Nərimanovla Rəsulzadənin arasına bərabərlik işarəsi qoyanların kəhanəti…

Baxış sayı:
463

Nərimanovun və onun kimilərin müdafiə edilməsi əsasən rus ağalığının bərpasını gözləyənlərin, istəyənlərin işidir

Biz Keçəl Həmzə ilə Koroğlu arasında bərabərlik işarəsi qoymayacaq qədər obyektiv toplum olsaq da, bəzən hansısa amillərə görə hissə qapılır, bənzər situasiyalarda tərəzinin gözünü əyir, obyektiv ola bilmirik.

Aksiomlara münasibətdə isə obyektiv olmaq, gerçəkləri olduğu kimi qəbul etmək lazımdır, "mənim filan şeyə dair öz mülahizəm, fikrim var" demək absurddur. Günəşə, Yerin kürə şəklində olmasına, fəsillərin yerdəyişməsinə, sirri çözülmüş təbiət hadisələrinə dair nə alternativ fikir ola bilər, hər şey çoxdan isbat olunub.

Yadelliyə satqınlıq, kollaborasionistlik (düşmən tərəfə keçib öz vətəninə qarşı vuruşmaq), öz millətini müstəmləkəyə çevirmək və digər bu kimi hərəkətlər də onun kimi, qəbahət və cinayət olduğu isbat olunmuş şeylərdir.

Amma ortaya nə qədər faktlar qoyursan, qoy, xeyri yoxdur, yenə də kimlərsə, vaxtilə millətə yamanlıq, vətənə xəyanət etmiş adamlara bəraət qazandırmağa çalışırlar. Onların arsenalında "daşdan keçən" arqumentlər də var: "Tarixi dövr belə tələb edib"; "Keçmişimizə güllə atmayaq"; "Tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymayaq, ikisi də vətənin oğludur"; "Ona qalsa, Amerikada vətəndaş müharibəsi aparan cənublular və şimallılar eynu cür sayğıyla anılırlar" və s.

Elə deyi. Birincisi, "keçənə güzəşt" tələb edən bir çoxları heç də həmişə o cür "müdrik mövqe" tutmurlar, söz 1400 il öncə Kərbalada baş verən faciəyə gələndə Yezid ibn Müaviyəni lənətləyir, Hüseyn ibn Əlini müdafiə edirlər, onların arasında bərabərlik işarəsi qoymurlar. Çünki ortada haqsız zorluyla əqidəli şəhidin ixtilafı var və onları eyni cür qəbul etmək tarixi haqsızlıq olar.

İkincisi, heç bir tarixi dövr vətənə, millətə xəyanətə bəraət qazandıra bilməz. Söhbət 1918-20-ci illər hadisələrindən gedirsə, həmin dövr istiqlalçı ziyalılarımız üçün də eyniydi, onların bolşevik rəqibləri üçün də. Amma birincilər böyük uzaqgörənliklə Azərbaycan xalqının milli dövlətçiliyə malik olmasını üstün tuturdular (və bu yolda özlərini fəda etdilər). Çünki onlar imperiyaların dağılacağını, dünyada çoxlu milli dövlətlərin yaranacağını, millətlərin istiqlal qazanacağını bilirdilər, hesab edirdilər ki, xalqın təhlükəsizlikdə olması üçün öz taleyinə sahib çıxması lazımdır. Sonrakı illərdə qurucu babalarımızın nə qədər haqlı olduğu üzə çıxdı. Dövləti olmayan xalqların başına hansı müsbətlər gəldi, yəhudilərin, çeçenlərin, Axıska türklərinin, Krım tatarlarının aqibətini xatırlayaq.

Ancaq yarım əsr, bir əsr sonranı görən istiqlalçıların rəqibləri - azərbaycanlı bolşeviklər heç 3-5 il sonranı da görə, proqnozlaşdıra bilməmişdilər. Ona görə də ölkəmizi daxildən sarsıdıb o dövrdəki zəif (o zaman ölkənin siyasi qüvvələri monolit olsaydılar, rus aqressiyasına müqavimət göstərmək mümkün olardı) qırmızı ordunun pəncəsinə verdikləri ildən başlayaraq 18 il boyunca onların hamısını tək-tək, cüt-cüt güllələdilər. Həmin bolşeviklər nəinki milləti, həm də özlərini amansız yadelli istilaçıların caynağına verdilər.

Nəriman Nərimanovun xain qərarı: General Yefremovu niyə ...

