Nemstov nə üçün öldürüldü? - TƏHLİL

Rusiyada Boris Nemtsovu qətlə yetirənlər həbs olunsa da, “sifarişçi kim idi” sualı açıq qalıb. Rusiyada liberal dairələr və beynəlxalq aləm Nemtsovun Fransanın “Şarli Ebdo” dərgisini müdafiə etdiyinə görə qətlə yetirildiyinə inanmırlar. Çünki Nemstov heç zaman islamofob olmayıb, müsəlmanları təhqir etməyib.

Bu haqda məlumat “Atlas” Araşdırmalar Mərkəzinin analizində yer alıb.

Mərkəzin apardığı analizdə bir çox önəmli və üstüörtülü məqamlara aydınlıq gətirilib.

Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə onu tənqid edənlərin qətllərində sifarişçilər adətən müəyyənləşmir. Aydındır ki, Nemtsovun qətlində Putinin marağı olmayıb. Ancaq məsələ burasındadır ki, qatillər hər zaman məhz Putinin rəqiblərini hədəf alırlar. Nemtsovu qətlə yetirən Çeçenistan Prezidenti Ramzan Kadırovun tanıdığı və vaxtilə onun dəstəsində xidmət edən şəxsdir. Belə vəziyyətdə Kadırovla bağlı araşdırma başlamalı idi. Putin isə əksinə, Kadırova “xidmətlərinə” görə “Şöhrət ordeni” verdi.

Rusiyadakı hazırkı siyasi atmosfer hakimiyyətin rəqibləri üçün təhlükəli vəziyyət yaradır. Fevralın 21-də Moskvada keçirilən “anti-maydan” mitinqinin əsas təşkilatçıları kazaklar idi. Kazaklar son zamanlar Rusiyanın müxtəlif şəhərlərində təşkilatlar yaradırlar. Putin kazakların polis funksiyaları həyata keçirməsinə şərait yaradıb. Bundan ruhlanan kazaklar liberal qüvvələrə qarşı sərtləşirlər. Moskvada Ukrayna səfirliyi qarşısında liberal gəncləri dağıdan da məhz kazaklar idi. Rusiyadan Ukraynanın Luqansk şəhərində separatçılara qoşulan silahlı kazakların sayı da az deyil. Kadırovu dəstəkləyən çeçenlər də kazaklarla birgə Ukraynanın şərqinə yollanırlar.

Putin bu cür qrupların Ukraynaya keçməsinə şərait yaratmaqla gələcəkdə Rusiya üçün də problemlər yaradır. Həmin qruplar Ukraynada olduğu kimi Rusiya daxilində də rəqibləri neytrallaşdırmaqda özlərini sərbəst hiss edirlər. Nemstov məhz bu “sərbəstliyin” qurbanı oldu.

Xarici ölkələrdə yaşayan Putin tənqidçiləri də özlərini rahat hiss etmirlər. Məsələn, çeçen mücahidlərinin liderlərindən biri Zəlimxan Yandarbiyev Qətərdə siyasi sığınacaq almışdı. Qətər polisi Yandarbiyevi qətl edənləri dərhal həbs etdi, onlar Rusiya Federal Kəşfiyyat Xidmətinə bağlı şəxslər idi. Daha sonra Kreml Qətərlə sövdələşməyə getdi və qatilləri Rusiyaya geri qaytardı. Və ya bir neçə il öncə Putinin əsas tənqidçilərindən biri Litvinenko Londonda müəmmalı şəkildə zəhərlənərək qətlə yetirildi. Qatillərin izi Moskvaya gəlib çıxırdı. London nə qədər tələb etsə də, Moskva şübhəliləri Böyük Britaniya məhkəməsinə təslim etmədi.

Boris Nemtsovun qətlindən dərhal sonra Tacikistan müxalifətinin əsas simalarından biri İstanbulda öldürüldü. Tacisik liderin qətlini sifariş verənlər Boris Nemtsovun qətlindən ilham alanlardı. Rusiya müxalifətinin liderlərindən birini öldürmək mümkündürsə, Tacikistan müxalifətinin liderinin qətli də çətin deyil.

Qətllərin sifarişçiləri daxildə olduğu kimi xaricdə də olur. Hər hansı dövlət qonşusunun siyasətindən narazıdırsa, siyasi qətllərdən öz məqsədləri üçün istifadə edir. Ukraynanın Xarkov və Odessa şəhərlərində son terror aktlarının arxasında xarici iz axtarmaq mümkündür. Məqsəd Ukrayna hakimiyyətini daha çox zəiflətmək və qeyri-sabitliyi genişləndirməkdir.

Bir neçə il əvvəl Bakıda partlayış törətmək istəyən dəstə ələ keçirildi. Qərb ölkələrinin, o cümlədən İsrailin Bakıdakı səfirliyinə qarşı terror aksiyasi törətmək istəyən şəxslərin pul və silahla İrandan təhciz olunduğu bildirildi.

İndi vəziyyət bir qədər dəyişib. Əgər keçmiş illərdə Bakıda terror həyata keçirmək istəyən qrupların radikal şiələr olduğu, tapşırığı isə İran və “Hizbullah” təşkilatından aldıqları deyilirdisə, indi əskinə, radikal sələfi qruplar fəallaşıblar. Suriya və İraqda savaş təcrübəsi qazanan azərbaycanlılar Azərbaycanın müxtəlif bölgələrində terror aksiyaları həyata keçirmək istəyirlər.

Rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürüdür, heç bir qonşusu ilə münasibətlərdə problemlər yaşamaq istəmir. Ancaq Azərbaycan bölgənin əsas enerji ölkəsidir və rəsmi Bakı yaxın gələcəkdə qazını Avropaya çatdıracaq. Bu həm bəzi qonşu dövlətlərin, həm də radikal sələfilərin xoşuna gəlmir. Bu qüvvələr rəsmi Bakıya mane olmaq üçün istənilən vasitələrdən istifadə edə bilərlər. Ona görə də rəsmi Bakı Azərbaycanda sabitlikdə maraqlı olan ölkələrlə - Türkiyə, ABŞ, Avropa Birliyi ilə əməkdaşlığını genişləndirməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sonuncu dəfə Türkiyədə səfərdə olarkən Prezident Rəcəb Təyyub Ərdoğanla terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat  bölüşdürülməsinin artırılmasına dair əməkdaşlıq protokolu imzalamışdı. Eyni protokolların Qərb ölkələri ilə imzalanmasına da ehtiyac var.