"Nəinki Rusiya, hətta ABŞ ordusu belə Türkiyənin qarşısına çıxmaq qüdrətində deyil”

Baxış sayı:
3738

“Rusiya Türkiyə ilə razılaşmaqdan başqa bir alternativinin olmadığını gec anladı”.
Muxalifet.az
xəbər verir ki, bunu publika.az-a açıqlamasında bu həftə Ankarada keçirilməsi planlaşdırılan Türkiyə və Rusiya nümayəndələrinin, həmçinin İstanbulda keçiriləcək dördlü zirvənin görüşlərini təhlil edən politoloq Natiq Miri deyib.
Politoloq bildirib ki, Suriyanın İdlib bölgəsində çox ciddi bir müharibə təhlükəsi mövcuddur: “Bu müharibə təhlükəsi sadəcə Əsəd rejiminin Türkiyə ordusuna qarşı etdiyi hücumun və bir neçə türk əsgərinin şəhid olması ilə əlaqəli məsələ deyil. Çünki Əsəd rejimi müstəqil bir siyasət yürüdəcək səviyyədə dövlət hakimiyyəti deyil. Əlbəttə ki, bu gün Əsəd rejimini ayaqda tutan, hakimiyyətdə qalmasına səbəb olan Rusiya amili var. Ona görə də danışıqlar əsasən, Rusiya və Türkiyə arasında gedir. Çünki böyük mənada Suriyada müharibəni bitirən Türkiyə-Rusiya yaxınlaşması oldu. Son hadisələrdə, Türkiyə və Əsəd rejimi arasında olan bu qarşıdurmada Rusiyanın rejimi dəstəkləməsi, Rusiya-Türkiyə münasibətlərinə böyük bir kölgə saldı”.
Natiq Miri hesab edir ki, Türkiyə-Rusiya münasibətləri təkcə Suriya ilə məhdudlaşacaq bir məsələ deyil: “Strateji mənada bu gün Türkiyə-Rusiya yaxınlaşması qlobal səviyyədə Yaxın Şərqdə və bütövlükdə regionda demək olar ki, geosiyasəti müəyyən edir. Birmənalı olaraq Putin hakimiyyətinin Türkiyə ilə münasibətdə çox böyük səhvə yol verdiyini düşünürəm. Əslində, Suriya məsələsində, Türkiyə-Rusiya yaxınlaşması kontekstində, Rusiya Türkiyəni ABŞ-dan və NATO-dan müəyyən məsafədə uzaqlaşdıra bilib. Türkiyə və Rusiya yaxınlaşması qərb dünyasını və Avroatlantik məkanı çox ciddi şəkildə narahat etməyə başlayıb. Bu mənada anidən Rusiyanın Soçi razılığına məhəl qoymayaraq, gərginliyi azaltma bölgəsini bombardman etməsi və mülki əhali ilə bərabər türk əsgərinin də şəhid olması təbii ki, Türkiyəni narazı saldı. Türkiyə də bu yöndə çox adekvat, ciddi hərbi cavablarla öz mövqeyini ortaya qoydu. Türkiyənin raket sistemləri ilə dəstəklədiyi hərbi müxalifətin əməliyyatları nəticəsində, təkcə Əsəd rejiminin əsgərləri deyil, həmçinin Əsəd rejiminə dəstək verən İran terrorçularının və Rusiyanın peşəkar muzdlu "vaqner" qrupunun əsgərləri də məhv edildi. Rusiya niyəsə bu istiqamətdə danışmaq istəmir. Daha sonra təcili olaraq Rusiya əsgərləri həmin bölgədən uzaqlaşdırıldı. Əslində, Türkiyə dövləti Rusiyanın öz dilində, yəni, güc dilində danışmağa başladı”.
