NEFTİN QİYMƏTİ SÜRƏTLƏ DÜŞÜR - Artıq OPEC+ razılaşması mövcud deyil...

Baxış sayı:
2524

Vyanada neft hasil edən ölkələrin OPEC+ formatında , nazirlər səviyyəsində keçirilən növbəti toplantısında heç bir razılaşma əldə olunmayıb. 

Virtualaz.org xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu toplantıda iştirakçılar nəinki dünyanı bürümüş koronavirus epidemiyasına grə hasilatın daha da azaldılmasını razılaşdıra bilməyiblər. Üstəlik hasilatın gündə 1.5 milyon barrel azaldılmasına dair 2017-ci ildə əldə edilmiş razılaşmanın da müddətini uzatmayıblar.

OPEC+ toplantısı dünəndən bəri davam edirdi və gərgin danışıqların gedişində Səudiyyə Ərəbistanı hasilatın koronavirusa görə daha 1.5 milyon barrel azaldılmasını, razılaşma əldə olunacaqsa onun bütün il əzində qüvvədə qalmasını təklif etmişdi. Lakin Rusiya hasilatın ancaq indiki səviyyədə, özü də bu ilin birinci kvartalı ərzində azaldılması şərtini irəli sürdü. Yəni Rusiyanın mövqeyinə əsasən artıq aprel ayından hasilatın azaldılması razılaşması qüvvəsini itirməli idi.

Martın 6-da nazirlər bütün gün ərzində gərgin danışıqlar aparıblar və bu danışıqlar iflasla nəticələnib. Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, OPEC+ ölkələri nə hasilatın əlavə olaraq azaldılması, nə indiki həcmdə ixtisarına dair anlaşmanın uzadılması barədə razılığa gəlməyiblər.

Novak deyib ki, indi Rusiyada neft hasilatının həcmi şirkətlərin cari plarından asılı olacaq.

“Hər şey bitdi, daha OPEC+ razılaşması mövcud deyil”,-bunu da toplantıdakı digər mənbə deyib. Danışıqların iflasa uğraması barədə xəbərlər fonunda neft kəskin ucuzlaşmaqdadır və hazırda “Brent” neftinin bir barreli 45 dollara enib.