Nərimanov və silahdaşları

İndi istiqlal mücahidləri (əsasən də Yalama müdafiəçiləri) ilə Gəncədə xalqımızın üsyançı oğullarını qətlə yetirən kollaborasionistlər arasında bərabərlik işarəsi qoyaq? "Hər iki tərəf xalqımızın övladlarıdır" deyək? Övladlardan biri xaindir axı, kürəyə xəncər saplayandır. Onlara eyni cür yanaşmaq ədalətli ola bilərmi?

Üçüncüsü, bu, heç də keçmişə güllə atmaq deyil. Keçmiş və bu günümüzdəki səhvlərimizi təhlil edib, yanlışı-gerçəyi təsbit etmək, gələcəkdə eyni səhvlərə yol verməmək gərəkdir. Hər kəs bilməlidir ki, yadların əlaltısı olaraq öz xalqını əzmək, bu zaman 3-5 gün kalori və komfort əldə etmək xalq qarşısında cinayətdir, əvvəl-axır layiqli qiymətini və adını alacaq. O adamlar bilməlidirlər ki, özləri əməllərinin xəcalətini yaşamasalar da, züryətləri babalarının töhmətini daşımalı olacaqlar.

Dördüncüsü, 1861-65-ci illərdə ABŞ-da baş verən vətəndaş müharibəsinin iştirakçı tərəflərinin Amerikada sayğı ilə anılmasına gəlincə, demək lazımdır ki, tərəflərin ikisi də öz davalarını aparırdılar, heç biri yadellillərin oyuncağı deyildi. Bir tərəf quldarlıq quruluşunun saxlanmasını istəyirdi, o biri tərəf insanların hürr olmasına çalışırdı. ABŞ-ın bugünkü qüdrəti məhz həmin müharibədə doğru olan tərəfin qələbə qazanmasının nəticəsidir.

Файл:Məhəmməd Əmin Rəsulzadə və dostları (1922).jpg — Википедия

Rəsulzadə və silahdaşları

Beşincisi, istiqlalçılarla kollaborasionistlər arasında ən azı bərabərlik işarəsi qoyulması (bəziləri əslində ikinciləri daha üstün tuturlar, sadəcə, polifonik səslə deyə bilmirlər) ondan xəbər verir ki, millətin yad ağaların ayağına verilməsi niyyətləri hələ də aktualdır. Bu gün ölkədə on minlərlə kəmfürsət və manqurt adam var ki, bir sıra harın məmurların acığına milli dövlətimizin süqutunu istəyirlər (guya yad ağalar gəlib harınlıq etməyəcəklər). Nərimanovun və onun kimilərin müdafiə edilməsi əsasən rus ağalığının bərpasını gözləyənlərin, istəyənlərin işidir. Onların bir çoxu kommunist, solçu pərdəsi altında gizləniblər; guya ki, sosial bərabərlik tərəfdarlarıdır. Amma bu necə olur ki, Rusiyada yerli kommunistləri əzən, küncə sıxışdıran, kapitalistlərə geniş meydan verən Putinn şəkli həmin şəxslərin sosial şəbəkədəki səhifələrini bəzəyir? Putin və Rusiya isteblişmenti hansı addımı atırsa (hətta Türkiyəyə, Ukraynaya, Gürcüstana, Qərbə qarşı aqressiyaları), bunlar dərhal onu dəstəkliyirlər. Belə solçuluqmu olar? Demək, ideologiya-filan boş şeydir, bu adamlara rus ağalığının bərpası lazımdır. Hələ qafasını ümmətçilik ideyasına qapdıraraq yadeill ağaların əlini öpən manqurtlar da var. Onlar da 100 il əvvəlki bolşeviklər kimi ölkənin "əbədi səadət"ini başqa dövlətin əyaləti olmasında görürlər.

Biz nəyə görə həmişə 2 min kilometr Şərqdən, 2 min km cənubdan, 2 min km şimaldan gələnlərin əsarətində olmalıyıq? Hələ 4-5 min km qərbdən gələnlər faktoru da var. 1918-ci ildə onlar da gəlmişdilər. Son 30 ildə silahla gəlməsələr də, qazma qurğularıyla, dollar və avrolarıyla gəliblər və gedənə oxşamırlar.

33.jpg (59 KB)

Dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 23 yaşında çəkilən ağ-qara şəklinin restavrasiya olunmuş variantı

Uzun sözün kəsəsi, biz güclü dövlət olmaq, ərazi bütövlüyünü qorumaq, insanları firavan dolandırmaq istəyiriksə, yadellilərə işləyənləri, işləmək istəyənləri yerində oturtmalıyıq və yadelliyə işləməyin cazibədarlığına son qoymalıyıq.

 Xalid Kazımlı, Musavat.com