​Novruzda veriləcək əfvə daha kimlər düşə bilər? - “Bu məsələnin alver mövzusu olmasını istəyənlər var”

Baxış sayı:
6604

İslamçı məhbusların siyasi dustaq kimi tanınması ilə bağlı hüquq müdafiə təşkilatlarının siyahılarında fərqliliklər var. Nardaran hadisələrinə görə tutulan, ondan əvvəl həbs edilən dindarları siyasi məhbus saymayanlar da var, sayanlar da.
Bu fikir ayrılığı zaman-zaman mübahisə doğurur, hüquq müdafiəçiləri arasında dartışmalara gətirib çıxarır. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda həmin şəxs siyasi məhbus adı daşıyır.
Hökumət Azərbaycanda ümumiyyətlə siyasi məhbus olmadığını iddia edir. Müxaliflər isə onların sayının 100-ü keçdiyini bildirirlər.
Avropada məskunlaşmış Leyla Yunus islamçı dustaqları siyasi məhbus sayır. Azərbaycandakı bir sıra hüquq müdafiəçiləri isə Taleh Bağırzadə və digərlərini siyasi məhbus siyahısına əlavə etməyiblər. Bir sözlə, onları siyasi məhbus kimi tanımayıblar.
Hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a bu məsələnin kövrək problem olduğunu açıqladı. Onun sözlərinə görə, təkcə, dindar məhbusların yox, hər birinin problemi onları narahat edir: “Biz siyahımızı Əfv Komissiyasına təqdim etmişik, orada hamısının adı var. Dindarların da, jurnalistlərin də, gənc fəalların da.
Ümidvaram ki, Novruzda əfv verilsə, təqdimatımız nəzərə alınacaq. Eyni zamanda yaxın vaxtlarda İşçi Qrupunun iclası keçiriləcək və siyasi məhbusların işinə yenidən baxılacaq".
S.Qocamanlı “kim siyasi məhbusdur” sualına cavab olaraq bildirdi ki, Avropa Şurasına üzvlükdən sonra insan azadlıqlarının hüdudları ilə bağlı bütün bəndlər öz təsnifatını tapıb: “O hüquqların pozulması ilə bağlı həbs edilən hər biri vətəndaş siyasi məhbus kimi qəbul edə bilər.
2001-ci ildə 716 nəfərin adı Avropa Şurasına təqdim edilmişdi. Bu gün bəzi ömürlük məhkumlar istisna olmaqla, həmin 716 nəfərin hamısı azadlığa buraxılıb. Ümid edirəm ki, Avropa Şurasının aprel sessiyasına qədər problem öz həllini tapacaq. Onların azadlığa buraxılması yaxşı olardı. Burada söhbət insan taleyindən gedir. Onların ailələri məhbuslardan ikiqat çox əziyyət çəkir".
Hüquq müdafiəçisi siyasi dustaq problemini alver mövzusuna çevirən qüvvələr olduğunu söylədi: “Bu məsələnin alver mövzusu olmasını istəyənlər var. Həmin şəxslər özünə divident qazanmaq niyyəti güdənlərdir. Biz bu alverlə kimlərin məşğul olduğunu yaxşı bilirik. Və onu da deyim ki, nə qədər çox səs-küy salınırsa, qabardılırsa, həmin insanlar daha çox həbsdə qalır. Onlar hökumət içindədir, müxalifətdədir, xaricdədir, mən ayırmıram. Fakt budur ki, Azərbaycana sanksiyalar tətbiq olunmasını istəyəblər var. Ona görə gərək elə addım atılsın ki, o adamların arqumentlərinə son qoyulsun. Novruzda əfv olacağına ümidliyəm, bu insanların ailələrinə qovuşacağına inanıram. Bu insanlar azadlığa çıxsınlar, yaz sessiyasında Azərbaycan əleyhinə tənqidlər də olmasın”.