Netanyahu Qüdsdə 12-ci dəfə dindirildi

Baxış sayı:
10888

Bu gün İsrail polisi korrupsiya, fırıldaqçılıq və səlahiyyətlərdən sui-istifadədə ittiham olunan baş nazir Benyamin Netanyahunu yenidən (artıq 12-ci dəfədir) dindirərək ifadəsini alıb.
Muxalifet.az “Associated Press”ə istinadən xəbər verir ki, İsrail baş nazirinin Qüdsdəki iqamətgahına gələn müstəntiqlər Netanyahuya onun və ailə üzvlərinin milyarderlərdən aldığı bahalı hədiyyələr, həmçinin, yaxın ətrafının İsraildəki ən böyük “Bezek” telekommunikasiya şirkətinin rəhbərliyilə korrupsiya münasibətlərinə dair suallar verilib. Lakin baş nazir həmişə olduğu kimi, yenə də ittihamları rədd edib. 
Bugünkü ddindirilmə zamanı Netanyahunun iqamətgahı önündə əllərində “cinayətlər naziri” yazılan plakatlar tutan etirazçılar toplaşıb və baş nazirin istefasını, həmçinin, onun mühakimə olunmasını tələb ediblər. 
İstintaqçılar sübut etməyə çalışırlar ki, Netanyahu administrasiyasının məmurları “Bezek” telekommunikasiya şirkətinin maraqlarını təmin və təşviq ediblər. Bunun əvəzində isə şirkət “Walla” nüfuzlu xəbər portalında İsrail hökumətinin fəaliyyətinin müsbət təbliğatı ilə məşğul olub. Polis əldə etdiyi materialları İsrail baş prokurorluğuna təqdim edərək, Netanyahuya qarşı korrupsiya və fırıldaqçılıq, etibardan sui-istifadə üzrə ittiham irəli sürülməsini təklif edib. 
Netanyahu və onun ailə üzvləri biznesmenlərdən böyük məbləğdə rüşvət almaqda da ittiham olunur. Lakin iddiaları rədd edən Netanyahu ölkədəki bəzi media qurumlarını hökuməti gözdən salmağa çalışmaqda günahlandırır.
Qeyd edək ki, 2017-ci ildə Netanyahunun sağ əli olan David Bitan korrupsiya araşdırmaları səbəbindən istefa verməyə məcbur olmuşdu.