​Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Noyabrın 1-dən Azərbaycanın orta ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan şagirdlərin sayının “Şagird-məzun” sisteminə daxil edilməsinə başlanacaq.
Muxalifet.az-ın apa-ya istinadən xəbərinə görə, bu proses Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə təqvim planında əksini tapıb. 
 
Həm ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan, həm də peşə liseylərində təhsil alanların sayının “Şagird-məzun” sisteminə daxil edilməsi 1-30 noyabr tarixlərində aparılacaq. 
 
Təhsil müəssisələri haqqında “Şagird-məzun” sistemində mövcud olan məlumatların dəqiqliyinin və tamlığının təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən yoxlanması və zəruri hallarda müvafiq düzəlişlərin aparılması isə tədris ili ərzində həyata keçiriləcək.
 
Bundan əlavə, noyabrın 1-dən ümumtəhsil məktəblərində VIII və X sinif şagirdlərinin, peşə liseylərində I və II kurs şagirdlərinin, həmçinin, ümumtəhsil məktəblərinin istəyi ilə I-VII sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən cari tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə edilməsi və ya mövcud məlumatlarda müvafiq düzəlişlərin aparılması icra olunacaq. Bu proses tədris ilinin sonunadək davam edəcək.