​“Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” - SÜLHƏDDİN ƏKBƏR

Baxış sayı:
310

“Bu, Azərbaycanın beynəlxalq aləmdə, ilk növbədə Avropa Birliyində nüfuzuna ciddi zərbə vuracaq”
“Azərbaycanın yolu kriminal, korrupsioner, avtoritar rejim yoludur. Yəni Putinin post-Sovet məkanına daxil olan MDP respublikalarının seçdiyi yoldur”

Norveç Krallığının Bakıdakı səfirliyini gələn ildən bağlamaq, əvəzində isə Gürcüstanda səfirlik açmaqla bağlı qərar qəbul etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Belə ki, bunun həm ölkənin nüfuzuna, həm də iqtisadiyyatına zərbə vuracağı qeyd olunur.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Norveç səfirliynin bağlanmasını sıradan olan adi bir hal hesab etsə və “bu, bizdə hər hansı təəssüf doğurmur” desə də, partiya sədrləri, politoloqlar və ictimaiyyət arasında tanınmış şəxslər Norveç səfirliynin bağlanmasının ölkəmiz adına yaxşı bir hal olmadığını və bunun mənfi nəticələrə gətirib çıxaracağını qeyd edirlər. O baxımdan, təəssüf edirik ki, Norveç kimi insan hüquq və azadlıqlarına dəyər verən bir ölkə Azərbaycanda səfirliyini bağlamaq barədə qərar qəbul etdi.

“Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vuracaq”
Norveç səfirliyinin bağlanması ilə bağlı Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər “Hürriyyət”ə dedi ki, Norveç demokratiyanın, insan hüquq və azadlıqlarının yüksək səviyyədə inkişaf etdiyi bir ölkədir və münasibət qurduğu ölkələrdə bu dəyərlərin inkişaf səviyyəsinə xüsusi fikir verir: “O baxımdan, Norveçin atdığı bu addım Azərbaycan üçün ciddi siqnal olmalıdır. Çünki bu, Azərbaycanın beynəlxalq aləmdə, ilk növbədə Avropa Birliyində nüfuzuna ciddi zərbə vuracaq. Görünən odur ki, artıq Avropa Birliyi Azərbaycanın, xüsusilə də rəsmi Bakının insan haqları sahəsində nəinki irəliləyiş niyyətində olmadığını, ümumiyyətlə, bu məsələləri müzakirə etməyə belə hazır olamdığını görür və artıq Azərbaycandan Avropa Birliyi, ən azı bəzi ölkələri yavaş-yavaş əllərini üzürlər və Azərbaycana yalnız iqtisadi planda, enerji təhlükəsizliyi, nəqliyyat imkanları planında baxmağa başlayırlar. Mən ilkin olaraq Norveçin atdığı bu addımı bu çərçivədə dəyərləndirirəm. O baxımdan, Norveç siyasi-diplomatik sahədə xərclərini optimallaşdırmağı düşünür və açıq şəkildə bəyan edir ki, onların Cənubi Qafqazdakı başlıca tərəfdaşı Gürcüstandır”.

“Hollandiya və digər bənzər ölkələr belə addım ata bilər”
“Norveçin ardınca hansı Avropa ölkəsi də Azərbaycanla bağlı anoloji qərarı verə bilərmi” sualına S. Əkbər belə cavab verdi: “Bir qədər gözləməyə ehtiyac var. Birlirsiniz ki, hazırda Avropa Birliyi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq imzalanması haqqında danışıqlar gedir. Danışıqların getdiyi mərhələdə, xüsusən də aparıcı dövlətlərin Fransa və Almaniya kimi böyük dövlətlərin, eyni zamanda Azərbaycanla enerji və nəqliyyat sahəsində sıx əməkdaşlıq edən ölkələrin belə addım atacağını düşünmürəm. Amma ola bilsin ki, Azərbaycanda xüsusi marağı olmayan və yüksək inkişaf etmiş demokratiyaya malik olan digər kiçik Avropa ölkələri belə addım ata bilər. Məsələn, Hollandiya və digər bənzər ölkələr belə addım ata bilər”.

“Rəsmi Bakı öz yolunu seçib”
“Azərbaycan 3 ölkəni əhatə edən səfirini geri çağırmala, Qərbə inteqrasiyadan imtina edirmi” sualını isə S. Əkbər belə cavablandırdı: “Mən düşünmürəm. Səfir geri çağırılıb, yeni səfir təyin olunur. Sadəcə olaraq yeni şəraitə uyğun Azərbaycan səfirini dəyişəcək və xüsusi təlimatlarla göndərəcək. Azərbaycan artıq öz yolunu seçib. Daha doğrusu, Azərbaycan demək doğru deyil, rəsmi Bakı, Əliyev hakimiyyəti öz yolunu seçib və bununla Avropada barışmaq istəyən, barışmaq istəməyən ölkələr də var. Norveç, Hollandiyaya bir sıra yaxın ölkələr var ki, bu ölkələr Azərbaycandakı mövcud vəziyyətlə barışmırlar və onların hərəsi də münasibətini bir cürə ifadə edir. Amma bir daha təkrar edirəm ki, kimlərin Azərbaycanda iqtisadi maraqları var, enerji, nəqliyyat, eyni zamanda təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq edir və Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır, onlar ən azı yaxın perspektivdə Azərbaycanla münasibətlərə təmkinli yanaşırlar”.

“Demokratik islahatların aparılması haqqında niyyət belə yoxdur”
“Deyirsiniz ki, Azərbaycan artıq öz yolunu seçib. Yəni rəsmi Bakıda Qərbdən üz döndərir” sualına isə S.Əkbər belə cavab verdi: “Azərbaycanın yolu kriminal, korrupsioner, avtoritar rejim yoludur. Yəni Putinin post-Sovet məkanına daxil olan MDP respublikalarının seçdiyi yoldur. Bu yol ilə gələcək onu göstərir ki, demokratik islahatların aparılması haqqında niyyət belə yoxdur və bu proseslər Azərbaycanda həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sferanın mərhələli deqradasiyasına gətirib çıxaracaq. Nəticədə Azərbaycanda daxili çökmə başlayacaq və bu çökmə xarici təsirlərin təzyiqi altında, xüsusən də dünyada və regionda gedən proseslərin, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu, İran məsələsinin gündəmə gəldiyi, Rusiyaya qarşı sanskiyaların tətbiq olduğu, qonşu Gürcüstanda və Ermənistanda demokratik proseslərin dərinləşdiyi bir vaxtda sürətlənə bilər”.
Şamo EMİN, Hurriyyet.org