Novruzovun ittiham etdiyi 3 nazir kimdir? – Açıqlama

Baxış sayı:
14008

Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov bəzi sabiq nazirlərin vəzifədən uzaqlaşdıqdan sonra qeybə çəkildiyini bildirib. O, YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü olan bəzi keçmiş nazirlərin bu partiya ilə əlaqə saxlamadıqlarını bildirib.

Muxalifet.az bildirir ki, Axar.az YAP-ın İdarə Heyəti və Siyasi Şurasının üzvləri arasında bir vaxtlar nazir olmuş şəxslərin adlarını müəyyənləşdirib.

Onlar arasında 2004-cü ildən 2013-cü ilə kimi Respublikanın kənd təsərrüfatı naziri vəzifəsində çalışan İsmət Abbasovun, 1998-ci ildən 2013-cü ilə kimi təhsil naziri olan Misir Mərdanovun və 2001-ci ildən 2018-ci ilədək ekologiya və təbii sərvətlər naziri olan Hüseynqulu Bağırovun adına rast gəlmək olar.

Bəs görəsən, onlardan hansıları vəzifədən azad edildikdən sonra YAP-ın tədbirlərində iştirak etməyib?

Məsələ ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlasaq da, o zənglərimizi cavabsız qoyub.

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirib ki, indi də YAP-ın tədbirlərində iştirak edir və üzvlük haqlarını lazımi səviyyədə yerinə yetirir:

“Tədbirlərdə iştirak və üzvlük haqları ilə bağlı vaxtı ilə Mübariz Qurbanlı ilə əlaqə saxlamışam. Dəvət olunduğum bütün tədbirlərdə iştirak edirəm. Öz xahişimlə Yasamal rayon təşkilatından (Nazirliyin yerləşdiyi rayon) Səbail rayon təşkilatına keçmişəm və üzvlük haqlarını da əvvəlki səviyyədə ödəməkdəyəm. Ümumiyyətlə isə tədbirlərdə iştirakla və rəhbərliyi dəstəkləməklə bağlı məsələlərdə hələ 90-cı illərdə, YAP üzvü olmadığım dövrdə də aktiv olmuşam. Hələ o zaman prezident seçkilərində Ulu öndər Heydər Əliyevin tərəfindən müəyyən edilən və təyin edilən etibarlı şəxs kimi (vəkil) bütün tədbirlərdə iştirak etmişəm. Heç kəsdən təlimat almadan şikayətçilərlə görüş və sair işlərdə aktiv olmuşam”.

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovla isə əlaqə saxlamaq mümkün olmadı.