NİDA-çı və atasının cinayət işi məhkəmə baxışına verilib

Noyabrın 7-də Bakının Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrhimov və onun atası Həsən İbrahimovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
 
Məhkəmə baxışı noyabrın 16-na saat 15.30-a təyin edilib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək, hər biri 10 il azadlıqdan məhrum edilib.
Bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsi Qiyas İbrahimivun şikayətini təmin etməyib.
Məhkəmə zalında insident baş verib. Belə ki, şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edib. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranıb və oturduğu skamyada qan izləri görünüb.
Buna fəalın məhkəmə zalında olan atası Həsən İbrahimov dözməyib və hakimlərə etiraz edərək “allahınız olsun”, “balalarınızın qarşısına çıxacaq” kimi ifadələr işlədib.
Qiyas İbrahimov isə hakimlərə etiraz olaraq “mantiya geyinmiş marionetlər” deyə müraciət edib.
Bunu hakim heyəti “məhkəməyə hörmətsizlik, şərəf və layaqətin alçaldılması” kimi qəbul edərək ata və oğuldan şikayət edib. Beləliklə Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb.
"Amnesty International" təşkilatı Qiyas İbrahimovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu gün vəkil Elçin Sadıqov Qiyas İbrahimov və atası Həsən İbrahimova qarşı qaldırılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət qaldırıb. O, Bakı Apellyasiya Məhkəməsində də 23 vəsatət vermişdi.
“Mən Bakı Apellyasiya Məhkəməsində də 23 vəsatət verdim. Bütün vəsatətlərim rədd edildi. Bu halda Qiyas İbrahimovun və atasının etirazı məhkəməyə hörmətsizlik sayıla bilməz. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (Fikri ifadə etmək azadlığı), Azərbaycan Ali Məhkəməsinin Plenumlarının qərarlarına ziddir. Bu səbəbdən cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir”, vəkil qeyd edib.
Bununla yanaşı, Sadıqov Azərbaycan məhkəmələrinin qərarları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “ədalətsiz məhkəmə araşdırması” barədə qərarlarına, ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatlarına, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının bəyanatlarına istinad edib.
Dövlət ittihamçısı Vüsal Abdullayev vəsatətləri müdafiə etməyib.
Hakim də vəsatəti təmin etməyib.