“The New York Times” qəzetinin Trampı ifşa edən “bomba” məqaləsi

“The New York Times” qəzeti ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trampın 1995-ci ildə doldurduğu vergi bəyannaməsi ilə bağlı maraqlı sənəd əldə edib. Məlum olub ki, Tramp 1995-ci ildə federal gəlir vergisi ilə bağlı bəyannaməsində 900 milyon dollar həcmində itki verdiyini göstərib. Bununla da o, növbəti 18 il ərzində ödədiyi vergilərlə bağlı ciddi güzəştlər əldə edib.
Qəzet yazır ki, bu vergi güzəştlərinə əsas verən itkilər Atlantik Siti şəhərindəki üç kazinonun idarəçiliyindəki səhvlər, Trampın hava daşımaları biznesinə başlamaq cəhdinin uğursuzluğu və onun Manhettendəki «Plaza» otelini satın almasından qaynaqlanıb.
Trampın seçki kampaniyasının təşkilatçıları bildiriblər ki, “The New York Times” bu sənədləri qeyri-qanuni əldə edib. Ancaq onlar sənədlərdəki məlumatları danmayıblar. Amerika qanunvericiliyi prezidentliyə namizədlərin vergi bəyannamələrini ictimaiyyətə açıqlamasını tələb etmir.Ancaq 1972-ci ildən bəri bütün namizədlər bunu ediblər. Tramp isə öz vergi hesabatlarının dərcindən imtina edib.
Prezidentliyə namizədlərin ilk teledebatı zamanı Demokratlar Partiyasının namizədi Hillari Klinton bildirmişdi ki, Trampın öz vergi tarixçəsiniaçıqlamaq istəməməsinin arxasında “dəhşətli şeylər” gizlənə bilər.
Klinton Trampı federal gəlir vergisini ödəməməkdə ittiham edəndə, respublikaçıların namizədi belə demişdi: “Bu, mənim daha ağıllı olmağımı göstərir”.
Hillari Klintonun seçki kampaniyasının meneceri Robbi Mook “The New York Times”da çıxan məqaləni “bomba” adlandırıb. O bildirib ki, məqalədə yazılanlar respublikaçı namizədin biznesdəki nəhəng uğursuzluqlarına dəlalət edir. Mook əlavə edib ki, bundan sonra “Trump özünün nə dərəcədə “ağıllı” olduğunu göstərməkdən ötrü öz vergi sənədlərini mütləq dərc etməlidir”.
Trampın seçki qərargahı “The New York Times” qəzetini ittiham edərək bildirib ki, məqalə “Klintonun seçki kampaniyasının davamıdır”. (“Azadlıq” radiosunun xülasəsi)