Norveç Neft Fondu ziyan etdi, ARDNF isə... - Səbəb

Baxış sayı:
33133

Azərbaycan Respublikası Dövlət Neft Fondu əslində əlində olan, yığılan vəsaitin daha çox qorunmasına xidmət edir, nəinki daha çox pul qazanmasına. Bu, konservativ yanaşmadır və bunu anlamaq olar.
Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az -a iqtisadçı Natiq Cəfərli 2018-ci il üçün investisiya portfelinin lokal valyutada gəlirliliyinin 0,35 faiz olması ilə bağlı ARDNF-nin açıqlamasını şərh edərkən deyib.
N.Cəfərli bildirib ki, ARDNF aşağı gəlirli, amma dayanıqlı investisiyalara üstünlük verir:
“Lakin bəzi problemlər var. Bunlardan biri daşınmaz əmlakla bağlı qoyulan investisiyalardır, digəri isə dayanıqlı valyutası olmayan ölkələrin valyutalarına edilən yatırımlardır. Bunların hər ikisində müəyyən qədər zərər edilib.
Türk lirəsi, Rusiya rublu, Çin yuanına qoyulan ümumi məbləğin 5 faizinə yaxın valyutalar var idi ki, burada da həmin valyutaların dəyərdən düşməsi Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərdi.
Ancaq ümumilikdə götürəndə qiymətli kağızlara gəlirli, ancaq dayanıqlı, belə demək mümkündürsə, itirmə təhlükəsi sıfıra yaxın olan investisiyalara yatırım edib. Bu konservativ yanaşma ilə əslində əlində olan, yığılan vəsaitin daha çox qorunmasına xidmət edir, nəinki daha çox pul qazanmasına. Bu konservativ yanaşmadır. Bunu anlamaq da olar. Çünki dünyada qiymətli kağızlar bazarında tez-tez təlatümlər yaşanır, dalğalanmalar olur. Bu dalğalanmaların qarşısını almaq üçün və yaxud ondan gələn zərərləri azaltmaq üçün riskli yatırımlara getmirlər. Bu səbəbdən də Azərbaycan Dövlət Neft Fondunun gəlirliliyi çox aşağıdır. Bunun daha yuxarı olması mümkündür və bəzi daha innovativ yanaşmalarla gəlirliliyi artırmaq olar. Ancaq ən azından bu yanaşma Neft Fondunun itkilərinin də azalmasına səbəb olur”.
N.Cəfərli qeyd edib ki, ARDNF-nin riskli strategiyaya keçməsi fayda gətirməklə yanaşı, müəyyən təhlükə də doğura bilər:
“Düzdür, riskli strategiyada qazanc, gəlirlilik səviyyəsi daha yüksək olur. Ancaq itirmək təhlükəsi də daha yüksək olur. Belə məqamda sığortalanmaq lazım gəlir. Neft gəlirlərində kəskin azalma olsa, ola bilər ki, ölkə rəhbərliyi tərəfindən yeni bir yanaşma ilə Neft Fonduna əlavə səlahiyyətlər verilsin ki, fond daha riskli yatırımlara yönələ bilsin. Bunun üstünlükləri var, əlbəttə. Ancaq riskləri də var ki, vəsaitin itirilmə təhlükəsi daha da çoxalacaq”.
Qeyd edək ki, 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondu 6,1 faiz (57 milyard dollar), Alyaska və Yeni Zelandiyanın suveren fondları isə müvafiq olaraq 1,1 faiz və 2,18 faiz itirib. Qeyd edilən dövr üzrə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin qazancı 0,35 faiz (181 milyon manat) olub.