğ etmək, həm də bu sahədə biznes yaratmaq üzərində düşünürəm. Bu yolla həm savab, həm də pul qazanaram.

“Sevgi romanı” klipində tərəf müqabiliniz sizə üzük hədiyyə edir, amma sonra geri alır. Hədiyyə paketinin içində it gətirir, sonra məlum olur ki, qonşunundur. Birinci məndə elə təəssürat yarandı ki, burada xəsis kişi obrazı təsvir olunub.

- Yox, əslində bütün bunlar zarafat idi. Sevgilisi ilə zarafat etməyi xoşlayan şən kişi təsvir etməyə çalışmışıq. Məncə, xəsislik və kişi sözü yan-yana dura bilməz. Xəsisliyi kişiyə yaraşdırmıram. Belə bir fikir var ki, kişinin xəyanətini, kobudluğunu, hətta sərtliyini bağışlamaq olar, amma xəsisliyi əsla.

Klipdəki sevgilimin çox bahalı avtomobili, çox gözəl evi var idi. Klip çox yumoristik və şən cütlüyün münasibətindən danışır. Bu ideya çox xoşuma gəldi və sevə-sevə də canlandırdım.

Yeni mahnınızda deyilir ki, bərk tut əllərimdən, həzz al sevgi hisslərimdən. Maraqlıdır ki, əllərinizdən bərk-bərk tutan və onları itirməkdən qorxan biri var?

- Var, övladlarım.

 

Azərbaycanlı xanımlar ana olduqdan sonra ömrünü övladlarına fəda edir, şəxsi həyatı ikinci planda qalır. Belə də olmalıdır?

- Qadının missiyası budur. Allahdan sonra yaradan qadındır, biz dünyaya insan gətirməliyik. Sözsüz ki, kimlərinsə çox övlad dünyaya gətirərək onları onları küçəyə və ya uşaqlar evinə atmasını alqışlamıram. Bu, artıq missiya deyil... Normal insanlardan danışıram, əgər dünyaya övlad gətirmisənsə, onun məsuliyyətini çəkməlisən və bu yolda özünü qurban verə bilərsən.

Yenidən ailə qurmaq istərdiniz?

- Bəli, niyə tək yaşamalıyam ki? Məni kimsə ailə qurduğum üçün qınayırsa, bu, onun problemidir. Üçüncü şəxsin heç bir haqqı yoxdur ki, şəxsi həyatıma qarışsın. Kiminsə ailəsini dağıtmıram, pis iş görmürəm. Kimsə məni sevirsə, qadını, arvadı və xanımı etməlidir. Sevgisini bu yolla sübut etməlidir. Elə-belə vaxt keçirtməyi və qısa münasibətləri sevmirəm. Özünə dəyər verən qadın belə münasibətlərə razı olmur. İcazə vermərəm ki, kimsə məndən istifadə etsin. Ondansa tək qalaram. Mən ciddi münasibətləri seçirəm.

İnsan sevmək, sevilmək, əylənmək, deyib-gülmək və inanmaq üçün dünyaya gəlir. Bunların hansı birindən kəsiriniz var?

- Sevgi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyaların yaranmasına səbəb olur. Ümumiyyətlə, sevgi dünyada bütün problemlərin açarıdır. Biz Allahı da sevgimizlə hiss edir və tanıyırıq. İnsanın qəlbində sevgi varsa, deməli, qayğıkeşdir, mərhəmətlidir, səxavətlidir. Yalnız sevə bilən insan başqalarına təmənnasız yardım edib onun halına ürəkdən acıya bilər. Sevgi yoxa çıxarsa, robotdan fərqimiz qalmaz.

Deyilənə görə, həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda?

- Məndə hər iksi bir-birini tənzimləyir, onlar tandem şəkildə çalışırlar. Elə anlar olur ki, hisslərim, bəzən isə ağlım məni xilas edir.

Kimi və ya nəyi bağışlamaq istəyirsiniz, amma alınmır?

