​"Neftçi"də biabırçı məğlubiyyət dəyərləndirildi - MÜKAFAT VƏ BONUSLAR LƏĞV EDİLDİ

Ötən gün baş tutmuş "Neftçi” – "Qəbələ” matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Hurriyyet.org-un məlumatına əsasən, klubun rəsmi internet səhifəsində bildirilir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub.
Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri, eyni zamanda klubun yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib, bu transferlərin reallaşdırılmasında rolu olan şəxslərin ciddi şəkildə cəzalandırılması və tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb.
Digər qərara görə, "Neftçi”nin hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Həmçinin əsas komandanın məşqçi heyəti və klubun inzibati heyətinin dəyişdirilməsi qərara alınıb.
"Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək. "Neftçi” PFK olaraq azarkeşlərimizi və klubumuzu sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq", - deyə məlumatda bildirilir.

* * *11:51

Xəbər verdiyimiz kimi, şənbə günü Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ" Bakıda "Neftçi"ni 8:0 hesabı ilə biabırçı məğlubiyyətə uğradıb. Vaxtilə Azərbaycan futbolunun flaqmanı olmuş komanda artıq neçə ildir böyük qələbənin nə olduğunu bilmir.
Dünən isə baş məşqçisi Vəli Qasımov xəstəxanaya düşən "Neftçi", 1992-ci ildən çıxış etdiyi Azərbaycan çempionatları tarixində ən böyük məğlubiyyətini yaşadı.
"Qəbələ" ilə matçın gedişində izdiham komandanın məşqçilərinin və klub rəhbərliyinin istefasını tələb edib. Xatırladaq ki, "Neftçi" nin Müşahidə Şurasının rəhbəri məşhur yazıçı Çingiz Abdullayevdir. Onun rəhbərliyi altında klub yarım il ərzində demək olar, heç nəyə nail olmayıb. Keçən mövsümü komanda özünə yaraşmayan 6-cı yerdə başa vurdu. Düzdür, "Zirə" və "İnter" Avropa kubokları oyunlarına buraxılmadıqları üçün “Neftçi” orada oynamaq şansı qazandı, amma çıxışı yenə də uğursuz oldu.
Dünənki məğlubiyyətdən sonra Ç. Abdullayev söz verdi ki, dəyişikliklər olacaq, ancaq bu barədə qərar bayramdan sonra elan ediləcək.
Həmin qərarlar nədən ibarət olacaq? Xəstə baş məşqçi Vəli Qasımovu azad edəcəklərmi? Müşahidə Şurasının tərkibi, necə deyərlər, silkələnəcəkmi? Bəlkə Çingiz Abdullayevin özünə təklif edəcəklər ki, bu qədər biabırçılıqdan sonra çıxıb getsin?