Nümayəndələr Palatası impiçment maddələrinin Senata göndərilməsini səsə qoyur

Baxış sayı:
2794

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment maddələrinin gələn həftə başlanacağı gözlənilən məhkəmə araşdırmasına göndərilməsi üçün çərşənbə günü Senatda səsverməyə çıxarır.
Muxalifet.az 
bu barədə "Amerikanın Səsi"nə istinadla bildirir.
Nümayəndələr Palatası impiçment maddələrini keçən ay təsdiqləsə də, spiker Nensi Pelosi təqdimatı təxirə saldı. Belə ki, palatadakı Demokratlar Senat liderlərini məhkəmə dövründə yeni şahidlərin ifadə verməsinə icazə verməyə razı salmağa çalışırdı.
Bu məsələ də hələ də həll olunmamış qalır. Senatda əksəriyyət lideri Mitç MakKonnell şahidlərin çağırılması fikrinə qarşı çıxıb və qərarın daha sonra veriləcəyini deyib.
"Şahid məsələsini məhkəmə prosesi zamanl həll edəcəyik. Hər iki tərəf istədikləri şahidləri çağırmaq istəyəcək" - deyə, MakKonnell çərşənbə axşamı Kapitolidə jurnalistlərə bildirib.
Nensi Pilosi isə deyib ki, "Lider MakKonnell və prezident daha çox faktın üzə çıxmasından qorxur".
Çərşənbə günü səsvermədən sonra prokuror kimi çıxış edən qanunvericilər impiçment maddələrini Kapitolidə Senata göndərəcək.
Spiker Pelosi Nümayəndələr Palatasının gələn həftə Senatda başlayacağı gözlənilən məhkəmədə prezident Donald Trampın qarşı impiçmenti prosesini aparacaq yeddi üzvünün adını açıqlayıb. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və Məhkəmə Komitəsinin sədri Cerold Nadler onlar arasındadır.
Prosesin ilkin mərhələləri bu həftənin sonunadək davam edəcək, məhkəmə prosesi isə gələn həftənin çərşənbə axşamı başlayacaq.
Donald Tramp keçmiş vitse-prezident Co Bayden və onun Ukraynada qaz şirkətinin idarə heyətində olan oğlu Hanterlə bağlı araşdırma aparmaq üçün Ukraynaya təzyiq göstərməklə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Tramp eləcə də Konqresə onun atdığı addımları araşdırmaqda mane olmaqda ittiham olunur.
Muxalifet.az