Nərimanov İcra Hakimiyyətində fırıldaqçı dəstə...

Zahid Nəzərov və daha iki nəfər Siyəzən sakininə 40 min “atıb”; üstəlik şikayət edəcəyi təqdirdə onu ölümlə hədələyiblər
 
Siyəzən rayonu, Balaca Həmyə kənd sakini Məmmədov Qoşqar Əliyyullah oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəllif qəzetimiz vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə, eləcə də
Baş prokror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubova müraciət edərək, onlardan qarşılaşdığı problemin həllində yardımçı olmağı xahiş edir. O, yazır:
“Mən 2012-ci ildə Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət  göstərən şirniyyat sexində işləyirdim. İşimin yaxşı olması səbəbindən bu ərazidə daimi yaşamaq niyyətilə burada hazır ev və ya torpaq sahəsi almaq istədim. Bu istəyimi dost-tanışlara da dedim. O cümlədən, niyyətimi səmimi salamlaşıb-görüşdüyüm ərazinin sahə müvəkkili olan polis leytnantı Anar Nağıyevə də bildirdim. Anar Nağıyev bu ərazidə tikinti və torpaq işinə baxan, Nərimanov rayon İcra Hakimiyyətində işləyən Zahid Nəzərov adlı tanışı ilə danışdı və mənə yardımçı olacağına söz verdi. Bir müddət sonra Anar Nağıyev məni Nərimanov rayon İcra hakimiyyətində işləyən Zahid Nəzərovla tanış etdi. Zahid müəllim bu tanışlığa məmnun olduğunu və daha sonra məni göstərib “Qiyasla, Edisanla tanış et, qoy torpaq tapmaqda qardaşa kömək etsinlər, qalan işlər sonra bizlikdi” - dedi.
 
İcra Hakimiyyətinin əməkdaşı ilə tanışlıq…
 
Bu söhbətdən sonra Anar məni Edisonla tanış edib, Zahid müəllimin tapşırıqlarını çatdırdı. O isə məni bir torpaq sahəsinə apardı və ərazini göstərərək bildirdi ki, bura Kamil adlı şəxsin qayınanasına şəhid ailəsi kimi Nərimanov rayon İcra Hakimiyyətinin keçmiş başçısı tərəfindən mənzil şəraitinin yaxşılaşdırmaq üçün  verilib: “İndi satırlar. Kamili qarşıdakı  mağazadan soruş, telefon al, görüş, söhbət  et, halallığın al sonra”.
Mən Edisonun göstərdiyi mağazadan Kamili soruşub, telefon nömərəsi və torpağı satıb-satmaması ilə maraqlandım. Nəhayət, nömrəni aldım və Kamillə görüşüb söhbət etdik. Həmin torpaq sahəsini Kamil 10 000 (on min) manata desə də, biz 8 000 (səkkiz min) manata razılaşıb, Edison demişkən “hallalığ”ını aldım. Mən bu müddətdə görürdüm ki, Anar Nağıyev də daxil olmaqla bu qrupun razılığı olmadan bu ərazidən quş belə quşluğuyla uça bilməz. Ona görə də bütün işlərimi Anarın məsləhətləri, Zahidin, Qiyasın, Edisonun tapşırıqlarına uyğun həyata keçirməyə çalışırdım. Bundan sonra mən Zahid müəllimin mənə verdiyi telefon nömrəsinə zəng edib, görşməyimizi xahiş etdim. Onunla 18 saylı MKİS-nin otağında görüşdük. O, sərəncamın hazırlanması üçün məndən 30 000 (otuz min) manat istədi. Mən üstümdə olan 8 000 (səkkiz min) manatı Zahid müəllimə verib, qalanını da tezliklə çatdıracağımı söylədim”.
 
Daha 20 min rüşvət…
 
Şikayətçi yazır ki, 2013-cü ilin qış aylarında 18 saylı MKİS-də Zahid müəllimə daha 12 000 (on iki min) manat, 10 000 (on min) manat isə Gön-dəri zavodunun qarşısında verib: “Elə həmin ərəfədə 10 000 (on min) manatlıq tikinti materialları alıb mənə satılmış torpaq sahəmə tökdüm. Bütün bunlarla yanaşı əmlakdan sənədlərimi keçirmək üçün 8 000 (səkkiz min) manat Anar Nağıyevə verdim. Daha sonra aldığım torpaq sahəsindən keçən su xəttinin yerinin dəyişdirilməsi məqsədilə “Azərsu”ya verilməsi üçün yenidən Anar Nağıyevə 1 500 (min beş yüz) manat və katibənin hansısa sənədə qol çəkdirməsini tezləşdirmək üçün isə 500 (beş yüz) manat verdim.
Mən bu ərəfədə bir neçə dəfə evi tikməyə cəhd etdim. Hər dəfə Zahid Nəzərov özü şəxsən mənə bildirdi ki, sənə nə vaxt tikmək lazım olduğu deyiləcək, onda başlayarsan tikməyə. Hətta bir dəfə tikintini özbaşına apardığıma görə, özü şəxsən gəlib ayağı ilə bir neçə daşı uçurtmuşdu.
Vaxt uzanırdı, ev tikməyə cəhd edirdim, qarşısı alınırdı. Zahid müəllim də hələ birinci dəfə məndən 12 000 (on iki min) manatı alanda mənə dönə-dönə tapşırmışdı ki, telefonuma zəng etmə, zəng edəndə də nə tikintidən, nə də puldan söz açma. Mənimlə danışmaq istəsən Anarı (sahə müvəkkili polis leytenantı Anar Nağıyevi nəzərdə tuturdu) gör, ya da Edisona, Qiyasa de. Məsələnin uzandığını, bunların məni aldatdığını başa düşüb məni bu insanlarla tanış edən sahə müvəkkili polis leytenantı Anar Nağıyevə şikayətlənəndə, onun “narahat olma, elə şey olsa, Prezident Aparatından əmimə deyərəm, zəng vurub onlara toy tutar” – deməsi məni sakitləşdirdi. Hətta məsələnin bu cür qəlizləşdiyini görən Anar Nağıyev üç dəfə mənim adımdan şikayət ərizəsi də yazıb. Zahid müəllimlə görüşüb söhbət edəndə isə məni arxayın etməkdən ötrü hər şeyin normal getdiyini, onun da xəbəri olduğunu nəzərimə çatdırıb, səbr etməyimi xahiş etdi”.
 