- Çox vaxt məni incidən insanları yalandan bağışladığımı deyirəm, amma özümlə tək qalanda hiss edirəm ki, bağışlaya bilməmişəm. Bu zaman çox pis oluram, çünki reinkarnasiyaya inanıram. Bu dünyada heç kimə borclu qalmaq olmaz, halallıq prinsipini həmişə gözləmək lazımdır. O biri həyata bu dünyadan özümlə heç nə aparmaq istəmirəm.

Klip təqdimatında söylədiniz ki, bir çox işləriniz əziyyətlə alınır. Sizcə, bu, nə ilə bağlı ola bilər: Karma, ya göylərin sizə göndərdiyi sınaq kimi?

- Hər işim əziyyətlə alınır. Yəqin ki, insanın özündən asılıdır. Əgər öz beynimizin gücünə inansaq, ətrafımızda baş verən bütün hadisələri çətinliklə də olsa, həll edə bilərik. Bu, çox çətin mərhələdir. Bunun üçün meditasiyalar etmək lazımdır, şəhərdən kənarda təbiət qoynunda çox vaxt keçirməlisən. İlk növbədə özümüzü dərk etməyi öyrənməliyik ki, yolumuza çıxan maneələrlə savaşda qalib olaq və xəyallarımızı gerçəkləşdirə bilək. Məqsədlərimə əziyyətlə nail olsam da, bu, məndə alınır. Artıq öyrəşmişəm. Onu da unutmaq olmaz ki, hər kəsə daşıya biləcəyi qədər yük verilir.

Bəzən doğru insanlarla səhv zamanda tanış oluruq. Doğru zamanda isə səhv insanlarla qarşılaşırıq. Həyat sizinlə belə oyunlar oynayıb?

- Bu hallar hamıda baş verir, hər şey nisbidir. Odur ki, başqalarını konkret olaraq pisə və yaxşıya ayırmaq istəməzdim. Ailəsi üçün yaxşı olan mənim üçün pis ola bilər. Mütləq ki, o insanlar şüurlu və ya qeyri-ixtiyari olaraq bizə nə isə öyrədir. Düşünmək lazım deyil ki, bu insan qarşıma səhv vaxtda çıxdı və yaxud pis idi. Sadəcə bir-birini anlamayan insanlar var.

Bu hallar baş verməsə, dəyişməzdim. Ümumiyyətlə, dəyişməyən insan bədbəxtdir. Biz başqalarından fərqləndiyimiz kimi dünənimizdən də fərqlənməliyik. Eyni düşüncədə qalmaq inkişaf etməmək və müdrikləşməmək deməkdir. Nə qədər ağıllı olsan da, həyat təcrübən sənin intellektinə bilavasitə təsir göstərir. Əvvəllər çox fərqli idim, hamını özüm kimi bilirdim. İndi istər insanlara, istərsə də problemlərə fərqli yanaşıram. Qazandığım həyat təcrübəsi məni yavaş-yavaş müsbətə tərəf dəyişdi.

Adətən özümüzün yox, başqalarının səhvlərini daha tez görürük. Başqasının gözüylə özünüzə baxanda gözünüzə necə biri görünür?

- Kənardan özümə baxmağı çoxdan öyrənmişəm. Bu haqda dərslərimiz çox olub. Psixologiyada bizə “Eyvana çıx” adlı dərs keçilirdi. Dərsdə baş verən situasiyaları kənardan müşahidə etməyi öyrənirdik. İki insanın mübahisəsində səhvimi anlamaq üçün mütləq özümü kənardan müşahidə edirəm, özümü başqasının yerinə qoyub hərəkətlərimi analiz edirəm. Bəlkə də həmişə yorğanı öz üzərimə çəkdiyimə görə ailəm alınmır. Çünki ailədə adətən dominant kişi sayılır. Liderlik xüsusiyyətlərinə sahibəm, düşünürəm ki, işlərimi məndən yaxşı heç kim görə bilməz, odur ki, başqasına tapşırmıram.

Nura Suri çətin qadındır?

- Əksinə, hər sözü açıq-aşkar dilə gətirirəm. Məni çözməyə ehtiyac yoxdur, nə hiss edirəmsə, üzümdə yazılır, səmimiyəm.