Politoloq Türkiyənin hərbi əməliyyatları nəticəsində Rusiyanı masaya oturmağa məcbur etdiyini vurğulayıb: “Bu əməliyyatlardan sonra Rusiya prezidenti Türkiyəli həmkarı ilə telefonda danışmağa razılıq verdi. Daha sonra artıq dördlük çərçivəsində - yəni, Fransa, Almaniya, Rusiya, Türkiyə prezidentlərinin İstanbul şəhərində 5 mart tarixli görüşü planlaşdırılıb. Bu görüşdə Suriyanın İdlib bölgəsində atəşkəsin təmin olunması və milyonlarla insanın köç etməsinin qarşısını almaq kimi məsələlər ciddi müzakirə predmeti olacaq. İkinci bir alternativ bölgədə böyük bir müharibənin başlaması olar. Ancaq fikir verin. Türkiyə ordusu təkcə İdlib bölgəsində deyil, Suriyanın bütün bölgələrində Əsəd ordusunu vurmağa davam edirdi. Hətta Suriya ordusunun nəzarətində olan Hələb və paytaxt Dəməşq şəhəri də Türkiyə ordusunun nəzarətinə keçə bilərdi. Bu isə Rusiyanın Suriyadakı hərbi nailiyyətlərinin üzərindən birdəfəlik xətt çəkmək deməkdir. Türkiyənin sərhədlərinin yaxınlığında nəinki Rusiya, hətta ABŞ-ın ordusu belə Türkiyənin qarşısına çıxmaq qüdrətində deyil”.
Natiq Miri qeyd edib ki, Rusiya razılaşmaqdan başqa bir alternativinin olmadığını gec anladı: “Rusiya bu məsələdə Türkiyənin siyasi iradəsini test etmək istədi. Ancaq bu yöndə Türkiyə prezidenti Ərdoğanın xəbərdalığı var idi. O, məsələ ilə bağlı verdiyi açıqlamada bildirmişdi ki, Türkiyə dövlətinin siyasi iradəsini test etməyin. Türkiyə istənilən müstəqil siyasi iradəni ortaya qoya bilir və öz təhlükəsizliyini heç bir dünya maraqlarına qurban verəcək deyil. Zənnimcə, Türkiyə-Rusiya və Astana çərçivəsindəki görüşdən sonra Rusiya yenidən Soçi razılığına riayət etmək məcburiyyətində qalacaq”.
Politoloq Türkiyə və Rusiya arasındakı münasibətlərin dərin köklərindən danışaraq, müharibə ehtimalının sıfıra bərabər olduğunu deyib: “Türkiyə-Rusiya münasibətləri həm geosiyasi, həm hərbi, həm də iqtisadi yöndə konkret razılıqlara söykənir. Bundan əlavə, Avropaya Türkiyədən, Qara dənizin altından gedəcək yeni iki qaz layihəsi var. Bu qaz layihəsi yaxın zamanda tamamilə dövriyyəyə girəcək. Türkiyənin Rusiyanın yardımı ilə atom elektrik stansiyasının inşası məsələsi ortada var. Ona görə də Suriyada böyük bir müharibə ortaya çıxarsa, bütün bu münasibətlər sisteminin üzərindən xətt çəkilmiş olacaq. Nəticə etibarilə bu da Rusiyanın qətiyyən geosiyasi maraqlarına xidmət etmir. Bundan əlavə, Türkiyə NATO-nun ən əhəmiyyətli ikinci bir ölkəsidir. Rusiya Türkiyəni öz yanına almaqla dolayısı ilə NATO-nun gələcək perpektivdə parçalanması üçün bir şərait yaratmışdı. Bu baxımdan Rusiya üçün Türkiyə ilə münasibətlərin pozulması arzuolunan hal deyil. Açıq hiss olunur ki, bu gün Kremldə Putinin maraqlarından kənarda ikinci güclü bir şəbəkə var. Bu şəbəkə İsrail dövlətinin maraqları çərçivəsində Rusiya-Türkiyə münasibətlərinin pozulmasını istəyir. Putin artıq bu məsələlərin fərqinə varıb. Zənnimcə, bu gün Türkiyə-Rusiya və ya Türkiyə-Əsəd rejimi arasında yeni bir müharibənin çıxma ehtimalı yoxdur. Belə bir müharibə olarsa, itirən ən böyük dövlət Rusiya olar”.