Qonşular zəng etdi ki…
 
Q.Məmmədov deyir ki, bir neçə gün sonra qonşular ona zəng edib “tikintiyə başladığı üçün” təbrik edəndə, məsələnin nə yerdə olduğunu anlayib: “Demə, bu qrup mənə satdıqları torpağı kiməsə daha baha qiymətə satıblarmış. Mən Zahidə, Qiyasa, Edisona bu barədə deyəndə onlar məni hədələyirdi ki, bir yana şikayət etsən özündən küs. Mən sahə inspektoru Anar Nağıyevin öz dəst-xətti ilə yazdığı şikayət ərizəsini göndərəndən sonra izləndiyimi, tanımadığım şəxslər tərəfindən axtarıldığımı hiss etdim. Hətta bir dəfə kafedə oturduğum zaman iki nəfərin içəri girib “bizə Qoşqar lazımdır” – deməsi, lakin məni tanıyanların göstərməməsi məni xətadan-bəladan qurtardı. Bundan bir neçə gün sonra yenə tanımadığım iki nəfər maşınımın qabağına keçib, məni saxlatdıraraq “başın bədəninə ağırlıq etməsin” – söyləməsi məni daha ehtiyatlı olmağa məcbur etdi. Müxtəlif telefonlarla mənə zənglər edib Zahid müəllimin adından danışır, həmin yeri 16 000 (on altı min) manata satmağımı tələb edirdilər. Bunları belə görüb birtəhər Zahid müəllimlə görüşdüm. Zahid müəllim bu işin dalından çəkilməsəm mənim cibimə nəşə atıdırıb tutduracağını açıq-aydın üzümə söylədi. Üstəlik, Qiyas və Edisonun məni məhv edəcəkləri ilə hədələdi”.
 
“Zahid Nəzərov məni nəşə ilə tutduracağı ilə hədələdi”
 
Şikayətçi yazır ki, bu barədə DİN-in “Qaynar xətti” olan 102 xidmətinə məlumat verib. Oradan isə ona Binəqədi rayon polis idarəsinə getməyini məsləhət biliblər: “Elə bu zaman Zahid Nəzərov mənə zəng edib “hara getsəm məni nəşə ilə tutduracağı ilə” hədələdi. Belə olduğunu görəndə tanıdığım Məmməd adlı bir ağsaqqalla birgə Nərimanov rayon İcara Hakimiyyətində başçının müavini Nurlan Həsənovun qəbulunda olduq. Nurlan müəllim bizi dinləyib, ağsaqqala bildirdi ki, “bilirəm, pul verilib, amma pul düzgün ünvana, təmiz adama verilməyib. Bizim burada oturmağımıza baxma, harada nə iş görülür bizim xəbərimiz var və bizim icazəmizlə görülür”.
Bir neçə gündən sonra isə Nurlan Həsənov bizi acıqlı qarşılayıb bildirdi ki, “mən Zahidin yerinə and içərəm ki, siz ona pul verməmisiniz. Hətta mən o, 40 000 (qırx min) manatın yerinə 400 000 (dörd yüz min) manat xərcləyəcəm, sənə nə torpaq nə də pul verəcəm”.
 
“Bütün aidiyyatı qurumlarına şikayətim nəticəsiz qalıb”
 
Qoşqar Məmmədov yazır ki, hər gün təhdid, təqib, hədə altında yaşadığına görə əsəb xəstəliyi tapıb: “Ailəm qorxu içərisində yaşayırdı. Belə olduğunu görüb müalicə almaq məqsədilə ailəmin, qohumlarımın təkidi ilə bir müddət rayonumuza qayıtdım. İndi də əsəbdən müalicə alıram. Yenə də mənim, ailəmin həyatı təhlükədədir, amma sona qədər mübarizəmdə israrlıyam. Odur ki, sizdən xahiş edirəm, mənə bu işdə köməklik göstərəsiniz.
Dövlət məmurlarının bu cür qrup halında “maklerlik”lə məşğul olub vətəndaşı aldadıb, aldıqlarını qaytarmamaq məqsədi ilə təhdid, hədə-qorxu yolunu tutmaları barədə respublikanın bütün aidiyyatı qurumlarına şikayət etmişəm, lakin nəticəsiz qalıb. Əksinə mənə, ailəmə qarşı təhdid və hədələr artıb. Mən, mənə dəymiş ziyanı yox, əlimlə verdiyim pulumu istəyirəm. Bu yolda da bütün vasitələrdən istifadə edəcəm. Ölkədə fəaliyyət göstərən KİV-lər, QHT-lər və Beynəlxalq qurumlara müraciət edib haqqımı tələb etməkdə mənə kömək etmələrini xahiş edəcəm”.
 
"Hürriyyət"
 
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.