NİDA-çının şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə NİDA Hərəkatının fəalı Ülvü Həsənlinin qanunsuz həbs edilməsi və ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalması barədə şikayətinə baxılıb.
 
Noyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi fiziki zor tətbiq edilməklə məcburi hərbi xidmətə aparılmış Ü. Həsənlinin şikayətini təmin etməyib. Bunu vəkil Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, apellyasiya şikayəti Ü.Həsənlinin məcburi hərbi xidmətə aparılması ilə bağlı Bakı Hərbi Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli qərarından verilib.
Şikayətin mahiyyəti budur ki, Bakı Hərbi Məhkəməsi noyabrın 3-də Ü.Həsənlinin qanunsuz həbs edilməsi, qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalmasını araşdırmalı idi.
"Hərbi məhkəmə əvvəlcə Ülvi Həsənlinin məhkəməyə gətirilməsi üçün məktub göndərdiyini bildirsə də sonradan onun iştirakını təmin etməyib.
Ü. Həsənli isə yoldan yenidən hərbi hissəyə qaytarılıb", - vəkil E.Sadıqov deyib.
Bu gün vəkil Apellyasiya Məhkəməsində 8 vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib və Bakı Hərbi Məhkəməsinin 3 noyabr tarixli qərarını qüvvədə saxlayıb.
Vəkil baş vermiş bu qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəyini bildirib.
Xatırladaq ki, Ü.Həsənlinin sağlamlıq problemilə bağlı orduda xidmətdən möhlət hüququ olub. Amma oktyabrın 27-də gənc fəal, NİDA Hərəkatının İdarə Heyətinin üzvü Ü. Həsənli hərbi xidmətə aparılıb.
Ü.Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verilib, oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər, oktyabrın 25-də keçirilən əlavə müayinələr zamanı isə böyrəyinin sağlam olduğu bildirilib, oktyabrın 26-da növbəti müayinə zamanı xəstəxanada Ü.Həsənlini hərbi polis saxlayıb, hərbi komissarlığa aparılıb,oradan isə hərbi hissələrdən birinə göndərilib.